Erməni alim Jirayr Libaridyan Ermənistanı Azərbaycanla qonşuluq münasibətləri yaratmağa çağırır

26-11-2020, 09:15           
Erməni alim Jirayr Libaridyan Ermənistanı Azərbaycanla qonşuluq münasibətləri yaratmağa çağırır
Sabiq Ermənistan prezidenti Levon Ter-Petrosyanın müşaviri, 1990-cı illərdə Ermənistan xarici işlər nazirinin müavini, tarixçi və hazırda ABŞ-ın Michigan Universitetində Erməni Araşdırmaları Proqramının direktoru, Jirayr Libaridyan Dağlıq Qarabağda silahlı qarşıdurmaya son qoyan razılaşmanın nəticələrini şərh edib.
Erməni alim bu barədə Türkiyənin ingilisdilli Ahval saytının Hot Purcuit proqramına danışıb.
Aparıcı Yavuz Baydara verdiyi videomüsahibədə sabiq diplomat, münaqişədə qazanan və uduzanlar haqqında, 44 günlük qarşıdurma ardınca yaranmaqda olan yeni geosiyasi vəziyyət və danışıqlarda düzgün strategiya tapmağın çətinlikləri barədə danışıb.

Jirayr Libaridyan Azərbaycan, Ermənistanın, Türkiyə və Rusiyanın müharibədən nə əldə etdiyini təhlil edir. Qısaca deyilsə, onun fikrincə, Azərbaycan ərazilərini qaytarıb, Türkiyə Qafqazdakı nüfuzunu genişləndirib, Rusiya isə Azərbaycanda hərbi mövcudluğunu bərpa edib. Ən çox itirən tərəf isə Ermənistandır.
Rusiyanın nə əldə etdiyinə gəldikdə, Libaridyan 90-cı illərdən bəri Qarabağ nizamlanmasında Moskvanın mövqeyini nəzərdən keçirir.
Onun sözlərincə, bu təhlil göstərir ki, Rusiyanın nəzarət altına almaq istədiyi hədəf Laçın dəhlizi olub. Rusiyanın bu niyyətinin dəyişməz qaldığını həm Minsk Qrupu çərçivəsində, həm də ayrıca, gizli aparılan danışıqların gedişatı təsdiqləyir.
Türkiyəni Qərbdən uzaqlaşdırmaq?

Bu arada gözdən yayına biləcək daha bir məqam var. Bu da daha böyük miqyaslı geosiyasi mənzərənin tərkibidir. Alimin ehtimalına görə, Türkiyənin bu bölgəyə cəlb olunması ilə Rusiya onu ABŞ və NATO-dan uzaqlaşdırmış olur.
"Putin daha böyük bir məqsədinə çatdı. Birinicisi - o, Сənubi Qafqazda Qərbdən yaxa qurtardı. İkincisi - əhəmiyyətli dərəcədə Türkiyəni Qərbdən ayıra bildi".
Libaridyanın fikrincə, Kremlin strategiyası Türkiyənin müttəfiqi olan Azərbaycana da Qərbin təsirini azaldır. Eyni zamanda, Rusiyanın burada hərbi mövcudluğu nəticəsində qərbpərəst Gürcüstanın mövqeləri də xeyli zəifləyir.
Paşinyanın strategiyası
Əvvəlki müharibədə qələbə çalan Ermənistan son illər boyunca riskli strategiyaya əsaslanırdı, o, atəşkəsin daima qalacağını düşünərək, gözləmə mövqeyini tuturdu, Jirayar Libaridyanın belə hesab edir.

İndi Ermənistan cəmiyyəti Nikol Paşinyanın getməsini istəyir.
Lakin məsələ odur ki, sabiq prezident Levon Ter-Petrosyandan başqa, baş nazirin istefasını tələb edən siyasi qüvvələrin Azərbaycana dair danışıqlar strategiyası, hakim partiyanın mövqeyindən fərqlənmir.
"Ter-Pertosyan partiyasından başqa qalan hamının strategiyası Paşinyanın strategiyasına uyğun idi və bu mənada Paşinyanın tənqidinə rast gəlmirsiz. Onu sırf müharibənin necə aparılmasına görə tənqid edirlər".
Libaridyanın sözlərinə görə, Ermənistanda üçtərəfli razılaşmadan imtina etməyə çağıranlar anlamalıdır ki, belə addım nəticəsində ölkə əlində olanları da itirəcək. Belə ki, onlar dərk etməlidirlər ki, "müharibə çağırışı" ilə sülhə nail olmaq mümkün deyil, Libaridyan deyir.
Sabiq müşavirin fikrincə əmin-amanlıq içində yaşamaq üçün, qonşuluğun qaçılmaz olduğunu və biri-birinin istəklərini yaxşı dərk etmək lazımdır ki, qeyri-realistik tələblər aradan qalxsın. Bu mövzuda danışan Libaridyan Şuşanı misal çəkir. Onun sözlərinə görə, ermənilər Şuşanı alanda Azərbaycan, indi isə Ermənistan bunun acısını hiss edir.

"İndi yaxınlıqdakı xalqlarla və yaxınlıqdakı ölkələrlə danışıqlar aparırsınız. Bunları dərk etməlisən. Nəyə niyə "yox" dediklərini anlamalısan və nəyi istədiyini dürüst şəkildə izah etməlisən", - Libaridyan deyir.
Onun sözlərinə görə, belə yanaşma nəticə verməyə də bilər, amma "ən azı əminlik var ki, düşmənlə yox, qonşunla münasibət qurursan və onun problemini başa düşürsən".
"Məsələ danışıqlara necə yanaşmağımızdan ibarətdir. Buna əvvəlki düşüncə ilə yanaşsaq biz məhkumuq, heç bir şey qalmayacaq, uduzmağa davam edəcəyik".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.