İki məmur ölkənin pul damarını niyə doğrayır – sensasion təfərrüat
30-01-2016, 09:42
Samir Şərifovla Elman Rüstəmovun təxribata bərabər addımları; Maliyyə naziri ilə Mərkəzi Bank rəhbərinin “şok terapiyası” Azərbaycanın bank sistemini çökdürə bilər; böhran o həddə dərinləşir ki, ən iri banklar belə bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb; “Texnikabank”ın lisenziyasının alınması xəbərləri yayıldı...
Ölkədə bir ayda altı bankın bağlanması bank sistemində ciddi proseslərin getdiyindən xəbər verir. Əksər banklar hətta birləşmə təklif edilmədən bağlanıb. Son olaraq “Texnikabank”ın lisenziyasının alındığı bildirilir. Bankın İdarə Heyətinin sədri Etibar Əliyev bankın lisenziyasının ləğv olunması ilə bağlı xəbərlərə münasibət bildirib.
O, Musavat.com-a açıqlamasında Mərkəzi Bankın belə bir qərarının olduğunu təkzib edib. Etibar Əliyev bankın bağlanması barədə qərarın artıq əməkdaşlara elan olunduğunu da təkzib edib: “Mən əməkdaşlara heç nə elan etməmişəm. Hamı iş başındadır. Bankın lisenziyasının ləğvi barədə qərar yoxdur. Belə bir qərar olsa, ona hörmətlə yanaşacağıq”.
Bankdakı mənbə isə Musavat.com-a bildirib ki, həqiqətən “Texnikabank”ın bağlanacağı gözlənilir. Amma Mərkəzi Bankın bu barədə qərarı rəsmən elan edilməyib.
Qeyd edək ki, 21 dekabr devalvasiyasından sonra Azərbaycanda bankların bağlanmasına, bəzilərinin isə birləşdirilməsinə başlanılıb. İndiyədək 6 bank bağlanıb, bir neçə iri bankın isə konsolidasiyası, birləşdirilməsi gözlənilir.
Ekspert Vüqar Bayramov musavat.com-a açıqlamasında bildirib ki, dünya praktikasında qısa müddətdə bir neçə bankın lisenziyasının əlindən alınması baş verməyib: “Çox təəssüf ki, Mərkəzi Bankın bankların lisenziyasının alınması ilə bağlı strategiyası indiki məqamda bank sektoruna inamın artırılmasına xidmət etmir. Bank sektoruna inamı azaldır. Mərkəzi Bank prosesə xeyli müddət əvvəl başlamalı idi. Məsələn, "Bank of Azerbaijan" iki ildən artıqdır ki, müştərilərin depozitlərini və depozit faizlərini belə geri qaytara bilmirdi. Amma Mərkəzi Bank sözügedən bankın lisenziyasını həmin bank müştərilərə iki il əziyyət verdikdən sonra geri aldı. Halbuki bunu mərhələli şəkildə almalı idi ki, bank sektoruna inamın azalması formasında ciddi zərbə dəyməsin. Təəssüf ki, bunu etmədi və nəticədə bank sektoru birmənalı şəkildə son qərarlardan ziyan çəkir. Düşünmürəm ki, bankların bağlanması indiki halda bank sektorunun sağlamlaşdırılmasıdır. Əksinə, bankların ardıcıl olaraq bağlanması bank sektoruna inamın ciddi şəkildə itməsinə gətirib çıxarır. Ona görə ki, vətəndaşlar öz depozitlərini artıq banklardan götürmək haqqında düşünürlər. Bu, banklara depozitlərin yerləşdirilməsi baxımından inamın kəskin azalmasına gətirib çıxarır. Əslində Mərkəzi Bank başqa metodlardan istifadə etməli idi. Çalışmalı idi ki, bankların birləşdirilməsi həyata keçirilsin.
Təəssüf ki, Mərkəzi Bank bankların birləşdirilməsini deyil, qısa zamanda bağlanması siyasətini həyata keçirdi. Halbuki bankları birləşməyə təşviq etmək olardı. Son proseslər müflis olmayan bankların bir qismi üçün də ciddi risklər yaradır".
Ekspert Natiq Cəfərli isə qeyd edib ki, bankların ardıcıl olaraq bağlanması bank sistemində bir ildən artıq davam edən stressin nəticəsidir: “Bu stressli vəziyyət bir ildən çox davam edirdi. İki devalvasiyadan sonra banklar çox çətin duruma düşdülər, indi həm aktivləri, həm passivləri problemlidir. Həm verdikləri krediti adamlardan yığa bilmirlər, həm də beynəlxalq təşkilatlara borcları var, borclar az deyil. Banklar ona görə bir-birinin ardınca bağlanır ki, çox kiçik bankları tamamilə sıradan çıxarmaq istəyirlər. Ondan sonra böyük bankların birləşdirilməsi barədə düşünəcəklər. Yaxud da dəstək proqramları barədə fikirləşəcəklər.
Bankların bağlanması prosesi davam edəcək. Bankların bağlanması vətəndaşın bank sisteminə olan güvənini tamamilə azaldır. Mərkəzi Bank bağlanmanın izahını normal şəkildə verə bilmir. İnsanlarda da narahatçılıq var. Banklar yarıya qədər azaldıla bilər, yəni bankların yarısı, 20-yə qədəri bağlana bilər. Sonra ortalıqda qalan bankların birləşdirilməsi və iri banklar tərəfindən ”udulması" baş verə bilər. Bankların sayı kəskin şəkildə aşağı düşdükdən sonra hökumət dəstək haqqında qərar verə bilir. İndi dəstək vermir və göz görə-görə bankların batmasını kənardan izləyir. Axıra böyük bankların qalmasını gözləyir. Dövlətin dəstəyi olmadan banklar ayaqda qala bilməz".
Ekspert Qubad İbadoğlu məsələ ilə bağlı musavat.com-a bildirib ki, problemli bankların lisenziyasını ləğv etmək bu istiqamətdə aparılan alternativsiz siyasətin ən asan mərhələsidir: “Belə qərarların ümumi bank-maliyyə sektorunun sağlamlaşdırılmasına gətirib çıxarması üçün Mərkəzi Bank, Əmanətlərin Sığortalanması Fondu və ləğvetmə komissiyası ilə birlikdə əhəmiyyətli işlər görməlidir ki, əmanətçilər narazı qalmasın, eyni zamanda həmin banklardan kredit götürənlər ondan sui-istifadə etməsinlər. Bu isə ciddi hazırlıq və monitorinq tələb edir. Əgər bağlanan banklardan əmanətlərin geri götürülməsi ilə əlaqədar problemlər yaranarsa və bu ictimailəşərsə, son nəticədə ondan bütün bank sistemi ziyan çəkəcək. Bu həssas məsələdə Mərkəzi Bankın üzərinə böyük məsuliyyət düşür. Bank öz missiyasını yalnız qərar qəbul etməklə başa çatdırmamalı, qəbul edilmiş qərarların icrasına da nəzarət etməlidir. Odur ki, prosesi izləyib, gedişinə də monitorinq etmək Mərkəzi Bankın məsuliyyətində qalır”.
Xatırladaq ki, ölkənin bank-maliyyə siyasətini hazırda iki məmur - maliyyə naziri Samir Şərifovla Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov icra edirlər. Səhnədə, göz önündə, kameralar və diktofonlar önündə onlar görünür. Hər iki məmur gündəlik media qarşısına çıxaraq apardıqları siyasətlə bağlı məlumat və izahat verirlər. 21 dekabr devalvasiyasından sonra S.Şərifovla E.Rüstəmovun fəaliyyətini ən obyektin iqtisadçı ekspertlər belə normal qiymətləndirə bilmirlər. Sanki bu məmurlar bilərəkdən Azərbaycanın maliyyə-bank sistemini iflic etmək üçün yarışır. Bu prosesin sonunun haralara varacağını isə demək çətindir. Daha doğrusu, baş verənlərin ölkəmiz üçün yaxşı aqibət vəd etmədiyi göz önündədir...