ABŞ-Azərbaycan münasibətləri və yalan gərginlik xəbərləri

22-05-2020, 09:04           
ABŞ-Azərbaycan münasibətləri və yalan gərginlik xəbərləri
“Chevron” şirkətindən sonra ABŞ-ın daha bir neft-qaz nəhəngi “ExxonMobil” Azərbaycandakı layihələrdən çıxır. Şirkət Azərbaycandakı aktivlərinin (“Azəri-Çıraq-Günəşli” (AÇG yataqlar bloku və Bakı-Tiflis-Ceyhan (BTC) neft boru kəməri) satış prosesini bərpa edib. Bununla bağlı şirkət bazarda marağın öyrənilməsi prosesinə başlayıb.

“ExxonMobil”in sözçüsü Culiya Kinqin “Reuters”ə dediyinə görə, şirkət istehsal portfelini davamlı olaraq dəyərləndirir və “əgər digər şirkətlər bu aktivlərdə daha çox dəyər tapsalar, aktivlər satılacaq”. Şirkətin aktivlərinin satış prosesi “America Merrill Lynch” bankı tərəfindən idarə olunur. Bazarda olan mənbələrin sözlərinə görə, bir sıra Asiya milli neft şirkətləri maraq göstərib. Qeyd edək ki, “ExxonMobil” Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çiraq-Günəşli” neft-qaz yataqları blokunda 6,79 faizlik, “BTC Co.”da isə 2,5 faizlik paya malikdir.

Şirkət Azərbaycandakı layihələrdən çıxacağını 2018-ci ildə açıqlayıb. Ötən müddət ərzində bu istiqamətdə real addımlar atılmayıb. Lakin bu il şirkət bütün dünyada kapital xərclərini azaltmaq qərarına gəlib - 2020-ci il üzrə kapital xərclərini 10 milyard dollar azaldaraq 23 milyard dollar səviyyəsində müəyyən edib. Şirkətin ötənilki xərcləri 26 milyard dollar, xalis gəliri isə 14,3 milyard dollar olub.

Maraqlıdır ki, 2018-ci ildə “Chevron” və “ExxonMobil” Azərbaycandakı layihələrdən çıxmaq niyyətlərini açıqlayanda onların “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda satışa çıxarılacaq paylarının AÇG səhmdarları tərəfindən birgə alınması prosesi çərçivəsində qiymətləndirmə aparıldığı deyilmişdi. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli mətbuata verdiyi açıqlamada konsorsiumun ABŞ şirkətlərinin satmaq istədiyi payları əldə etmək barəsində danışıqlar aparmaq niyyətini elan etdiyini, hazırda bu istiqamətdə danışıqlar aparıldığını qeyd etmişdi. Ötən il “Chevron” öz payını MOL-a satdığına görə, ehtimal etmək olar ki, tərəflər razılığa gələ bilməyiblər.

İndi isə BP şirkətinin Azərbaycanda ünsiyyət və sosial sərmayələr üzrə meneceri Tamam Bayatılı “ExxonMobil”in öz aktivlərini satma səbəbi ilə bağlı bir açıqlama verə bilməcəyini desə də, bu prosesin təbii olduğunu bildirib: “Səbəblər barədə ”ExxonMobil" şirkətinin özünə yönəlmək lazımdır. Çünki hər bir şirkətin öz strategiyası var. Amma belə proseslər bütün dünyada baş verən praktikadır. Böyük layihələrdə də payçılar öz payını satır, onun yerinə digər payçı gəlir“.

Qeyd edək ki, bir çox mənbələr ABŞ şirkətlərinin Azərbaycanın ən böyük neft layihəsindən çıxmasını Vaşinqtonun ölkəmizlə münasibətlərində gözlənilən soyuqlaşma ilə əlaqələndirirlər. Bildirilir ki, yaxın müddətli dövrdə ABŞ-ın Azərbaycanla bağlı mövqeyində kəskin dəyişikliklər olacaq. ABŞ-ın Azərbaycan üzərindən Əfqanıstana yükdaşımalarını dayandırması da bu prosesin tərkib hissəsi kimi qiymətləndirilir, tezliklə Vaşinqtondan ölkəmizə yönəlik təzyiqlərə start veriləcəyi iddia olunur.

Bu iddiaları dəyərləndirən neft sahəsi üzrə mütəxəssis, “Neft” Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, ABŞ elə bir ölkədir ki, orada şirkətlərin fəaliyyəti istisnasız olaraq qanunlarla tənzimlənir: “Məsələn, 2004-cü ildə ABŞ-da Rusiyaya qarşı sanksiyaları nəzərdə tutulan qanun qəbul olundu. 2017-ci ilədək 3 mərhələdə sanksiyalar sərtləşdirildi. Və ABŞ şirkətlərinin hamısı birmənalı olaraq o qanuna əməl etdilər. Hətta ”Ford" kimi nəhəng Rusiyadakı zavodunu cənubi koreyalılara satıb çıxdı. Demək istəyirəm ki, ABŞ şirkətləri qanun əsasında və biznes maraqlarından çıxış edərək fəaliyyət göstərirlər. Onların rəhbərliyində siyasi hakimiyyətdə təmsil olunan kiminsə payı olmur ki, lazım olanda göstəriş versin, “buradan çıx” desin. ABŞ-da Azərbaycana qarşı yeganə hüquqi akt 1992-ci ilin dekabrında qəbul edilmiş 907-ci düzəlişdir ki, o da sonradan dondurulub. Bu ölkədə şirkətlər ölkələrlə bağlı qərarları verərkən ölkənin Maliyyə Nazirliyinin saytına daxil olub oradan məlumat alırlar. Yoxlayırlar ki, hansısa ölkədə biznes fəaliyyətini qadağan edən qanunverici akt var, yoxsa yox"...

Ekspert bildirir ki, hazırda dünyada neft çıxarmaq üçün ən yaxşı yer ABŞ-dadır: “Texas ştatının ərazisinə düşən Meksika körfəzidir ki, orada 9 km dərinliyə də quyu qazıb neft çıxara bilirlər. ABŞ şirkətlərinin bu ərazidə fəaliyyətini genişləndirmək istəyi çox təbiidir. ”ExxonMobil"dən “Reuters”ə deyiblər ki, aktivlərimizə baxırıq, kimsə yaxşı qiymət təklif edəcəksə, düşünərik. Yəni əlimyandıda çıxarıb satmır ki... Bu məsələ 2018-ci ilin dekabrında ilk dəfə gündəmə gətirilib. Onda neftin orta qiyməti 64 dollar idi, onda satmayıb indi - orta qiymət 35 dollar olanda satmaq, əlbəttə ki, sərfəli olmaz. Buna görə də mən yazılanları ABŞ baxımından real hesab etmirəm. “ExxonMobil” rentabelli, tam özəl şirkətdir. Onu hansısa dövlət şirkətləri ilə ümumiyyətlə müqayisə etmək olmaz. Bu şirkət harada mənfəət çoxdursa, orada işləyir, qərarları da bu yanaşma əsasında verir".

Hətta “ExxonMobil” payını satışa çıxarsa belə, İ.Şabanın fikrincə, uğurlu satışa nail olunması mümkün görünmür: “Bu gün Bakıda evlərin qiyməti 2016-cı ildəki qiymətlərlə eynidirmi? Əlbəttə, deyil. Eləcə də layihələrdəki payın qiyməti. Və indiki qiymətlər ”ExxonMobil"ə sərf etmir".

Bəs AÇG-dəki tərəfdaşlar “ExxonMobil”in payını ala bilərlərmi? Ekspertin sözlərinə görə, qaydalar belədir ki, şirkət öz payına müəyyən qiymətə alıcı tapdıqdan sonra onu layihədəki tərəfdaşlarına həmin qiymətə təklif edir: “Əgər tərəfdaşlar o qiymətlə razılaşıb payı almaq istəyirlərsə, alırlar. Ya bir şirkət, ya bütün tərəfdaşlar birgə. Amma qiymət heç kimi qane etmirsə, yaxud heç bir tərəfdaş layihədəki payını artırmağa ehtiyac görmürsə, onda pay onu almaq istəyən kənar şirkətə satılır. Bu baxımdan, burada ”ExxonMobil"in AÇG və BTC-dəki paylarına təklif edilən qiymət və tərəfdaşların onu almaq istəyi əsas rol oynayacaq".

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycan üzərindən Əfqanıstana yükdaşımaların dayandırılması ABŞ-ın ölkəmizlə əlaqələri soyutması anlamına gəlmir: “Düzdür, ABŞ-ın böyük neft şirkətləri Azərbaycanın əsas neft layihəsindəki paylarını satıblar, ya da satmağa hazırlaşırlar. Lakin Azərbaycan ABŞ üçün strateji əhəmiyyət kəsb etməyə davam edir. Bunu prezident Donald Trampın Azərbaycanın dövlət başçısı İlham Əliyevə son məktubu da göstərir. Məktubda enerji, təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıqdan danışılır, ”iki böyük xalq" ifadəsi işlədilir. Yəni demək istəyirəm ki, ABŞ-Azərbaycan əməkdaşlığı yüksək səviyyədə davam edəcək, daha da güclənəcək. Cənubi Qafqazın əsas ölkəsi Azərbaycandır və ABŞ ölkəmizin imkanları ilə hesablaşır. Biz bəzən Dövlət Departamentinin, Konqresin Azərbaycanla bağlı ədalətsiz qərarlarını tənqid edirik. Amma bu, o demək deyil ki, ABŞ-la münasibətləri özümüz də aşağı salmalıyıq. ABŞ Azərbaycanın strateji tərəfdaşıdır, enerji layihələrimizin ən böyük dəstəkçilərindəndir. Dövlət başçısı İlham Əliyev də dəfələrlə vurğulayıb ki, 90-ci illərin ortalarında bizim neft layihələrimiz ən böyük dəstəyi ABŞ-dan alıb. Bu dəstək indi də davam edir və Azərbaycan üçün son dərəcə önəmlidir".

Politoloqa görə, ABŞ şirkətlərinin qərarları da sırf iqtisadi amillərlə bağlıdır: “Düşünmürəm ki, Vaşinqton bu iki nəhəng şirkətə hansısa təzyiq edib ki, Azərbaycandakı layihələrdən çıxsınlar. Bu, mümkün də deyil”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.