Onların Irəvandakı və Bakıdakı Sputniki...
12-12-2020, 01:21

Azərbaycanın 44 günlük vətən müharibəsində diqqətimi çəkən iki məqam oldu. Birincisi o ki, Azərbaycan mediasının Qarabağ savaşında görməli olduğu işin böyük bir hissəsini türk mediası üstləndi. Öncəliklər həmkarlarımıza təşəkkür edirəm. İkincisi, sual edilə bilər ki, minlərlə azərbaycanlı jurnalist vardı, axı nooldu? Deyim biləsiniz, Azərbaycanın milli mediası belə demək mümkünsə ağır və zəif sürətli “terapeya” keçir. Hətta “reanimasiyadadır”. Sağalıb lazımınca çata bilmədi Qarabağ savaşına. Bu diqqətimi çəkən və təəssüfümü doğuran birinci məsələ.
İkinci məsələ, Moskvadakı baş ofisə tabe olan olan, “Sputnik Armenia”. Bu media quruluşu Qarabağ müharibəsinin informasiya savaşında Ermənistanın siyasi rəhbərliyini ciddi cəhdlə müdafiə etdi və hələ də işinin başındadır. Azərbaycan onun hücum obyekti olaraq qalır, baxmayaraq ki, savaş bitib və eynəlxalq media quruluşu olaraq bu qurum neytral durmalıdır.
Sputnikin Azərbaycan ofisi də mövcuddur. Bəs bizdə vəziyyət necə idi? Yəni, eyni mərkəzə aid Sputnik Azərbaycan neynədi? Heç nə, neytral qaldı, tamamən tərəfsiz görünməyə çalışdı. Əslində bu yaxşıdır, hətta çox əladır. Ancaq qəribədir, eyni siyasi kursun iki düşmən ölkədəki siması niyə bir hadisəyə fərqli baxdı. Ermənistan və Azərbaycanın Qarabağ savaşında Sputnik Armenia hücumçu, Sputnik Azərbaycan sadəcə quru xəbər agentliyi rolunu oynadı? Görəsən doğurdandamı anlamadılar, eyni mərkəzdən, eyni ad, eyni siyasətlə idarə olunursansa, biri susub, biri hücuma keçibsə demədir ki, erməniyə, yəni düşmənə dəstəksən. Dostsan, tərəfsən. Amma olduğun dövlətin məsələn, Azərbaycanın tərəfi əsla deyilsən.
***
Xatırladaq ki, Sputnik Azərbaycanda 2014-cü il noyabrından fəaliyyətə başlayıb. Ümumilikdə 30-dan artıq dildə xəbər yayımı ilə məşğul olan “Sputnik” keçmiş sovet respublikalarının əksəriyyətində şöbəsi açıb. Bəzi iddialara görə sözügedən xəbər portalı hətta separatçı Abxaziya, Cənubi Osetiyada təbliğat aparmaqla məşğul olan “Sputnik” kürd dilində radio və sayt açmaqla, PKK terrorçuları ilə də daimi əlaqə saxlayır.
***
Yeri gəlmişkən, Sputnik İnfromasiya Agentliyinin əsas simalarından biri Marqarita Simonyandır. Maraqlı olan vacib bir məqam bu ki, şəbəkənin üzərində müavin olsa da o, azı baş direktor qədər vacibli şəxs sayılır.
Marqarita Simonyan ermənilərin ən vacib və güclü təbliğatçılarındandır. O, qondarma “erməni soyqırımının” əsas piarçısı, eyni zamanda Rusiyadakı erməni diasporunun fəal üzvüdür. Simonyan zamanla “Vestnikkafkaz.ru”, Ermənistanın “Verelq.am”, “Tert.am” xəbər portallarında dağlıq Qarabağ münaqişəsinə dair analitik məqalələrlə çıxış edib. Yeri gəlmişkən, Ermənistan rəhbərliyi onun bu xidmətlərini unutmayıb. 2010-cu ilin noyabrında prezident Serj Sarkisyan Marqarita Simonyanı “Movses Xorenasi” medalı ilə təltif edib.
Eyni zamanda o, Sputnik Azərbaycanın rəhbəri Əziz Əliyevin də yaxını sayılır. Qeyd edək ki, Ə.Əliyevin də ermənilərlə qohumluq əlaqəsi olduğu barədə məlumatlar var.
Yəqin elə buna görədir ki, müxtəlif zamanlarda Sputnik ailəsi adında Ermənistana göndərilən maddi yardım siyahısında Sputnik Azərbaycanın və onun rəhbəri Əziz Əliyevin də adı var. Hətta bunu faktaloji təsdiqləyən sənəd də mövcuddur.
***
Biz o cəmiyyətdə yaşayırıq ki, tez-tez ədalətsizlik görürük. Əslində buna ədalətsizlik demək də olmaz. Azərbaycanda demək olar hər şey sənin necə təqdim olunmana bağlıdır. Bəlkə düşünən olar ki, bu fikirlərin Sputnik Azərbaycanla bağlı yazıya nə dəxli? Deyim biləsiniz, bu media quruluşunda daha çox azərbaycanlı jurnalistlər çalışır. Ailələrini dolandırmaq üçün necə deyərlər, çörəkpulu qazanırlar. Yaxından tanıdığım bir neçə həmkar da var ki, əminəm, işləməyə başqa yer olsa idi, ölkədə milli medianın durumu daha yaxşı olsaydı, heç “Sputnik “ Azərbaycanda çalışmazdılar. O yaxşı vəziyyət bu gün olmadığı üçün “Sputnik” Azərbaycan Bakının mərkəzində fəaliyyətini davam etdirməkdədir. Özü də ölkədə ən yaxşı media ofislərindən birini qurmağa müvəffəq olmaqla fəaliyyətdədir. Bu həm də dolayısı ilə özümüzün, özümüzolan münasibətinin göstəricisidir. Yəni ölkədə dini, ictimai, siyasi, mediatik nə qədər boşluq varsa, hamısına zamanla kimlərsə, harasa pərəstlər doluşur. Əvvəlcə hiss etmirik. Çünki əhəmiyyət vermirik. Onlar da sakitcə, yazıq-yazıq, həm də altdan-altdan öz işlərini görürlər.
Məsələn, Ermənistana yardım edənlərin sırasında, daha dəqiqi “Sputnik” ailəsi adından bunu edənlərdən birinin bu media qurumunun Azərbaycan ofisinin rəhbərinin də təmsil olunması, müharibə aparan Azərbaycanın adının yardım siyahısında əks olunması bu barədə əvvəllər də məlumatların mövcudluğunu görmək həm gülməlidir, həm dəhşətli. Hayastan Ümumierməni Fonduna 100 milyon dollar köçürənlər sırasında “Sputnik Azərbaycan”ın rəhbəri Əziz Əliyevin də adı var. Bakıda yaşayacaqsan. Azərbaycanda pul qazanacaqsan. Siyasi və media elitasında “mən də varam” deyəcəksən, üstəlik, baş düşmənimizə etdiyin yardımı da yumşaq desək gözümüzə dürtəcəksən. Varmı belə bir dünya? Bəli, var, Azərbaycan, Bakı...
...Odur ki, Azərbaycan mediası nəyimizə lazımdır? Biz yeni formatda media quruluşları yaradırıq? Media lazım deyil, sosial şəbələkər var, deyib də başqalarına meydan açanlar varsa, düşünürəm onların özünü də dövlətin müvafiq qurumları araşdırmalıdır. Və ölkədə milli medianın inkişafı, maliyyə vəziyyətinin yaxşılaşdırılması, tənqidi mediaya yer verilməsi üçün ciddi müzakirələr aparılmalı, addımlar atılmalıdır. Ancaq bunu üçün ənənvi adamlar deyil, daha fərqli heyət və həm də ənənəvi adamlar müzakirələrə qatılmalı, vəziyyəti düzgün ifadə etməlidirlər.
Əks halda milli mediası dalana dirənmiş vəziyyətdə olan Azərbaycanda təkcə ermənilərlə dost olanların rəhbərliyinə yox, hələ çox şeylərə şahid olacağıq.
Jalə Mütəllimova
11.12.2020.
Teref.az