Medal və ordenlərlə təltif prosesi bir sıra adamlarda narazılıq yaradıb- Digərləri bu narazılığı öz məqsədləri ilə şişirdirlər... MĞVQE
10-01-2021, 04:55

Medal və ordenlərlə təltif prosesi bir sıra adamlarda narazılıq yaradıb. Digərləri bu narazılığı öz məqsədləri ilə şişirdirlər, geniş ümumiləşdirib, güya əsgər əməyini qiymətləndirmədə ədalətsizlik hökm sürür kimi, qərəzli "qənaətlərini" cəmiyətə aşılayırlar.
Birincisi, müharibədə iştirak etmiş cavan oğlan nə bilsin ki, təltifat prosesi bir dəfə olub, bitmir, zamana uzanır.
Mən uşaq idim, 1945-dən 30 il keçmişdi, amma həyatda olan və dünyasını dəyişmiş müharibə veteranları hələ də orden, medallarla təltif olunurdular. Burada yubiley medallarını nəzərdə tutmuram, bunlar çox adama verilirdi... Konkret müharibədə göstərdiyi yüksək keyfiyətlərə və xidmətlərə görə hərbi medal, ordenləri nəzərdə tuturam.
İkincisi, bizim cəmiyətdə hərbi ənənələr və hərbi maarif zəif inkişaf edib. Bunun üstünə mental xüsisiyətlər gəlir. Biz medal, ad, orden tələb etməyə normal baxırıq. Halbuki, normal hal deyil.
Həmin qardaş Türkiyədə orden, medalın verilmədiyinə ya yubandığına görə küsmək, bunu ictimailəşdirmək və s. dava açmaq heç kəsin ağlına gəlməz. Həmçinin, ABŞ ya Rusiyada ya B.Britaniyada buna görə heç kəs küsmür, bunu dünya problemi eləmir. Ruslarda isə gec də olsa, əsgərin əməyinə qiymət veriləcəyinə əminliyi ifadə edən deyim var, "medal sahibini tapacaq". Gec təltifin öz ləzzəti var. Adam aramızda yaşayır, illər keçdikdə, məlum olur ki, o, əsl qəhramandır!
Bir məqamı da anlamalıyıq. Müharibə bizim üçün bitib. Ordu isə hazırda müharibə həcmində işlər görür. Baş qarışıqdı daha təcili və önəmli məsələlərə. Bu şəraitdə kimsə unudula bilər, siyahılar tam tərtib olmaya bilər, cüzi diqqətsizlik ola bilər və s. Bir sözlə, təltif olmamağın ya yubanmanın adi, hər kəsə aydın səbəbləri var.
Və nəhayət. Sözümü kəsə deyirəm. Orden, medal üstündə dava, umu-küsü ayıbdır, döyüşçü ləyaqətinə uyğun deyil. Ona görə, zəngin hərb ənənələrinə malik türklərdə belə hallara rast gəlmirik. Çünki hərbçi, əsgər öz borcunu yerinə yetirir. Vətəni Ana hesab ediriksə, anamızın müdafiəsinə görə kimdən nəsə ummalıyıq, küsməliyik? Bu yanaşma qeyd-şərtsizdir.
Ədalətsizliyə gəlincə... Bütün dünya ordularında ədalətsizlik var, olub və olacaq. Bunu bilmək üçün ən mükəmməl ABŞ ordusunun istefada olan polkovniklərinin, generallarının memuarları ilə tanış olmaq kifayətdir. Hələ tarixi ədəbiyatı demirəm. ABŞ kimi demokratik ənənələrə malik cəmiyətin parçası olan, hərbi ənənələrə, irsi hərbi elitaya malik orduda ədalətsizliklər varsa, bizim orduda necə olmalıdır? Bizdə harada ədalət var ki, orduda da olsun? Başqa həyat sahələrimizə baxsaq, az-çox nisbətən düzgünlük elə ordumuzda var.
Cəmiyət olaraq, mənəvi, intellektual keyfiyətlərimizdə Qələbəmizə layiq dünya səviyəsinə qalxmalıyıq.
Nazim Bayram
Hərbi ekspert