YDM-lər yanacağı düzgün vursa, qiymət artımını kompensasiya edər...
7-01-2021, 08:56

Mütəxəssis: “Ölçüyə və keyfiyyətə nəzarət edilsə, aradakı 10 qəpiklik fərq itər”
Azərbaycanda yanvarın 5-dən Aİ-92 markalı avtomobil benzininin satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Tarif Şurası qiymət artımını 2022-ci ildə Azərbaycanda istifadəyə veriləcək yeni zavodda yüksək keyfiyyətli yanacaq istehsal ediləcəyi ilə əsaslandırıb. İqtisadi məsələlər üzrə şərhçi Rahim Əliyev hesab edir ki, benzin və dizelin qiymətindəki artımın keyfiyyətlə bağlı olması özlüyündə müsbət məsələdir:
“Əlbəttə ki, Azərbaycanda keyfiyyətli yanacaq istehsal edən zavodun fəaliyyətə başlaması olduqca vacibdir. İllərdir ki, Azərbaycan neft ölkəsi ola-ola xaricdən keyfiyyətli benzin almaq məcburiyyətində idi. Bu da qəbul edilən hal deyildi. Bir tərəfdən ölkə neft satışından dollar əldə edir, digər tərəfdən həmin dollarları xaricdən benzin alışına xərcləyirdi. Bu məntiqsiz bir alış-verişdir. Buna nəhayət ki, son qoyulacaq”.
Mütəxəssis hesab edir ki, Aİ-92 markalı benzinin və dizel yanacağının bahalaşması kənd təsərrüfatı məhsullarının, taksi xidmətinin, daşınma xidmətinin də qiymətlərində özünü göstərməməsi, yaxud minimuma endirilməsi üçün bu sahədə çalışanlara kompensasiya ödəniləcək.
Ekspert hesab edir ki, daha bir yolla yanacağın qiymətinin artımını kompensasiya etmək olar. Hər bir avtomobil sahibi, çox güman ki, keyfiyyətsiz benzin və yanacağın çənə az vurulması problemi ilə qarşılaşıb. Neçə illərdir bu haqda danışılır, faktlar ortaya qoyulur: “Azərbaycanda son illərə qədər benzinə ən çox qatılan maddə naftalin idi. Tarakan və digər ziyanvericilərə qarşı işlədilən bu dərman mühərriki dağıtmaq gücündədir. Naftalin yanacaq sistemində kristallaşaraq həll olmayan maddə əmələ gətirir, işlənmiş qazların zəhərliliyini artırır. Başqa sözlə, naftalin detonasiyanın qarşısını alsa da, mühərrikin son nəticədə dağılmasına səbəb olur. YDM-də istifadə edilən bir digər maddə texniki spirtdir. Benzin mühərriklərinin detalları spirtlə işləməyə hesablanmadığı üçün yüksək temperaturda spirtin təsirinə məruz qalan detallar tezliklə korroziyaya uğrayır. Azərbaycanda oktan ədədi müvafiq olan yanacaq istehsalı illərdir ki, var. Bu problem həll edilərsə, avtomobillərin yürüş məsafəsi də artacaq. Yəni haradasa 10 qəpiklik artım da hiss edilməyəcək. Bu gün hətta avtomobilinin qeydinə qalan sürücü də tövsiyə olunan markalı benzindən istifadə etsə belə, ölkəmizdə satılan benzinin keyfiyyətinin aşağı olduğuna görə, yuxarıda qeyd olunan simptomlardan sığorta olunmayıb. Benzinin keyfiyyəti - müəyyən göstəricilər dəstidir ki, bura da oktan ədədindən savayı fraksiya tərkibi, tərkibində ola biləcək zərərli maddələrin - turşu, qələvi, üzvi birləşmələr və digər maddələrin olması aiddir. Yanacaq istehsalçısının benzinin keyfiyyətini xüsusi sertifikatda göstərməli olduğuna baxmayaraq, həmin sənəddə göstərilən məlumatların reallıqdan çox uzaq olduğu kimsəyə sirr deyil. Bu gün Azərbaycanda satılan 92 markalı benzin müxtəlif qatışıqlardan istifadə olunması sayəsində oktan ədədi 90-dan da aşağı hesab edilir. Bu isə avtomobilin yürüş məsafəsində, məsafənin azlığında özünü göstərir. Qatışıqların benzin istehsalı üçün birbaşa xammala əlavə edildiyi hallar da məlumdur ki, bu da nəqliyyat vasitəsinə daha böyük ziyan vurur”.
Mütəxəssis deyir ki, Azərbaycanda əksər YDM-lərdə ən geniş yayılmış fırıldaq benzinin kəm verilməsidir: “10 litr əvəzinə 9-9,5 litr benzin satırlar. Buna nəzarət edilsə, aradakı 10 qəpiklik fərq itər. Bu gün bu məsələ əksər YDM-lərdə var. Mətbuatda tez-tez ”LUKoyl"a məxsus YDM-lərdən belə şikayətlər yazılır. Digər bir məsələ isə sırf istehlakçıların vəziyyəti ilə bağlıdır. Geyim, elektrotexnika və digər mallardan fərqli olaraq heç kim aldığı keyfiyyətsiz yanacağı geri qaytarmır və belə bir prosedur ümumiyyətlə mümkün deyil. Ən yaxşısı isə hər sürücüdə “atan” YDM-lərin siyahısının olmasıdır. Keyfiyyətsiz, 1-2 litr benzin oğurlayan YDM-lərdən yanacaq almamaq şərtdir".
Mütəxəssis Avropa avtomobillərinin ölkəmizdə yanacaq təminatı sisteminin çox tez sıradan çıxmasının səbəbinin də keyfiyyətsiz yanacaq olduğunu deyib: “Dünyanın heç bir normal ölkəsində avtomobilin benzin nasosunu ildə bir dəfə dəyişmirlər. Və ya yanacaq filtrini hər 8-10 min kilometrdən sonra təzələmirlər. Bu, anormal bir vəziyyətdir. Benzin o qədər keyfiyyətsizdir ki, sürücü məcburdur hər 10 min kilometrdə bir dəfə yanacaq filtrini dəyişsin. Filtri dəyişməzsə, 3-4 ay sonra benzin nasosunu da yeniləməli olacaq. Axı Avropada həmin avtomobillər 5-7 il ərzində ümumiyyətlə təmirsiz keçinirlər. Səbəb isə ondadır ki, Avropada avtomobil onun kompüter, beyin mərkəzinin uyğunlaşdırıldığı benzinlə çalışır. Azərbaycanda ona tökülən benzini avtomobil sadəcə qəbul etmir. O, sadəcə, bunun nə olduğunu anlamır. Bu gün qiymət artımını keyfiyyət və dürüstlüklə kompensasiya etmək olar. Sadəcə, bunun üçün təcili tədbirlər görülməlidir”.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”