Mösyö Jordanın “nəvələri”...

24-11-2020, 09:07           
Mösyö Jordanın “nəvələri”...
Neçə gündür Fransanın mədəniyyət incəsənət adamlarının ermənilərə dəstək, veməsi xəbəri gündəmdir. Bir ovuc, ac, gic, soyu, kökü olmayan erməni buna nail olub. Havadarları o yana qoyaq, ermənilər həm də biclik, fırıldaqla bu əlaqələri qurub. Bəs bizim Fransada olanlarımız neynəyir?
Cəmi bir reportaj xatırlayıram Azərbaycan efirlərində. Fransızlar deyir ki, Makronun Azərbaycan və Dağlıq Qarabağla bağlı fikrini dəstəkləmirik. Onu da on beşinci dərəcəli fransızlar hansısa tədbirdə dedilər və bitdi.
Azərbaycan-Fransa münasibətlərinə bu günəcən milyonlar xərclənib. Necə sərf olunub həmin vəsaitlər? Biz niyə bir dünya, bir fransız ulduzu dost kimi qazana, onu rupor edə bilməmişik? Fransız elitasında, ciddi çevrələrində kim Azərbaycanın adını çəkib, kim dəstəkləyib ölkəni bu günəcən?
Ola bilər hər şey kağız üzərində edilib. Amma bunun effektivliyinə nail olmaq üçün neynəyiblər? Nəticə hanı? Yoxdur!
Bilməmiz lazım ki, artıq Qarabağ savaşında hərbiçilər öz missiyalarını yüksək səviyyədə başa vurdu. Canları, qanları bahasına etdilər bunu. İndi söz diplomatiyanın, informasiya savaşçılarının, xaricdəki Azərbaycana bağlı təşkilarların, səfirliklərin, siyasətçilərin, diasporanındır. Ancaq məsələnin ictimai təbliğat tərəfində Azərbaycan ciddi “axsayır”.
Gələk son illərin Fransasına. Düzünü desək Avropa qoynunda yeni faşist dövləti bəsləyir. Özü də dini təfriqətçi, islam düşməni kimi. Yenidən hakimiyyətdə qalmaq üçün bütün dünyəvi dəyərlərə təpik atan irq düşməni bir liderlə, Emanuel Makronla, terroru, soyqırmı, barbarlığı dəstəkləyir Fransa. Bu təkcə konkret dövlətlər, millətlər üçün yox, Avropanın gələcəyinə və dünya üçün ciddi təhlükədir. Hələlik bunu əziyyətini Azərbaycan çəkir. Amma diqqət etsək Azərbaycanın və azərbaycanlıların, nə tarixən, nə də bu gün Fransaya pisliyi toxunmayıb.
-İslam dünyası ilə münasibətləri gərgin idi. Dünyaca ünlü Luvr muzeyində, pis günə qoyduqları İslam bölməsini cibinin pulu ilə bərpa edib, dünyaya təqdim etdi Azərbaycan.

-Tarixi Notr Dam kilsəsi yanğın zamanı zərər görmüşdü. Ən bahalı eksponatlarını Azərbaycan restavrasiya etdirdi.
-Ölkənin neft sektorunda Fransanın ciddi payı var.
-Orta məktəblərimizdə fransız dili dünyəvi dillərdən biri kimi tədris proqramına salınır.
-Azərbaycanda Fransa Universiteti adlı ali məktəb fəaliyyət göstərir ki, tədrisi fransız və ingilis dilində aparılır.
-Fransız Məktəbi adlı orta məktəbi də fəaliyyət göstərir Azərbaycanda.
İndi bir yazar bu qədərini yada sala bilirsə, görün dövlətin masasında ikitərəfli münasibətlərə aid hansı hesabatlar, məlumatlar var. Ancaq bizdə bütün bunları Fransaya və ermənilərə dəstəyə start vermiş fransız mədəniyyət, incəsənət xadimlərinə, hətta sıravi fransızlara xatırladanlar yoxdur. Ya da belə deyək var, mövcud baryeri keçəcək gücə sahib deyillər. Oysa ATƏT-in Minsk qrupunun “anası” sayılan Fransada, bu işin altyapısı çoxdan hazır olmalı idi. Ən azından güclər bərabərə yaxın olmalı idi. Yəni heç olmasa on-on beş adam qondarma Artsaxı tanıyanda, bizi sevən on-on beş nüfuzlu adam da ona qarşı çıxaydı. Varmı? Yoxdur! Niyəsini yuxarıda qeyd edilib. Biz həmişə ləng davranırıq.
***
Gələk Fransanın azərbaycanlı, türk nifrətinə. Bu antipatiyanın və nifrətin kökündə üç şey dayanır.
Birincisi, Türkiyənin Azərbaycanın əsas müttəfiq olmasıdır.
İkincisi, Dağlıq Qarabağ savaşında ATƏT-in Minsk qrupunun əsas ölkələrindən biri ki, prosesdən kənarda saxlanması.
Üçüncüsü, bizim də milliyətcə türk olmamız.
Türk varsa, Türkiyə ilə əməkdaşlıq varsa, oyundankənar duruma düşmək varsa, bu nifrət anlaşılandır. Erməniyə sevgi qədər anlaşılandır həm də.
***
…Və sonda Prezident köməkçisi Hikmət Hacıyev, noyabrın 23-də Azərbaycandakı diplomatik korpusun hərbi ataşelərini işğaldan azad olunan Füzuliyə aparıb. Hamı danışır, vəziyyətə münasibətini bildirir. Fransa səfirliyinin hərbi ataşesi, əlində çöp oynada-oynada qıraqda durub. O, Real TV müxbirinin verdiyi sualları belə cavablandırmır. Açıq şəkildə qaçdı.
“Dərviş Parisi partladır” adlı kinokomediya düşdü yadıma. Filmdəki əhlikef, bitki “alimi” Mösyö Jordan da əslən fransız idi. Dara düşən kimi, verdiyi sözü unudar, görməli olduğu işi görməz, məqsədinə çatmaq üçün nə desən edən, fırıldaqçı. Bax bu hərbi ataşe də, o fransız mədəniyyət xadimləri də, elə prezidentləri Makron da fırıldaq Mösyö Jordanın mənəvi nəvələridir.
Qarabağın otun-ələfin araşdıran, Azərbaycandan mənfəət güdən, üzərlərinə düşən işi görməkdən qaçan, fırıldaq mənəvi nəvələri. Burada deyəcək çox söz yoxdur, elə bir onu deməkgərək ki, ay sizi, babasısifətlər...
Jalə Mütəllimova
23.11.2020.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.