Azərbaycanlıların “nifrət ritorikasına son” çağırışı - Ermənistanla barışığı kim, necə istəyir...

10-12-2020, 09:01           
Azərbaycanlıların “nifrət ritorikasına son” çağırışı - Ermənistanla barışığı kim, necə istəyir...
Azərbaycanda bəzi ictimai-siyasi fəallar Ermənistanla nifrət, kin ritorikasını dəyişməyi təklif edir. Onların mülahizələrinə görə, iki xalqın barışması yalnız bu halda mümkündür.

Çünki ermənilərlə azərbaycanlılar qeyri-ixtiyarı bu regionda qonşudurlar, bizim onların Cənubi Qafqazı nə vaxtsa birdəfəlik tərk edəcəklərini, köçəcəklərini gözləməyimiz özünü aldatmaq olar.

“Yeni Müsavat” sual edir ki, belə olan təqdirdə düşmənçilik, nifrət nə qədər davam edə bilər? İki qonşu bir bölgədə əbədi qisas hissi ilə, düşmən kimi yaşaya da bilməz.

Tarixə baxdıqda görürük ki, dünyanın heç bir coğrafiyasında müharibə edən ölkələr və xalqlar ömürlük düşmən qalmayıblar.

Yəhudilərlə almanlar, fransızlarla almanlar, yaponlarla amerikalılar arasındakı müharibələri, tökülən qanları, hərbi cinayətləri, işgəncələri nəzərə alsaq, gərək hər bir yəhudi harada alman qarşısına çıxırsa, öldürsün.

Eynilə Naqasaki və Xirosimaya atılan atom bombalarına görə də yaponlar amerikalılarla düşmənçilikdən o halda əl çəkməsinlər.

Bu mənada azərbaycanlılarla ermənilər mehriban şəraitdə olmasa da belə, ən azı normal qonşuluq münasibətləri çərçivəsində yaşamağa hazırlaşmalıdırlar.

Nifrət dili dinc-yanaşı yaşamaq əhvalına keçməlidir. Amma bir məsələ var - ermənilər Azərbaycanla bağlı bütün sarsaq və mənasız iddialardan əl çəkməlidirlər. Onlar oyuncaq “dqr” utopiyasını, “artsax” xülyalarını yaddaşlarından belə silməlidirlər. Mümkün olacaqmı? Çətin görünür.

Ermənilər tutduqları yerlərdə dövlət yaratmaq, ərazilərin dədə-babab torpağı olduğunu həyasızcasına iddia edən toplumdur.

Yəni elə xalqla düşmənik ki, ziyalısı, intellektualı da obıvateldən artıq düşünmür. Onların içindəki kin, hikkə, nifrət alovu sönmək bilmir.

Bəlkə də başqa millətlə ədavətimiz olsaydı, daha tez bir vaxtda dil tapardıq, barışardıq, keçmişi unutmasaq da, həyatımızı qisas arzusu ilə yaşamazdıq.

Ermənilər tərəfdən isə indiyə qədər heç bir konstruktiv yanaşma, ziyalı mövqeyi eşidilməyib. Üstəlik, barışıq olacaqsa, bunu ilk növbədə özləri arzulamalıdırlar.

Əgər yenə də dəmir yumruğumuzu görmək istəmirlərsə, qüdrətli Ordumuzun gücünə bələd oldularsa, gərək bu regiona köçürülmüş, qafqazlı olmayan bir millət kimi ev sahibləri ilə necə qonşu olmağı, birgə yaşamağı öyrənsinlər, razılaşsınlar. Bu, onlar üçün ən yaxşı yoldur.

Habelə, bizə vurduqları maddi-mənəvi zərərin kompensasiyasını ödəsinlər, üzr istəsinlər, xarabalığa çevirdikləri şəhərlərimizə görə cavab versinlər.

“Elə hadisələr baş verib ki, Azərbaycan xalqının şüuruna, beyninə kəskin şəkildə yazılıb. Xocalı faciəsini, erməni işğalçılarının qəddarlıqlarını unutmaq çox çətindir. Amma reallıqdır ki, eyni coğrafiyada yaşayırıq, yanaşı yaşamağa məcburuq”.

Professor Qulu Məhərrəmli “Yeni Müsavat”a barışığın mümkünlüyünü bu şəkildə şərh edir. Onun fikrincə, o xalqlar bədbəxtdir ki, ziyalıları qisasa, nifrətə körükləyir:

“Bu baxımdan erməni xalqının neçə yüz ildir ki, bəxti gətirmir. Bizim genetikamız isə fərqlidir. Unutqan, cinayətləri bağışlayan deyilik, amma içimizdəki tolerantlıq, nəcabət birgə yaşamağa imkan verir. Başqa çarə də yoxdur. Daim qəddarlığın üstündə həyat qurmaq mümkün olmur.

Sadəcə, o xalqları yönəldən siyasi dairələr, dini çevrələr yüz illərdir genetikasına nifrət toxumları yetişdirirlər, bu da onlar üçün çətinlik yaradır".

Professor hesab edir ki, olanları unutmamalıyıq, çomağımız həmişə əlimizdə olmalıdır, düşmənin kimliyini də yaddan çıxarmamalıyıq, lakin Tanrının bizə veriyi nəcibliyi uca tutmalıyıq:

“Qəzəbimizi, ağlımızı, əxlaqımızı, genetik pozitivliyimizi Mirzə Cəlil ”Kamança" hekayəsində gözəl ifadə edib. Qəhrəman bəy erməni kamançı tutur. Bu o vaxt idi ki, ermənilər xeyli müsəlman öldürmüşü.

Bu da ondan qisas almağa əsas tutur. Amma duyğularından keçərək sadə ermənini bağışlayır və buraxır.

Ermənilərdən fərqli olaraq, nəciblik, daxili zənginlik, işıqlı mənəviyyat bizi yaşadan, güc verən qüvvətdir.

Ermənilərin bədbəxtliyi nifrətə qapılmalarıdır. Amma xalqların yanaşı yaşayışı mümkündür. Heç kim əbədi düşmən olmur. Onlar üçün də çıxış yoludur.

Ermənilər anlamalıdır ki, Türkiyəyə nifrət püskürmək olmaz, onun iqtisadiyyatından bəhrələnmək lazımdır, Azərbaycanın kommunikasiya imkanlarından yararlanmaq olar. Nifrət üzərində həyat getmir, həyat başqa keyfiyyətlər tələb edir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.