"Eldar Mahmudovla iqtidarı çökdürə bilmədilər, amma manatın devalvasiyası..."

31-12-2015, 16:29           
"Eldar Mahmudovla iqtidarı çökdürə bilmədilər, amma manatın devalvasiyası..."
"2015-ci il Azərbaycan üçün itirilmiş il oldu. Azərbaycanın müstəqillik tarixində ilk dəfədir ki, milli valyuta bir il ərzində qeyri-qanuni olaraq ucuzlaşdırılır".


Bunu Moderator.az-a açıqlamasında siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib.

Cümşüd Nuriyev deyib ki, ikinci devalvasiya heç bir iqtisadi məntiqə sığmır: "Bunun sırf siyasi əsası var. Siyasi əsası ondan ibarətdir ki, ABŞ və Qərb uzun müddət müxalifətin, beşinci kolonun əli ilə Azərbaycan iqtidarına heç bir təzyiq göstərə bilmədi. Ona görə də yeni metoda əl ataraq hakimiyyəti dağıtmaq üçün iqtidar daxilində yeni qüvvələr tapdı. Və çox təəssüf ki, ABŞ bunu çox uğurla həyata keçirdi. Azərbaycan iqtidarının xalq içərisində kifayət qədər hörməti var idi. Amma bunun üzərinə kölgə salmağa nail oldular. Azərbaycanı qeyri-qanuni devalvasiyaya aparmaqla Azərbaycan xalqını iqtidardan narazı saldılar. Azərbaycan müxalifətinin 22 il çalışdığı, amma edə bilmədiyi Azərbaycanın iki dövlət məmuru elədi. Daha doğrusu burda 3 tərəfin günahı var. Birinci günah Maliyyə Nazirliyinindir, ikinci günah Milli Məclisindir, üçüncü günah isə Mərkəzi Bankın. Tutaq ki, Maliyyə Nazirliyi bu iddianı irəli sürmüşdü, bəs hökümət hara baxırdı? Bu məsələdə Milli Məclisin iqtisadi siyasət komitəsi, onun üzvləri birbaşa məsuliyyət daşıyırlar. Birinci devalvasiyanı başa düşmək olardı, ancaq ikinci devalvasiyanın heç bir əsası yoxdur. Bu, Azərbaycan iqtidarını çökdürmək üçün ABŞ-ın hazırladığı iqtisadi təxribat planıdır. Çox təəssüf ki, Azərbaycan xalqı bu cəzaya layiq olmaya-olmaya dövlət məmurlarının əli bu cəzaya məruz qaldı. Bunun axırı çox pis qurtaracaq. Bunu görmək lazımdır".

Cümşüd Nuriyev bildirib ki, ölkələrin resursları üzü yaza doğru tükənir: "Bizdə də vəziyyət yaza doğru daha da pisləşəcək. Və belə şəraitdən çıxış üçün hansısa addımlar atılmayıb: əməkhaqqı artırılmayıb, gəlirlər isə ümumilikdə 85 faiz aşağı salınıb, eyni zamanda qiymətlər qalxıb. Bunun yerini xalq nə ilə dolduracaq? Manatın devalvasiyası siyasəti Eldar Mahmudovun iqtidara qarşı siyasətinə bərabərdir. Eldar Mahmudovla iqtidarı çökdürə bilmədilər, amma bu yolla çökdürmək niyyətindədirlər. Nədənsə iqtidar bunu görmək istəmir. Manatın devalvasiyasında günahı olanlarla qarşı cinayət işi qaldırılmalıdır. Çünki bu şəxslər dövlətə xəyanət ediblər. Onlar oturduqları budağı kəsdilər. Budaq artıq qırılmaq üzrədir".

Politoloq deyib ki, 2015-ci ildə Azərbaycan Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi irəliləyiş əldə edə bilməyib:
"Azərbaycan ildə əvvəlki illərdə əldə etdiyi nailiyyətləri bir-bir itirməyə başlayıb. 2016-cı il Azərbaycan üçün çox çətin il olacaq. Əgər fikirləşirlərsə köhnədən qalma hökumətlə, parlamentlə nəsə edəcəklər, yanılırlar".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.