İkinci Qarabağ Savaşında nə qazandıq, nə itirdik?!- ANALİZ

22-11-2020, 15:21           
İkinci Qarabağ Savaşında nə qazandıq, nə itirdik?!- ANALİZ
Oxuyaq. Düşünək. Müzakirə edək.
Millət və cəmiyyət olaraq günlük düşünmə “modundan” çıxmalıyıq, “məhz bu gün, məhz indi” yanaşması kifayət qədər ziyanlı və emosionaldır. Əldə etdiklərimizin qədrini bilməklə, gələcəkdə əldə edə biləcəklərimizin planları qurmağı, azı 3-5 illik “vizionla” hərəkət etməyi öyrənməliyik. Hərbi Qələbəmizi, siyasi, deplomatik, iqtisadi, sosial, demokrafik üstünlüyə çevirməyə borcluyuq.
Terefşaz yazır ki, bunu politoloq Natiq Cəfərli deyir.
Daha sonra Natiq Cəfərli yazır, bu gün cəmiyyətin bir qismi sual verir ki, İkinci Qarabağ Savaşında nə qazandıq, nə itirdik?! Legitim və maraqı sualdır, amma müzakirəsi primitivdir. Bir kəsm deyir ki, Xankəndini də alıb, bayrağımızı sancmalı idik, digər kəsm hətta İravana qədər getməyi təklif edir – bir sözlə, populizm fontan vurur. Ayıq və soyuq başla, rəqəmlərlə analiz etmək zamanı yetişib – Əsgərin və Ordunun möhtəşəm qələbəsinin siyasi-iqtisadi dividentlərə çevirmək zamanıdır.
Birinci Qarabağ müharibəsi 1994-cü ildə məğlubiyyətlə bitdi, xalq, cəmiyyət, iqtidar, müxalifət olaraq hamımız məğlubiyyətdən nəticə çıxartmaq əvəzinə günahkarlar axtarmağa başladıq. Sonra 2016-cı ildən başlayaraq iqtidar sürətlə dəyişməyə başladı – sistem dəyişməsə də, “vitrin” dəyişdi, bahalı oliqarxiq idarəetmədən daha ucuz CEO-lara idarəetməyə start verildi. 2018-ci ilin may ayndan isə əks-hücum əməliyyatlarına ciddi hazırlıq başlandı və uyğun zamanda hərəkətə keçmək üçün hazırlıqlar görüldü. Ordu quruculuğundan tutun da rəsmi və qeyri-rəsmi ittifaqlar quruculuğuna qədər çox iş görüldü. Yəni, iqtidar yeni “moda” keçsə də, müxalifətin böyük bir hissəsi bunu duya, anlaya, uyğunlaşa bilmədi - əski sloqanlar və mövzularla gündəmdə qalmağa çalışdı. Məhz gündəmdə qalmağa, halbuki müxalifətin əsas işi gündəndə qalmaq deyil də, gündəm yaratmaqdır. Indi əsl zamanıdır ki, müxalifət önə çıxaraq Hərbi Qələbənin siyasi-iqtisadi, diplomatik zəfərə çevrilməsi üçün təkliflər paketi, Ana Yasadan tutmuş bir çox qanunların dəyişdirilməsi təşəbbüsü ilə çıxış etsin - biz bu yolla getməyə davam edəcəyik.
İndi İkinci Qarabağ Savaşınında hərbi qələbəmizi doğru oxumaq, düzgün strategiya qurmaq zamanıdır. Biz nə əldə etdik və nə etməliyik:
1) Hərbi qələbələr möhtəşəmdir, işğal altındakı torpaqların böyük bir hissəsini, ən azı 80%-ni (yəni, işğalda olan 20%-in 80%-ni) düşməndən təmizlədik – möhtəşəm qələbədir,
2) Rusiya “sülhməramlılarının” ölkəyə buraxılması bu qələbə üçün verə biləcəyimiz ən az bədəl idi – başqa yol var idimi? Məncə, yoxdur. Rus “sülhməramləlarının” Parlament qərarı omadan ölkəyə gəlməsi isə çox ağıllı və yaxşı gedişdir – faktiki olaraq onların torpaqlarımızda olması indi qeyri-legitimdir, istənilən an, zaman yetişəndə bunu qabarda bilərik,
3) Status məsələsi bitdimi?! Məncə, yox, amma bu məsələdə əlimiz çox gücləndi – artıq simmetrik addımlar və tələblərlə çıxış edə bilərik: İstənilən statusunun tam eynisi danışıq masasında Zəngəzura qaçqınların qayıdıb eyni statusda yaşamaları üçün tələb qoya bilərik, qoymalıyıq da,
4) 1994-cü ildə Ermənistan rəsmən bəyan edirdi ki, Qarabağda 140-170 min arası erməni yaşayır. 2020-ci ildə, hələ müharibə başlamadan öncə özləri etiraf edirdilər ki, Qarabağda 90-100 min arası erməni yaşayır (əslində daha az idi). Yəni, 26 illik sülh və atəşkəs dövründə, işğal altında saxladıqları torpaqların genişliyini və yağmaladıqlarını nəzərə alaraq, iqtisadi fürsətlərinin yağmalara görə artdığına baxmayaraq təbii yolla əhali o bölgədə 50-80 min nəfər arası azalmışdı. Həm doğuş azalırdı, həm gənclər qaçırdı, həm də gələcəklə bağlı əminlikləri, perspektivləri yox idi. İndi acı hərbi məğlubiyyətdən, iqtisadi fürsətlərin sıfırlanmasından sonra, sizcə, orada nə qədər əhali qalacaq?! Düşünürəm ki, ən yaxşı halda 20-30 min arası, əsasən də yaşlı nəsl orada bir müddət yaşayacaq. İşğaldan azad edilmiş şəhər və rayonlarımızı abadlaşdırıb insanlarımızı ora köçürməyə başladıqca, özləri yavaş-yavaş Qarabağı tərk edəcəklər. Yəni, biz artıq demokrafik ciddi üstünlük şəraitindəyik, hətta Ermınistandan da köç sürətlənəcək,
5) Bunları nəzərə alaraq Qarabağ ərazisində qalan erməni əsilli azərbaycanlılara (vətəndaşlıq tanımıdır) yavaş-yavaş özümüz sahib çıxmalı, onları iqtisai və sosial sahədə özümüzə yaxın etməliyik. Elə bərk “qucaqlamalıyıq” ki, nəfəsimizi hər an hiss etsinlər. Biz sahib çıxmasaq Rusiya onlara sahib çıxıb bir müddət sonra öz pasportunu paylamağa cəhd edəcək. Zatən Qarabağda qalan ermənilərin iqtisadi fürsətləri tükəndi, onlar indi ən yaxşı halda 1960 rus əsgərinə qulluq edib onlardan para qazanmağa çalışacaqlar. Azərbaycana inteqrasiya etmədən Qarabağda qalan ermənilərin iqtisadi və sosial gələcəyi yoxdur – bunu hər an nəzərdə saxlayıb düşünülmüş addımlar atmalıyıq.
Belə...
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.