Qazaxlı usta xəncər, bıçaq və döyüş alətləri düzəldir – görənlər əl işinə heyran qalır FOTO

14-06-2020, 12:02           
Qazaxlı usta xəncər, bıçaq və döyüş alətləri düzəldir –
Orta əsrlərdə, xanlıqlar dövründə bəylərin, igidlərin, o dövrdəki döyüşçülərin üzərində gəzdirdiyi bıçaqlar, xəncərlər yəqin ki, çoxlarının görmək istədiyi əşyalardandır. İndi həmin dövrün milli bıçaq və xəncərlərimizi muzeylərdə, şəxsi kolleksiyalarda görmək olar. Onlar da sayılacaq qədər azdır. Buna baxmayaraq, həmin milli alətləri orijinal, milli işləmələrlə düzəldən ustalarımız da var. Belə ustalardan biri Qazax şəhərində yaşayan Qafur Nəbiyevdir.

AZƏRTAC xəbər verir ki, milli bıçaqlar, xəncərlər, Qərbə məxsus döyüş alətləri, hətta vikinq silahları düzəldən gənc usta Qafur Nəbiyev ali təhsilli, ixtisasca maliyəçi-iqtisadçıdır. Qafur kiçik yaşlarından taxta üzərində oyma sənəti ilə maraqlansa da, son vaxtlar daha çətin və incə bir işin arxasınca gedir. Orta əsrlərə aid elə döyüş bıçaqları, kəsici alətlərimiz var ki, onu bu gün muzeylərdə də tapmaq olmur. Qafur əvvəlcə belə alətlərin eskizini çəkir, sonra onu ərsəyə gətirir, üzərini milli naxış və ornamentlərlə bəzəyir. Məqsədi isə bu işi bir incəsənət sahəsi kimi tanıtmaqdır. Buna görə də əl işlərini heç kimə satmır.

Bıçaq, xəncər düzəltmək həvəsi Qafurda uşaq yaşlarından olub. Elə o vaxtdan düzəltdiyi bıçaqlarla diqqəti çəkib. Deyir ki, qədim xəncər və bıçaq nümunələrini üzərində milli ornamentləri də işləməklə beynəlxalq sərgilərdə nümayiş etdirməyi planlaşdırır.

“İstəyirəm ki, tapdığımız qədim milli alətlərimizi bərpa edim. Tapa bilmədiyimi də yenidən əvvəlki formada düzəldim. Qərb mənşəli alətləri də düzəldirəm. Onların üzərinə də milli ornamentlərimizi işləyirəm. Maraqlı əl işi alınır. Çox istərdim ki, bu əl işlərimlə beynəlxalq sərgilərə qatılam”, - deyə o bildirir.

Qafurun düzəltdiyi bıçaqlar məişətdə istifadə etmək üçün deyil. Ən azından təhlükəli və iti olduqları üçün... Usta bir bıçaq üzərində emalatxanasında təxminən 20-25 gün, hətta bəzən bir ay işləməli olur. Buna da səbəb görülən incə işlərdir.

O, latun bürünc materiallardan bıçaq tiyələrində şəbəkə də toxuyur. İstifadə etdiyi materiallar isə polad, sümük, buynuz, gümüş materiallardır. Xammalı Türkiyə və Ukraynadan gətirir. Qafurun əl işləri sosial şəbəkələrdə paylaşıldığından ölkəmizdən, o cümlədən qonşu Türkiyədən də maraqlananlar olub. Yaxın zamanda gənc usta əl işlərindən ibarət sərgi keçirməyi düşünür.



















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.