PA rəsmisi: Mövcud sərhədlər bizi qane etmir - "Zəngəzur qanunsuz şəkildə Ermənistana verilib"

21-01-2021, 12:35           
PA rəsmisi: Mövcud sərhədlər bizi qane etmir -
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Fuad Axundov “Moskovskiy komsomolets” portalında Dağlıq Qarabağ münaqişənin başa çatmasından sonra ayrı-ayrı Ermənistan rəsmilərinin məsuliyyətsiz bəyanatlarına aydınlıq gətirib.

KONKRET.az xəbər verir ki, PA rəsmisi müəllif yazısında tutarlı arqumentlərlə həmin bəyanatların, bununla bağlı rus mediasında dərc edilən yazıların əsassız olduğunu sübut edib.

Müəllifin yazısını təqdim edirik: “Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanatın imzalanmasından sonra Rusiya mətbuatı və oxucu auditoriyasının Bakı-Yerevan münasibətlərinə maraq göstərməsini anlaşılandır. Bununla belə, bir halda ki, Marina Perevozkinanın “Evin yarısını erməniyə saxlayıb, yarısını əlindən alırlar: azərbaycanlıları sərhədyanı əraziləri ələ keçirməkdə günahlandırdılar” və “Ermənistan “türk çuvalı”ndan qorxuya düşüb” başlıqlı məqalələrində yalnız erməni tərəfinin mövqeyi verilib, o zaman biz də məsələyə aydınlıq gətirək, əslində nə baş verdiyini izah etməyə çalışaq.

Əslində nə baş verir? Gəlin, ardıcıllıqla nəzər salaq. “Evin yarısını erməniyə saxlayıb, yarısını əlindən alırlar: azərbaycanlıları sərhədyanı əraziləri ələ keçirməkdə günahlandırdılar” səvlövhəli məqalədə söhbət Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyasından gedir. Məqalədə “Moskovskiy Komsomolets”in (MK) müsahibi – Ermənistan sərhəd qoşunlarının keçmiş komandanı Levon Stepanyan çox qəribə və müasir dünya üçün təhlükəli arqumentlə çıxış edir: “Ermənilər həmişə bu sərhəddən narazı olublar”. O, daha sonra deyir ki, “hazırda Azərbaycan hərbçiləri orada erməni qoşunlarının olmamasından, yalnız sadə kəndlilərin yaşamasından istifadə edərək, Sovet dövrünün sərhədlərini pozur, həyasızcasına Ermənistan ərazisinə girərək, orada öz bayrağını qaldırır, GPS cihazını açır və deyir ki, bura onların torpağıdır”. Müsahib əlavə edir ki, azərbaycanlılar həmin ərazilərə “Azərbaycana xoş gəlmişsiniz” yazılmış lövhələr quraşdırır, “sərhədləri GPS-lə müəyyənləşdirir, cihaz isə birqayda olaraq, Azərbaycanın xeyrinə göstərir”, nəticədə Ermənistan böyük ərazilər itirir.

İndi isə gəlin həm MK-nın oxucularını, həm də cənab Stepanyanın özünü məlumatlandıraq. Məsələ ondadır ki, mövcud sərhədlər bizi də qane etmir. Daha doğrusu, biz XX əsrin iyirminci illərində tarixi Azərbaycan torpağı olan Zəngəzurun qanunsuz şəkildə Ermənistana verilməsindən, ərazimizi iki yerə bölməklə, Naxçıvanın Azərbaycanın qalan hissəsindən ayırmasından narazıyıq. Buna baxmayaraq, Azərbaycan dünya arenasında ardıcıl olaraq dövlətlərin sərhədlərinə, ərazi bütövlüyünə hörmətlə yanaşılmasının tərəfdarı kimi çıxış edir. Amma bu, qarşılıqlı bir prosesdir. Sərhədlərin kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq. Dünya tarixində sərhədləri güclə “düzəltmək” istəyən siyasətçilərin öz xalqlarını hansı bəlalara duçar etdiklərinə dair xeyli nümunə var.

Ən əsası isə başqa məqama aydınlıq gətirək: nə üçün bu mərdiməzar GPS cihazları “adətən Azərbaycanın xeyrinə göstərir”?. Hərçənd, buna elə Stepanyanın özü aydınlıq gətirib: “Sovet vaxtı bura inzibati sərhəd olub, sonra isə o, sırf formal xarakter daşıyıb. Çünki ətraf ərazilər bizim nəzarətimizə keçib”.

Bu yerdə nə qədər sərt səslənsə də, adamdan həmin ərazilərin və evlərin tarixini soruşarlar.

Xatırladaq ki, Ermənistan 1992-1994-cü illərdə dövlət sərhədlərini, beynəlxalq hüququ və dünya arenasında sivil davranış normalarını pozaraq, Azərbaycan ərazisinin 20%-ni, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında yerləşən Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarını işğal etmişdi. Nəticədə Ermənistan torpaqları keçmiş Sovet sərhədinin bir tərəfində, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları isə digər tərəfində qalmışdı. Üstəlik, işğal altına düşən rayonlarda o vaxtadək erməni əhali demək olar ki, yaşamamış, işğal zamanı orada yaşayan azərbayanlılar amansız etnik təmizləməyə məruz qalmışdı. Həmin hadisələr zamanı insanlar sözün hərfi mənasında yalın ayaqla qarlı dağ aşırımlarına üz tutmuşdu. Onlarla dinc insan indiyədək itkin düşmüş sayılır – onlar sadəcə donaraq dağlarda qalıb.

İşğaldan sonra erməni tərəfi sərhədə heç bir əhəmiyyət verməyərək, bu torpaqlarda əkin-biçin aparıb, Ermənistan əhalisinin tən yarısını buradan yığdığı məhsulla dolandırıb, Vecnəli və Söyüdlü yataqlarından qızıl belə, çıxarıb. Bu da son deyil. Onlar sərhədyanı kəndlərdə evlər tikib, yollar çəkib…

İndi isə Ermənistan müharibədə məğlub olub. O, işğal etdiyi torpaqları boşaltmağa güc yolu ilə məcbur edilib. Demək, artıq sərhədləri kiminsə istədiyi kimi deyil, xəritələrdə göstərildiyi kimi çəkməyin vaxtı çatıb. Odur ki, GPS cihazlar bir müddət əvvələdək işğal altında olmuş əraziləri tək Azərbaycanın deyil, həm də həmin sərhədləri tanıyan BMT-nin xeyrinə göstərir. Bu, istənilən halda belə olacaq – istəyirsən sərhədi GPS-lə deyil, lap uzun taxta və teodolitlə müəyyən et.

Təbii ki, bu, ağrılı prosesdir və bundan ilk növbədə, sərhədyanı kəndlərin sakinləri əziyyət çəkir. O sakinlər ki, “düşmənə qismət olmasın” deyib evlərə və bağlara od vururlar. Lakin sual olunur: indiki sakinlər o evlərdə nə vaxt məskunlaşıb? Bəs onlardan əvvəl bu yerlərdə yaşayanların başına nə gəlib? Bu suallar xoş olmaya bilər, lakin bu gün onları cavablandırmadan, sərhədyanı rayonlarda nə baş verdiyini anlamaq mümkün deyil.

Eyni şəkildə digər məqalədəki “qaranlıq məqamlar”a da aydınlıq gətirmək lazımdır. “Ermənistan “türk çuvalı”ndan qorxuya düşüb” sərlövhəli yazıda Marina Perevozkinanın müsahibi, Ermənistan Demokrat Partiyasının sədri Aram Sarqsyan kommunikasiyaların açılması kimi humanitar addımın Ermənistanda nə üçün birmənalı qarşılanmadığını izah etməyə çalışır: “Vədlər (Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın Rusiyaya Azərbaycan üzərindən tranzit çıxış əldə edəcəyi haqda dedikləri – F.A.) bir şeydir, reallıq isə başqa. Hətta Sovet vaxtı belə, Ermənistandan Naxçıvandan keçməklə gedən qatarlar daşa basılır, geri şüşələri sınıq vəziyyətdə qayıdırdı. Azərbaycanda da eyni şey baş verirdi. Hətta Ermənistanda zəlzələ baş verən vaxt oraya humanitar yüklərin daşınması zamanı belə”. Üstəlik, “ümummiyyətlə bizim tarixi yaddaşımız türklərin sözünə inanmamıza imkan vermir”miş.

Elə isə Yelisey müqaviləsi imzalanarkən almanlarla fransızların tarixi yaddaşları harda imiş? Bəs ən böyük xarici ticarət tərəfdaşı Almaniya Federativ Respublikası olan SSRİ-nin yaddaşı necə olmuşdu? Hərçənd istehzalı suallar verməyək. Dünyada belə nümunələr çoxdur və müharibələr, nəhayət, məhz onların sayəsində başa çatıb.

Qayıdaq cənab Sarqsyanın “Naxçıvandan keçməklə Ermənistandan gedən qatarların daşa basılması” haqda dediklərinə və bu zaman gizlətdiyi kiçik bir detala. Axı bu, Ermənistan ərazisində baş verirdi!

Məsələ ondadır ki, Cənubi Qafqazın “dəmir yolu coğrafiyası”na görə, Azərbaycandan Naxçıvana dəmir yolu Ermənistan ərazisindən, uzunluğu 46 kilometr olan və Mehri sahəsi adlanan (Mehri stansiyasının adına uyğun) ərazidən keçir. Bu sahə Ermənistan ərazisində yerləşsə də, Azərbaycan Dəmir Yollarının tabeliyində idi. Qarabağda münaqişə başladıqdan sonra erməni ultramillətçiləri məhz həmin sahədə qatarları daşa basırdılar. Nəticədə artıq 1989-cu ildə Naxçıvan Muxtar Respublikası tam blokadaya salınmışdı.

Məsələ bəzən gülməli həddə çatırdı: hətta SSRİ-nin yollar naziri Nikolay Semyonoviç Konaryov 24 saat ərzində “Vremya” proqramına iki dəfə müsahibə vermişdi. Yoldaş Konaryov əvvəlcə qatarların Azərbaycan dəmir yolunda daşa basıldığını demişdi. Lakin Bakıda haqlı narazılığın baş qaldırmasından sonra o, daha bir müsahibə verərək, hadisənin baş verdiyi dəmir yolunun Azərbaycana məxsus olsa da, Ermənistan ərazisində yerləşdiyini bildirmişdi. İndi eyni nağılları cənab Sarqsyan danışır.

Üstəlik, xatırladaq ki, Ermənistanla Azərbaycan arasında münaqişənin davam etdiyi üç onillik ərzində Yerevan durmadan 1988-ci ildə olduğu kimi, “blokada”dan şikayət edib. Halbuki, dəmir yolunun “açar”ı həmin yolun 150 kilometrlik hissəsini işğal altında saxlayan Ermənistanın özündə idi. Yolun açılması üçün sadəcə, sərhədlərin tanınması və erməni qoşunlarının BMT-nin dörd qətnaməsində tələb olunduğu kimi, başqasının, yəni Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması kifayət idi. Lakin Ermənistan bunu könüllü şəkildə etmək istəmədi.

Buna baxmayaraq, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Rusiya prezidentləri, həmçinin Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanat regionun bütün ölkələrinə kommunikasiyaları blokadadan çıxarmaq, sözün həm hərfi, həm məcazi mənasında yeni yollar açmaq şansı verir. Ermənistanın Suxumidən keçən dəmir yolunun açılmasına nail olmasına, yeni “qollar” tikməsinə və öz logistika problemlərini həll etmək üçün başqa yollar axtarmasına heç kim mane olmur.

Lakin bir şeyi yadda saxlamaq vacibdir: xoşbəxtlikdən və ya bədbəxtlikdən, ölkələrin ünvanı dəyişmir. Kiminsə xoşuna gəlib-gəlməməyindən asılı olmayaraq, Ermənistan Azərbaycan və Türkiyə ilə həmsərhəddir. Belə bir vəziyyətdə Ermənistanda kimlərinsə yenidən “şlaqbaumu endirmək”, “türk çuvalı” haqda iddialar səsləndirməklə təcrid vəziyyətində qalmaq istəməsi adamı şoka salır. Əslində isə bu gün Ermənistanın olduğu “çuval”ın ağzı içəridən “çəkilib” və bunu qonşularla sərhədlərdən narazı olanlar edib”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.