“Türklər tezliklə Qarabağda görünəcəklər” - Pol Qobl

28-11-2020, 08:53           
“Türklər tezliklə Qarabağda görünəcəklər” - Pol Qobl
Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanan razılaşma uzun müddət müxtəlif ölkələrin ekspertləri arasında müzakirə üçün əsas mövzu olaraq qalacaq. ABŞ, Fransa, Avropa İttifaqı, NATO, ATƏT-in Minsk Qrupu kimi müxtəlif ölkə və beynəlxalq təşkilatlar baş verənlərə tam qiymət verə, həmçinin vəziyyətin gələcək inkişafını proqnozlaşdıra bilmir.

Digər tərəfdən, sənədin özü də hazırda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərin gələcəyi ilə bağlı bir çox sual və boşluqlar buraxır. Bununla birlikdə, geosiyasi baxımdan bölgədə bu gün yeni bir geosiyasi və geoiqtisadi gerçəklik ortaya çıxıb.

Məşhur amerikalı politoloq Pol Qobl AYNA-ya şərhində, üçtərəfli bəyanatın geniş bir anlaşma olmadığını deyib: “Bu anlaşma müharibəni ən azı müvəqqəti olaraq dayndırdı, ərazilərinin bir hissəsinin Azərbaycan tərəfindən qaytarılmasını tanıdı, Bakının Naxçıvana quru yolunu təmin etdi və eyni zamanda, Ermənistan ordusunu məhv olmaqdan qurtardı. Beləliklə, sənəddə iştirak edən bütün tərəflər üçün müsbət və mənfi cəhətlər yer almasına baxmayaraq, gələcəkdə yeni qarşıdurmalar toxumunu özündə ehtiva edir. Buna Qarabağ probleminin sonu kimi deyil, çox çətin bir yolda atılan növbəti bir addım kimi baxıram”.

Bir sıra mütəxəssislər bu razılaşmanın Rusiyanın bölgədəki təsirini artıraraq, ABŞ-ın mövqeyini zəiflətdiyinə inanır, amma amerikalı analitik bu açıqlama ilə razılaşmır: “Bəli, orada rus sülhməramlıları var, ancaq türklər də tezliklə Qarabağda görünəcəklər. Nəticədə, yerləşəcəkləri ərazilər Azərbaycanındır və Bakının türk hərbçilərinin olmasına razılıq vermək hüququ var. Hərbi qarşıdurmanın nəticələrindən sonra xüsusilə vacib olan detal var: Moskva Ermənistanı, ehtimal ki, əbədi olaraq itirdi, bölgədəki Türkiyənin nüfuzunun artmasını qəbul etdi”.

Mütəxəssis, həmçinin ABŞ və NATO-nun Cənubi Qafqazdakı təsirlərini gücləndirməyə çalışacağını arzulayır: “Buna yalnız ümid edirəm, amma əmin deyiləm. Bildiyiniz kimi, ABŞ indi bir aralıq dövrünü yaşayır. Vaşinqton bir müddət daha çox öz problemlərinə diqqət ayıracaq”.

“Bunlarla yanaşı, razılaşmaya əsasən, vacib nəqliyyat dəhlizlərinin və sərhədlərinin açılmasının bölgənin inkişafına töhfə verəcəyinə əmin deyiləm. Bu, əlbəttə ki, niyyətdir. Gözləmək və bu fürsətin investisiyalar tərəfindən dəstəklənib-dəstəklənməyəcəyini görmək məcburiyyətindəyik. Hər şeyi zaman göstərəcək”, - deyə Qobl fikrini yekunlaşdırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.