Bu gün Türkün böyük fatehi, Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin vəfat etdiyi günüdür

23-05-2020, 10:29           
Bu gün Türkün böyük fatehi, Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin vəfat etdiyi günüdür
Bu gün Səfəvilər dövlətinin banisi və ilk şahı ,şair Şah İsmayıl Xətainin vəfat günüdür... 17 iyul 1487- 23 may 1524 (36 yaşında).
I Şah İsmayılın altıncı əcdadı, mərkəzi Ərdəbildə yerləşən Səfəviyyə sufi təriqətinin əsasını qoymuş Şeyx Səfiəddin İshaqdır (1252–1334).Bir sıra Səfəvi mənbələri Səfəvi əcdadlarının tarixçəsini Şeyx Səfiəddinin yeddinci əcdadı olan və XI əsrdə yaşadığı güman edilən Firuzşah Zərrinkülaha bağlayırlar və onun yeddinci şiə imamı Musa əl-Kazımın nəslindən gəldiyini bildirirlər. Lakin araşdırmalar nəticəsində belə bir fikir irəli sürülmüşdür ki, Firuzşahı İmam Musa əl-Kazım vasitəsilə peyğəmbər və imamlar nəslinə bağlamaq cəhdi Səfəvilər sülaləsinin hakimiyyətə gəldiyindən sonra hökmranlıqlarının legitimliyini əsaslandırmaq məqsədini güdürdü. Tarixşünaslıqda Səfəvi əcdadlarını qeyri-türk entoslarla əlaqələndirmək üçün müəyyən cəhdlər edilmiş, Firuzşahın Cənubi Ərəbistandan (Yəməndən), Kürdüstandan və hətta Fars vilayətindən köçərək, Azərbaycanın Ərdəbil nahiyəsinə gəldiyi barədə iddialar ortaya atılmışdır. Lakin tədqiqatlar dərinləşdikcə bir sıra yerli və əcnəbi alimlər Səfəvi əcdadlarının türk mənşəli olduqlarını təkzibedilməz dəlillərlə təsbit etmişlər.

Səfəvi sülaləsinin kökü Azərbaycan ailələrindən olduğu, Şeyx Səfinin özünün də lap gəncliyindən, hətta fars vilayətlərində də olduğu sıralarda Türk Piri, Türk oğlu kimi tanındığı orta çağların bir çox qaynaqlarında təkrar təkrar yazılmışdır.

V.V.Bartold Səfəvilər sülaləsinin türkmənşəli olduğunu qeyd edərək yazırdı ki,

“Ərdəbil şeyxləri, şübhəsiz, fars mənşəli deyil, Türk mənşəli idilər”. İ.P.Petruşevski də analoji fikirdə olub, Səfəvilər sülaləsinin əslən Cənubi Azərbaycandan, Ərdəbildən olduğunu, Səfəviyyə sufi-dərviş təriqətinin irsi şeyxləri olduğunu yazırdı və əlavə edirdi ki, “ilk Səfəvi şeyxləri Ərdəbildə yaşayırdı, onların doğma dili Azərbaycan dili idi”. Sufizmin fransız tədqiqatçısı Massinyon Səfəviyyə təriqətini “Suxravərdiyyə dərviş ordeninin Azərbaycan qolu” olduğunu yazır.
Şah İsmayıl Səfəvi 36 yaşında, həyatının, yaradıcılığının, arzularının ən qaynar bir çağında dünyadan köçür, lakin qısa ömrü müddətində gördüyü işlər ona ölməzlik qazandırmış, onu Azərbaycan xalqının siyasi və mədəni tarixinin ən parlaq səhifələrindən birinin yaradıcısı kimi tanıtdırmışdır. Şah İsmayılın yüksək hərbi istedadı haqqında K. Marks yazmışdır: "Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmişdi".

İsmayıl Səfəvi 13 yaşında olarkən Səfəvi əmirlərinin və digər türk tayfalarının dəstəyi ilə öz əcdadlarının başladığı mübarizə yoluna qədəm qoydu. Onun tərəfdarlarının çıxışı 1500-cü ildə baş verdi. Ağqoyunlu və Şirvanşah qoşunları ilə müzəffər döyüşdən sonra, 1501-ci ildə İsmayıl Səfəvi Təbrizə daxil oldu, özünü Azərbaycanın hökmdarı elan etdi. Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlət – Səfəvilər dövləti və ya Qızılbaşlar dövləti yaradıldı. Bundan sonra Şah İsmayılın nəhəng imperiya yaratmağa yönəlmiş aktiv siyasi, hərbi və ideoloji fəaliyyəti başlanır. Bu fəaliyyət cəsarətli işlərlə, çoxsaylı risklər, qurbanlar, məğlubiyyətlər və qələbələrlə müşayiət olunurdu.

Səfəvi dövlətinin yaranmasında əsas amil dövləti quranların türk olması, həmin dövlətin tarixi Azərbaycan torpaqlarında meydana gəlməsi və buradakı insanların “Qızılbaşlığ”a sadiq olmaları idi.

Şah İsmayılın ortaya çıxması və Qızılbaş dövlətini yaratması ilə Anadolu türkmanları öz soylarından, inancından bir öndərə sahib olmuş və onu bir xilaskar hesab edərək ona sıx bağlanmışlar. Dünya tarixində bir liderə bu dərəcə bağlılıq örnəyi yoxdur.

Orta əsrlərdə xalqımızın dövlətçilik tarixində Səfəvilər imperiyası Şah İsmayılın rəhbərliyi altında ən yüksək mərhələ kimi əvvəlki və sonrakı Azərbaycan dövlətləri zəncirində yalnız bir halqa olmuşdur. Bu siyasi qurumlar bir-birini əvəz etməklə və çoxəsrlik Azərbaycan dövlətçiliyinin əsasını formalaşdırmaqla Azərbaycan türk tayfalarını birləşdirmiş, dövlət quruculuğu ənənələrini, idarəçilik vərdişlərini, qonşu xalqlar haqqında bilikləri və informasiyanı, onlarla ünsiyyət mexanizmlərini, hakimiyyətin çox vaxt atadan oğula verilməsi təcrübəsini növbəti nəsillərə ötürmüşlər.

İlk mənbələrdə Səfəvilər dövlətinin banisinə aid edilən çoxsaylı mülahizələr onun türklərlə və Azərbaycanla ayrılmaz əlaqəsini birbaşa göstərir. Şübhəsiz, belə faktlardan ən məşhuru və inandırıcısı İsmayıl Səfəvinin Şirvandakı Gülüstan qalası mühasirəyə alınan vaxt dediyi sözlərdir. İsmayıl atası Şeyx Heydərin qatili, Şirvanşah Fərrux Yasar üzərində qələbədən sonra öz düşməninin qüvvələrini tamamilə darmadağın etmək üçün onların sığındığı Gülüstan qalasını mühasirəyə almışdı. İsgəndər bəy Münşi yazır ki, İsmayıl Şirvanın ən əlçatmaz istehkamlarından biri olan Gülüstan qalasının mühasirəsi uzandığı üçün böyük əmirləri yanına çağırıb dedi: “Sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan taxtı?”. Müqəddəs Səfəvi xanədanının etiqad sahibləri... Azərbaycan taxtı” cavabını verdilər.

Həmin tarixi məqsədi həyata keçirmək üçün İsmayıl 1501-ci ildə Ağqoyunlu Əlvənd üzərində qələbədən sonra Təbrizə daxil olaraq özünü şah elan etdi. Şeyx Heydərin çata bilmədiyi məqsədə oğlu İsmayıl nail oldu, Azərbaycan torpağının böyük bir qismi vahid Qızılbaş dövlətində birləşdirildi.

Şah İsmayıl zəfərdən-zəfərə gedirdi və ta Çaldıran döyüşünə qədər məğlubiyyət nə olduğunu bilmədi. O, müzəffər, xoşbəxt iqballı, gəncliyinə baxmayaraq siyasi müdrikliyə malik bir şah idi. Şah İsmayıl yalnız alimənsəblərlə deyil, rəiyyətlə rəftarında da mülayim və ədalətli idi.

Xalqımızın görkəmli dövlət xadimi Şah İsmayıl ana dilinə hörmət edir və bu dildə yazan şairləri, ozonları sevir, onları himayə edirdi. Elə buna görə də, dilinə, vətəninə bağlı el şairləri, aşıqları da onu sevir və onun doğma dilinə, xalqına bağlılığını əsərlərində tərənnüm edirdilər. Şah İsmayıl Azərbaycan dilində təkcə gözəl şeirlərin, mükəmməl ədəbi abidə olan “Dəhnamə” (“On məktub”) poemasının müəllifi deyildi. O, həm də dövlət fərmanları imzalayır və beləliklə, Azərbaycan dilini dövlət müstəvisinə, siyasi müstəviyə keçirmiş olurdu. Aldığı tərbiyəyə və maraqlarına görə İsmayıl qızılbaş tayfaları və köçəri əyanları ilə sıx bağlı idi. O, yaxşı təhsil görmüşdü, şair və alimlərə himayədarlıq edirdi.

Şah İsmayıl Səfəvinin öz xalqı qarşısında xidmətləri həm də ondan ibarətdir ki, o, Azərbaycan milli mədəniyyətinin inkişafı üçün əlverişli şərait yaratmışdır, onun hakimiyyətdə olduğu illər ölkənin orta əsrlər tarixində tərəqqi baxımından ən önəmli dövr sayılır. O, təkcə ana dilində yaradan şairləri, Azərbaycan alimlərini, incəsənət xadimlərini təşviq etmirdi, həm də bütövlükdə incəsənətin, elmin inkişafına himayədarlıq edirdi. Onun səyləri sayəsində Azərbaycan dili nəinki fars dilinin güclü təsirindən qurtardı, həm də sonrakı yüzilliklər boyu onu üstələdi. Elm, sənət xiridarı olan Şah İsmayılın sarayında yaradıcılıq üçün əlverişli şəraitdə, diqqət, qayğı, hörmətlə əhatə olunmuş mühitdə bir çox rəssam, istedadlı heykəltəraş, xəttat, musiqiçi yaşayırdı.

Şah İsmayılın Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də öz dövrü üçün xarici siyasət mexanizmlərini formalaşdırmasıdır. Qüdrətli imperiya yaradan Şah İsmayıl həm də Qərbi Avropada Papalıq, İspaniya, Portuqaliya, Venesiya, Genuya və s. ilə səmərəli qarşılıqlı münasibətlərin möhkəm bünövrəsini qurmuşdu.

Səfəvilər dövləti yarandığı gündən qısa müddət ərzində bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrilmişdi. Şah İsmayılın yaratdığı Azərbaycan dövlətçiliyi Azərbaycan türklərinin dünyagörüşünün təkamülünə kömək etdi. Şah İsmayıl Səfəvi Azərbaycan tarixində ilk dəfə olaraq azərbaycanlıların bütün səviyyələrdə (Azərbaycan dilinin dövlət müəssisələri və hərbi işdə tətbiqi də daxil olmaqla) üstün yer tutduğunu təsdiq edən dövlət yaratmışdı.

Şah İsmayıl qızılbaşlığın vahid ideologiyasını yaratdı. Bu ideologiya bütün Azərbaycan türklərini o vaxt üçün öz ətrafında uğurla birləşdirdi və onlara nəhəng ərazidə siyasi dominant statusunu əldə saxlamağa imkan verdi.

Azərbaycan xalqının Şah İsmayılla təkcə böyük dövlət xadimi kimi deyil, həm də cəsur, istedadlı sərkərdə, yüksək mənəvi keyfiyyətləri hətta o vaxtlar Azərbaycana gələn Qərb diplo¬matlarında da heyranlıq doğuran şəxsiyyət kimi fəxr etməyə tam haqqı vardır. Biz onun sərkərdə istedadı sayəsində yaranmış tarixi dövlətin varisləriyik, elə bir dövlətin ki, sonralar ərazisində bır sıra dövlətlər yaranmışdır və indi də mövcuddur.
23 may 1524 (36 yaşında) Sərab şəhərində vəfat etmişdir. Ərdəbil şəhərində Şeyx Səfi məqbərəsində dəfn edilmişdir!
Ruhu şad olsun!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.