Minsk Qrupu hansı təklifi hazırlayır? – Şərh

20-11-2020, 02:54           
Minsk Qrupu hansı təklifi hazırlayır? – Şərh
ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri BMT-nin 4 qətnaməsinə əsasən Qarabağ münaqişəsini və münaqişənin həll yolunu müzakirə edirlər. Orada keçmiş Dağlıq Qarabağa status verilməsi məsələsi də qaldırılıb.

Bu sözləri Axar.az-a açıqlamasında İnsan Haqları üzrə Beynəlxalq Standartların İnplementasiyası üzrə İşçi Qrupunun rəhbəri Kamil Səlimov ABŞ və Fransa nümayəndələrinin Moskvaya gəlməsini şərh edərkən deyib.

“Halbuki Azərbaycan yeni reallıq yaradıb və buna uyğun da tərəflər üçün yeni sənəd hazırlanmalıdır. Hesab edirəm ki, bu olmayacağı halda Minsk Qrupu ümumiyyətlə prosesdən kənarda saxlanılması variantı gündəmə gələ bilər. Minsk Qrupunun fəaliyyəti yalnız Ermənistanın xeyrinə yönəlib. ABŞ və Fransa görür ki, Rusiya həm Azərbaycanla, həm də Ermənistanla saziş imzalayıb, onlar isə kənarda qaldı. Həmsədr ölkələr əslində şoka düşüblər. Bu, həmin dövlətlərə beynəlxalq arenada açıq şəkildə “siz qeyri-effektiv işləyirsiniz” deməkdir”, - o bildirib.

Ekspertin sözlərinə görə, Azərbaycan diplomatiyasının hazırda çox ciddi və ağır missiyası var:

“Biz sülhə məcburetmə əməliyyatını sona çatdırdıq. Buna 27 ildir hazırlaşırdıq. İndi isə diplomatik danışıqlara hazırlaşmalıyıq, işlərimiz həqiqətən də çoxdur. Azad etdiyimiz torpaqlar illərdir infrastruktursuz qalıb və biz bütün bunları özümüz düzəltməliyik. Sazişə əsasən, Ermənistan ordusu torpaqlarımızdan çıxmalıdır. Bəs onların qanunsuz muzdlu birləşmələri necə olacaq? Onlar hansı qanun çərçivəsində oradan çıxacaqlar? Azərbaycan diplomatiyası bütün bu məsələləri nəzərdən keçirir. Çox çətin prosesdən uğurla çıxmaq üçün çox iş görməliyik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.