Dialoq və əməkdaşlıqdan başlanan yol: Azərbaycana xidmət - TƏHLİL
30-11-2020, 10:07

Ölkədəki yeni siyasi konfiqurasiya, siyasi sistemdə münasibətlərin qarşılıqlı etimada söykənməsində Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi xüsusi yer tutur. Həmin şöbənin yaradılmasından bir il ötür. Şöbə 29 noyabr 2019-cu ildə yaradılıb.
Prezidentin iradəsinə və tapşırığına əsasən şöbənin üzərinə Azərbaycanda yeni bir siyasi mühit yaranması vəzifəsinin icrası dururdu. Uzun müddət barəsində danışılan siyasi dialoq mühiti, yeni münasibətlər sistemi və siyasi konfiqurasiya formalaşmalı idi. Yeni yaradılan şöbənin bir illik fəaliyyətinə nəzər saldıqda və prosesləri təhlil etdikdə, uğurlu nəticə əldə edilməsi şəksizdir.
Prezident İlham Əliyev hələ BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında “Hökumətimizin prioritetləri sırasında demokratiyanın inkişafı, insan hüquqlarının qorunması, fundemental azadlıqlar mühüm yer tutur. Ölkədə vətəndaş cəmiyyəti inkişaf edir, internet, dini etiqad, sərbəst toplaşma azadlıqları tam təmin edilir. Bir neçə ay öncə biz ölkədə geniş siyasi dialoq təşəbbüsü başlatmışıq. Bütün əsas siyasi partiyalar bu təşəbbüsü dəstəkləyib. Uğurla başlanan bu siyasi dialoq ölkəmizin siyasi sistemini gücləndirəcək, Azərbaycanın dayanıqlı inkişafınına xidmət edəcəkdir",-deməklə bununla bağlı iradəsini ən yüksək tribunadan bəyan etdi. Başladılan proses bunun məntiqi davamı idi.
Bir il əvvəl başlayan və uğurla davam edən proseslər Azərbaycanda siyasi münasibətlərin artıq demokratik dəyərlər üzrə real müstəviyə çəkildiyini söyləməyə əsas verir.
Real nəticə cəmiyyətdəki aqressiyanın azalması, qarşılıqlı ittiham və etimadsızlığın dinləmə və danışıqlarla, müzakirələrlə əvəzlənməsində görünür. Vətən müharibəsində xalq-ordu, iqtidar-müxalifət və bütünlükdə siyasi qüvvələrin birliyi qələbənin təməlinin möhkəm əsaslara söykəndiyini üzə çıxardı.
Olduqca ağır və məsuliyyətli bir proses ağrısız və qarşılıqlı etimad mühitinin formalaşması ilə icra olundu. Bu məsuliyyətli proseslərin ağırlıq mərkəzində isə Prezidentin tapşırığını və iradəsini layiqincə yerinə yetirən və uğurlu kadrlardan biri sayılan Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevdir.
Yeni yaradılan şöbənin fəaliyyətində aktivlik yarandığı ilk günlərdən bəlli oldu. Qısa müddətdə Ədalət Vəliyev rəsmi qeydiyyatda olan bütün partiyaların sədrləri ilə görüşdü, onlarla ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı müzakirələr aparıldı. İllərlə gözləyən, bəzən isə dövlət qeydiyyatına alınacağından ümidini üzən siyasi partiyalar qeydiyyatdan keçdi. Ölkədə ilk dəfə olaraq Novruz bayramı ilə bağlı dövlət başçının təbriki şöbə müdiri vasitəsilə partiya sədrlərinə çatdırıldı. Prosesin davamında dövlət qeydiyyatına alınan partiya sədrləri ilə bağlı da eyni mövqe təkrarlandı. Torpaqlarımızın işğaldan azad edilməsi münasibətilə partiya sədrlərinin Ali Baş Komandana ünvanlanan təbrik mesajları bu prosesin uğurlu davamı idi.
Bu, özlüyündə ölkədə siyasi partiyaların fəaliyyətində bir canlanma yaratmaqla yanaşı, həm də dialoq mühitinin əsasını qoydu. Bu, elə proses idi ki, uzun illərdir müzakirə olunurdu, əhəmiyyətindən danışılırdı, tərəflər vacibliyini bildirsələr də, irəliyə doğru qəti addım atılmırdı. Bu isə öz mənfi nəticəsini cəmiyyətdəki qarşılıqlı münasibətlərdə göstərirdi. Hər kəs onu hiss edirdi, şahidi olmaq üçün sosial şəbəkələri izləmək kifayət idi. Vəziyyət tərəflərin bir-birini məhz tərəf kimi görməsinə mane olurdu. Halbuki hər iki tərəf ölkənin inkişafına xidmət etdiyini deyirdi.
Ölkə xaricindəki maraqlı qüvvələrin vəziyyətin bu yerə çatmasındakı istək və xidmətlərini də danmaq olmaz. İndiki şərait, siyasi partiyaların qeydiyyatı, dialoq, keçirilən müzakirələr, Vətən müharibəsi müddətində qələbənin təməl daşlarından biri olan həmrəyliyin qeyd-şərtsiz əldə edilməsi, 50 siyasi partiya sədrinin imzası ilə dəstək bəyanatı, Ermənistanın Azərbaycana qarşı təxribatına rəsmi dairələrlə yanaşı, həm də müxalifətin də daxil olduğu siyasi cameənin, ictimai fəalların, vətəndaş cəmiyyəti üzvlərinin zamanında etirazı, beynəlxalq təşkilatlara ünvanlanan müraciətlər ölkəmizə kənardan və daxildən ancaq yem kimi baxanların ən arzulamadığı məqamlar idi.
İllərdir məhz buna çalışmışdılar, daxildə münasibətlərin məhz düşmənçilik xətti üzrə inkişafı onların “əlini möhkəmləndirdi”. İndi bu əllər bir-bir kəsilir, həm də xoşlamadıqları şeylə- dialoqla. Bu yöndəki fəaliyyətdə Ədalət Vəliyevin peşəkarlığı, siyasi bacarığı öz sözünü deyir. Uzun-uzadı açıqlamalar yerinə qısa, lakonuk münasibət, görüntü yerinə iş, ona həvalə olunan vəzifənin öhdəsindən gəlmək əzmi, dövlət adamına xas peşəkarlıq, təmkin, dövlətin simvolu olan birici şəxsin iradəsinin icrası yönündəki fəaliyyət onu başladılan siyasi dialoqun mərkəzinə gətirib. Təbii ki, illər boyu ya olmayan, ya da xoş olmayan münasibətləri tənzimləmək yoxdan nəsə var etmək kimi bir şeydir.
Heç kəs gözləmirdi ki, partiyaların qeydiyyatı və ya partiya sədrləri ilə bircə görüşlə siyasi mühitdəki gərginlik tam aradan qalxacaq. Nəzərə alaq ki, bu partiyalar arasında sərt müxalifət mövqeyi ilə tanınanlar kifayət qədərdir və Ədalət Vəliyev onlarla təkcə dövlətin yox, həm də iqtidarın təmsilçisi kimi bir masa arxasında oturur, o zaman gərginliyi anlamaq çətin deyildi. Amma bu müzakirələrdə iqtidar tərəfi yox, dövlət tərəfi ağır basmalı idi və belə də oldu. Tərəflər dövlətçiliyi daha üstün tutdu. İllərlə qırılan, ancaq qarşılıqlı ittihamlara söykənən, ən yaxşı halda susqunluqla müşayət olunan münasibətləri tənzimləmək çox çətin bir prosesdir. Bu, ilk və əsaslı addım idi. Ona görə bu mühüm, ölkənin təkcə bu gününə yox, gələcəyinə xidmət edəcək vəzifənin icrasındakı istək, təmkin, səbr Azərbaycana xidmətə bərabərdir.
Bu xidmətin bəhrəsini təkcə Azərbaycan yox, bütün dünya Vətən müharibəsindəki qələbəmizlə gördü.
Cebhe.info