Azərbaycanın tranzit qovşağına çevrilmək planları uğurla reallaşacaq, əgər... - TƏHLİL

13-05-2020, 08:30           
Azərbaycanın tranzit qovşağına çevrilmək planları uğurla reallaşacaq, əgər... - TƏHLİL
Koronavirus pandemiyası Çin iqtisadiyyatına ciddi zərər vurub. Son otuz ildə ilk dəfə bu ilin birinci rübündə Çində iqtisadi azalma qeydə alınıb. Hökumətin iqtisadiyyatı dəstəkləməyə yönəlik tədbirləri trilyonlarla dollar vəsait tələb edir. Belə şəraitdə Çinin böhrandan əvvəlki ixrac həcmlərini yaxınmüddətli dövrdə bərpa etməsi real görünmür. Üstəlik, dünyanın müxtəlif ölkələrində Çinə qarşı koronavirusla bağlı real informasiyaları gizlətməsi iddiası ilə hüquqi işlətmələr başladılıb. Xüsusilə ABŞ-da başladılan məhkəmə iddialarının Çinin beynəlxalq imicinə ciddi zərər vuracağı gözlənilir.

Çinin iqtisadi cəhətdən zəifləməsi onun həyata keçirdiyi böyük layihələrin, o cümlədən “Bir kəmər, Bir yol” layihəsinin taleyi ilə bağlı narahatlıqları artırır. Mərkəzi Asiya, Avropa və Afrikanın 60-dan çox ölkəsinin qatıldığı bu layihə qədim “İpək Yolu”nun həm də texnologiya ixracı yoluna çevrilməklə bərpasını nəzərdə tutur. İndiyədək Çin bu layihə çərçivəsində müxtəlif ölkələrdə həyata keçirilən infrastruktur layihələrinə 40 milyard dollardan yuxarı sərmayə yatırıb.

Müasir Çin və Dünya Araşdırmaları Akademiyasının baş elmi işçisi Van Qanyi hesab edir ki, koronavirus pandemiyası uzunmüddətli perspektivdə “Bir kəmər, bir yol” layihəsi çərçivəsində layihələrin icrasına mənfi təsir göstərə bilər. Bu barədə o, “Valday” disskusiya klubunun “Koronavirusun iqtisadi nəticələri: ”Bir kəmər, bir yol" təşəbbüsü yeni dünya şərtlərində" adlı videokonfransdakı çıxışında qeyd edib. Onun sözlərinə görə, eyni zamanda pandemiya elmi və texnoloji sahədə əməkdaşlığa impuls verəcək: “Müxtəlif məhdudlaşdırıcı tədbirlər üzündən hazırda insanların və yüklərin hərəkəti həqiqətən çətinləşib, yaxud tamamilə dayanıb. Ticarət müvəqqəti olaraq dayanıb, çoxsaylı layihələr dayanıb. Uzunmüddətli perspektivdə bu, istehsal zəncirinin maliyyələşməsinə, çatdırılma zəncirinə, logistika zəncirinə və beləliklə də, təşəbbüs çərçivəsində layihələrə mənfi təsir göstərə bilər”.

Ekspert qeyd edib ki, koronavirus artıq təşəbbüsə qoşulan ölkələrin iqtisadiyyatına ciddi təsir göstərib. Bununla yanaşı, Van Qanyi bildirir ki, COVID-19 həm də təşəbbüsün inkişafı üçün də impuls verib. Onun fikrincə, təşəbbüsə qoşulan ölkələr koronavirusun yeni dalğasının başlanması ehtimalı üzrə təcrübə mübadiləsi aparmalı, səhiyyə və elmi araşdırmalar sahəsində əməkdaşlığı inkişaf etdirməli, elektron kommersiyanı gücləndirməlidilər.

ABŞ dövlət katibinin Şərqi Asiya üzrə sabiq köməkçisi Daniel Rassel isə “South China Morning Post” qəzetinə bildirib ki, pandemiya təşəbbüsə dağıdıcı zərbə vurmayacaq, lakin icraçı ölkələri məcbur edəcək ki, nəhəng şimal qonşudan borc almaq və onunla inteqrasiyanın yaratdığı riskləri yenidən qiymətləndirsinlər: “Dünya bəlkə də hələ hər şeyin necə kəskin dəyişdiyinin fərqində deyil. Təhlükəli virus birdən-birə Çin ixracının ən nüfuzlu predmetinə çevrilib. Çinin ”Bir kəmər, bir yol" çərçivəsində tərəfdaşlarını dəzgah və avadanlıqlarla təchiz edən sənaye mərkəzi Uhan isə böhranın episentridir.

Çin hakimiyyəti özü də anlayır ki, pandemiya xarici sazişlərin icrasını ciddi şəkildə çətinləşdirir. Çin İnkişaf Bankı bəyan edib ki, layihədə iştirak edən şirkətlərə aşağı faizlə borc verəcək. Lakin bu vəsaitlər əsasən Çin firmalarına veriləcək. Buna görə də Nigeriyada dəmiryolunun tikintisi dayandırılıb. İndoneziyada isə Cakarta-Bandunq yüksəksürətli dəmiryol xəttinin ləngidiyi açıqlanıb. İndoneziyada çinlilər əleyhinə rəy getdikcə kəskinləşir. Əhalidə bu fikir var ki, koronavirusu Çin müsəlmanları məhv etmək üçün yaradıb".

Keçmiş amerikalı diplomat hesab edir ki, pandemiya başa çatandan hansısa müddət sonra çatdırılma zənciri bərpa olunacaq. Lakin buna baxmayaraq, “Bir kəmər, bir yol”un icrası əvvəlki kimi sürətlə getməyəcək.

“Heritage Foundation”un hesablamalarına görə, hələ 2019-cu ildə Çinin xarici yatırımları 41 faiz azalmışdı. Ölkədəki indiki resessiya şəraitində isə dövlət şirkətləri riskli xarici layihələri satmağa çalışacaqlar. Belə ki, Çində təşəbbüs çərçivəsində həyata keçirilən layihələr müxtəlif mənbələrdən maliyyələşdirilir. Çinə strateji üstünlük qazandırmağa hesablanmış layihələr çoxdur və ölkədəki kəskin iqtisadi daralma şəraitində Pekin onları maliyyələşdirməkdə ciddi çətinliklərlə üzləşəcək. Lakin bəzi layihələr var ki, ixracın genişlənməsinə yönəlib və Çin hökuməti, həmçinin özəl sektor onları maliyyələşdirməyə davam edəcəklər. Xüsusilə neft, qaz, metal, kənd təsərrüfatı məhsulları istehsalı məqsədli layihələr dəstəklənəcək. Eyni zamanda Çinin sənaye məhsullarına xaricdə tələbatı artıran layihələr də davam edəcək. Lakin dəmiryol xətlərinin, limanların, terminalların tikintisi kimi çox bahalı layihələrin böyük əksəriyyətində ləngimələr labüddür.

Dünyanın ən böyük ixracatçısı olan Çinin iqtisadiyyatındakı geriləmə bu ölkədən Avropaya daşınacaq yüklərin həcminə təsirsiz ötüşməyəcək. Bu isə Azərbaycanın Çindən Avropaya və əksinə daşınacaq yüklərin tranzit qovşağına çevrilmək planlarına təsirini göstərəcək. İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, pandemiya bütövlükdə dünya iqtisadiyyatı üçün yeni çağırışlar formalaşdırıb: “Böyük ehtimalla, pandemiyadan sonra dünyada yeni düzənləmələr, iqtisadi münasibətlərdə yeni şərtlər əksini tapacaq. Pandemiyanın təsiri Çin iqtisadiyyatının ixrac qabiliyyətinin azalması deyil, müəyyən dövr üçün artmasına gətirib çıxaracaq. Qlobal böhran bütün dünyada maya dəyəri yüksək olan - bahalı məhsullara tələbatı aşağı salacaq, Çində istehsal olunan ucuz məhsullara isə tələbi artıracaq. Maya dəyərinin aşağı olması nəticəsində müəyyən sənaye sahələrinin də Çinə köçməsi gözləniləndir. Amma ümumilikdə dünyada əhalinin alıcılıq qabiliyyətinin azalması nəticəsində Çindən məhsul ixracının səviyyəsi də aşağı düşəcək. Proqnozlara görə, 2020-ci il ərzində Çinin ixracı 15-22 faiz azala bilər. Bəzi hesablamalara görə, Avropaya ixracın 30 faizədək azalması mümkündür. Bu isə dolayısı ilə Azərbaycan üzərindən daşımaların həcmində azalmaya səbəb ola bilər. Baxmayaraq ki, bu ilin birinci rübündə tranzit daşımalarda artım qeydə alınıb, ikinci və üçüncü rüblərdə azalma qeydə alına bilər. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanın tranzit gəlirləri elə böyük həcmdə deyil”.

Orta və uzunmüddətli dövrə gəlincə, ekspertin fikrincə, 2021-ci ilin əvvəlindən etibarən vəziyyət düzəlməyə başlayacaq: “Orta və uzunmüddətli dövrdə Azərbaycanın tranzit gəlirlərindəki azalma aradan qalxacaq. Əgər aşağı qiymətli məhsullara dünya bazarında tələbat artarsa, bu, Azərbaycan üzərindən daşımalara da pozitiv təsir göstərə bilər. Çinin ”Bir kəmər, bir yol" layihəsinin icrasına gəlincə, təbii ki, layihə çərçivəsində investisiyaların azalması gözlənilir. Amma 2021-2022-ci illərdən etibarən layihə üzrə fəaliyyətlərin yenidən canlanması daha gözləniləndir. Bu baxımdan, Azərbaycanın tranzit qovşağına çevrilmək istiqamətli orta və uzunmüddətli planlarının icrasında problem olmayacaq. Burada Azərbaycanın üzərinə düşən işlər də var. Sürətli daşımaların təmin olunması üçün prosedurların asanlaşdırılması, tariflərin beynəlxalq səviyyəyə uyğunlaşdırılması və sair. Bizdə olan məlumata görə, bu istiqamətdə də işlər aparılır. Xüsusilə tranzit xərclərinin aşağı salınması yönündə müzakirələr gedir. Ümid edirəm ki, hökumət xüsusilə postpandemiya dövründə tranzit gəlirlərinin artırılması üçün zəruri olan bütün addımları vaxtında atacaq".
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.