Humanistliyimiz Xocalı qətliamı törədən erməniyə keçərlidir, öz millətimizin cahil balasına yox?!
27-11-2020, 19:29

BDU-da tələbənin qovulması ilə bağlı əmr imzalayanları, təklif edənləri və dəstəkləyənləri qınayıram!
Bəli, tələbə cahillik edib, səhv edib, çox böyük səhv edib, onun tərəfini saxlamaq deyil niyyətim. Tələbəni şiddətlə qınayıram! Lakin bu səhvin cəzası da qanunauyğun verilməlidir. Səhvi edən də bizim millətin övladıdır, bəlkə gecəsini-gündüzünə qatıb oxuyub əziyyətlə universitetə girən bir övladdır. Mühakimə etməyə, kəsib atmağa nə tez hazırıq belə? Bayrağımızı seviriksə, tələbəyə də sevdirməliyik, vətənpərvərlik hisslərini aşılamalıyıq, səhvini izah etməliyik, cəza verməliyik, töhmət verməliyik, araşdırıb düz yola gətirməyə cəhd etməliyik, daha birdən-birə kəsib atmaq yox!
Xocalı qətliamı törədən ermənidən dahamı qəddar göründü bu tələbə sizə? Erməniyə humanistlik göstərib eyni torpaqda yaşamağa razılaşa biliriksə, o humanistliyimiz öz millətimizin cahillik edən övladına niyə keçərli deyil? Yoxsa hədəflərimizi səhv salmışıq? Biz tələbələrlə vuruşuruq, istiqamət vermək əvəzinə? Budur akademik mühüt? Deməli, ziyalı təbəqə olaraq, universitet özü də Dövlət bayrağının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin bayrağa hörmət ruhunda tərbiyə edilməsi məqsədilə yetərli tədbirlər görməyib.
Düşünürəm ki, bu tələbənin də adı hərbi çağırış siyahısında olub, döyüşdə Şəhid olanlar arasında ola bilərdi. Onda isə, millətimizin balası deyib səhvlərini belə bilmədən hamımız içdən yanacaqdıq, hamımız ağlayacaqdıq. Gəlin, diri ikən yandırmayaq bu övladı. Bu ailə vətənpərvərlikdən uzaq olsaydı, zatən, evində heç Azərbaycan bayrağı da olmazdı. Bunu da bir düşünün! O bayrağı başına örtmək əvəzinə ona kəfən olaraq sarılsaydı dahamı yaxşı olardı sizcə? Etdiyi hərəkətin mahiyyətini anlamayan tələbənin gələcəyini əlindən almaq onu qəddar bir mühitə əsir salmaqdır!
AR TN-nin ali təhsil müəssisələrinə dair qaydaların 3.1.3.maddəsinə əsasən tələbə daxili intizam qaydalarını kobud şəkildə pozduqda müəəsisədən xaric edilə bilər. Lakin hal-hazırda online məkanda mühüt də virtualdır, universitetdaxili aləm də virtualdır, qaydalar da, üstəlik yüksək keyfiyyətinə təminat verə bilmədiyimiz elektron dərslər müəllimlərdə bir cür gərginlik yaradır, tələbələrdə başqa cür. Bütün bunları nəzərə alaraq, tələbənin cəzalandırılması istisna edilməməklə, bərpasını təklif edirəm!
Belə kəskin və sərt qərarlar verməyi sevənlər, ilk növbədə, rüşvətxorluq edənlərə, kreslolarda kök salıb harınlayanlara, rəyləri, elmi rəhbərliyi pula satanlara, universitetdə təhsil mühitini bazara döndərənlərə qarşı niyə belə sərt qərarları verməyə gücü çatmır, görəsən? Arxasında “adamı” olmayan, 19 yaşlı aciz, cahil tələbəyə çatanda belə cəsarət yaranır? Kəsib atmaq çox rahatdır, tərbiyələndirməyi bacarmalıyıq. Əgər elədirsə, onda, yetkinlik yaşını keçmiş, lakin Azərbaycan bayrağını daşımağın mahiyyətini anlamayan “məhşur simalara” da kəskin münasibət bildirin. Tələbə bayrağı başına qoyubsa, yaş yetirmiş üzdə olan simalar şalvar edib əyninə geyinir.
Müqayisədə, millətimə, bayrağıma ən böyük təhqir savadsızlığa göz yummadır, rüşvətxorluqla məşğul olub illərlə kreslosuna yapışan “qocaman”ları yola verməkdir! Hörmətli rektor, həqiqətən də, məqsədiniz təhsil islahatları aparmaqdırsa, gücünüzü “köksalmış kreslolular” üzərində sınayın!
P.S. Şəkildəkilərə qarşı şəxsi irad deyil, bayrağa ümumi və fərqli münasibəti göstərmək üçün qoymuşam.
Dosent, Filologiya üzrə fəlsəfə doktoru Vüsalə Ağabəyli
reportyer