Salam, mən Co Bayden...

25-01-2021, 07:50           
Salam, mən Co Bayden...
Demokratların gəlişi: Dünyanı nə gözləyir?
Müasir dünya düzəninin sabitliyi Amerika siyasi sisteminin qərarlarından, hakimiyyət dəyişikliyindən birbaşa aslıdır. Hər hakimiyyət dəyişikliyi ABŞ ilə yanaşı dünyaya da bir sıra gözləntilərə səbəb olur. Fərqli siyasi gedişlər nümayiş etdirsələr də, lakin həm Demokratların, həm də Respublikaçıların bir hədəfi var: ABŞ dünyada supergüc olmalıdır.

Son 4 ildə ABŞ-da Respublikaçılar Partiyası hakimiyyətdə idi və dünya hərbi müharibələrdən daha çox diplomatik müharibələrlə məşğul idi. Sabitlik, Şərqin mühacir axınının qarşısının alınması, iqtisadi partnyorlarla əlaqələrin gücləndirilməsi və s. əsas prinsiplərdən sayılırdı. Lakin bu dönəm 4 noyabr 2020-ci il tarixində sona çatmış oldu. Demokratlar Partiyasından namizəd, keçmiş vitse-prezident Co(zef) Bayden Prezident seçildi.

Onun andiçmə mərasiminə qədər isə dünyanı bir sual düşündürürdü: Supergüc ABŞ hansı ölkələrə sanksiyalar tətbiq edəcək? Dövlətləri nə kimi surprizlər gözləyir?

İlk açıqlamalar və vəzifələrə təyin ediləcək şəxslərə görə siyasi şərhçilər bir sıra proqnozlar vermişdilər. Lakin əsas siyasət yeni başlayır.

Co Bayden kimdir?


1972-ci il. Nyu Kastlda gənc bir oğlan maşını saxlayıb, xanımların gözəllik salonuna girərək, “Salam. Mən Co Bayden. Amerika Senatı üçün Demokratlar Partiyasının namizədiyəm” - deməklə Amerika tarixində öz siyasi karyerasının təməlini qoydu.


O zaman 29 yaşında bir vəkil idi və bu cəsarətli hərəkəti Amerika ilə yanaşı dünya mətbuatının da manşeti olmuşdu. Qısa müddətdə parlayan Bayden, o tarixdən sonra 7 dəfə Senata seçildi, iki dəfə isə vitse-prezident oldu. Lakin əsas hədəfi ABŞ Prezidenti olmaq idi. İki dəfə uğursuz seçki dönəmindən keçərək, üçüncü dəfədə “ölkəni sıfırdan dirçəldəcəyəm” şüarı ilə 74 milyon vətəndaşın səsini alaraq seçkini qazandı. İndi o, Amerikanın 46-cı Prezidentidir.

Demokratlarla Respublikaçıların fərqi


Amerikada Demokratlar, əsasən intellektual, liberal, sol görüşlü vətəndaşlar olmaqla, həmçinin, yəhudilər, ermənilər və “qaralar”dan da səs alırlar. Dini kəsim olaraq onları katoliklər və digər dini qruplar daha çox dəstəkləyir. Respublikaçılar isə, əsasən mühafizəkar, dindar, sağ, mərkəzçi və s. toplumların səsini qazanırlar.



Bu, iki partiyanın daxildəki sosial bölgüdən olan dəstəyidir. Xarici siyasətlərində isə başqa ölkələrdə yaşayan bu sosial təbəqələrin maraqları deyil, yalnız ABŞ-ın mənafeyi əsas götürülür. Demokratlar xarici siyasətdə Amerika üçün daha çox iqtisadi potensiala üstünlük verərkən, Respublikaçılar Amerikanın gücü üçün öncə danışıqlara gedir.

Lakin qarşılıqlı münasibətlərdə hər iki sistem partnyor ölkə üzərində Amerikanın varlığını hiss etdirməyə çalışır. Respublikaçılarda bu, özünü daha çox biruzə verdiyindən, kənardan bəzən onların milliyətçi görüşlərinin olması təsəvvürü yaranır.

Demokratların hakimiyyətə gəlməsinə görə ən çox narahatlığı Şərq ölkələri keçirir. Bunun tarixi siyasi səbəbləri var.

Demokratların Şərq siyasəti


Amerikanın Şərqə marağı 1920-ci illərdən başladı. Bütün zəngin neft ölkələrindən pay almaq, kreditlər verərək bu ölkələri iqtisadi tərəfdən asılı salmaq və iqtisadiyyatı gücləndirmək yönündə çalışmalar başladı. II Dünya müharibəsi gedişində isə Yaxın və Orta Şərqdə Qərb üçün Stalin xofu yaranmışdı. Ona görə də Demokratlar Şərqə yol açmaq üçün İran və Türkiyə ilə əlaqələr qurmağa çalışırdı.


Lakin bölgədə güvənəcəkləri bir güc olmalı idi. H.Trümen İsrail dövlətinin yaradılmasını dəstəklədi və yarandığını elan edəndən tam 11 dəqiqə sonra ABŞ adından bəyanat verərək, onu dövlət olaraq tanıdı.

Demokrat C.Karterin dövründə, 1978-ci ildə Misir ilə İsrail arasında sülh müqaviləsi imzalandı. Bu barışma Amerikanın zəfəri idi və SSRİ-nin Şərqdən zəiflədilərək sıxışdırılması demək idi. Lakin 1979-cu ildə İranda baş verən çevriliş nəticəsində, islamçılar tərəfinən ABŞ səfirliyinin tutulması, əməkdaşlarının girov alınması onun siyasi kariyerasının sonu oldu.

Bill Klinton dönəmində isə İran və İraqa bir sıra borclar verilərək, bu ölkələr ABŞ tərəfindən iqtisadi mühasirəyə alındı. Lakin Bill Klinton beynəlxalq aləmin İrana olan soyuq münasibətindən istifadə edərək təyziqlər göstərdi, İraqa bir sıra yatırımlar etdi. Bölgədə güclü və zəif modellər yetişdirdi.

Şərqdə SSRİ-nin dağılmağa doğru getməsi, bir sıra xalqların azadlığı və yumşalmalar varkən, ABŞ-ın Yaxın və Orta Şərqdə apardığı bu siyasət Amerika xalqını narahat edirdi. 1991-ci ildə ABŞ-da aparılan sorğuya görə Amerika vətəndaşlarının 75%-i ölkələrinin qitələr üzərində polis rolunu oynamasına qarşı çıxdı.

Bill Klinton dönəmində Bosniya, Kosova və Somali “müdaxilələri” xalqı daha çox narahat edirdi. Hətta, növbəti seçkilərdə Respublikaçılar bu qətliamları əsas gətirərək, Amerikanın daha “müdaxilələrdə” yer almayacağını şüar etmişdilər və seçkidə qalib gəlmişdilər. Amma oğul Corc Buşun dövründə, 11 sentyabr hadisələrindən dolayı Şərqə, sanki “səlib yürüşü” başladı. Əfqanıstan və zəngin İraq torpaqlarına Respublikaçılar tərəfindən “demokratik müdaxilə” olundu.

Müharibələrdə minlərlə insanın həlak olması Amerika xalqını da yormuşdu və onlar 2009-cu ildə “Amerikanın sarsılmış gücünü bərpa edəcəyik” - deyən Demokrat Barak Obamanı Prezident seçdilər. Obama Türkiyə və Misirə səfərləri zamanı etdiyi çıxışlarda Şərqdə bir sıra “yumşaq güc” göstəriləcəyini elan etdi. “İraq və Əfqanıstandan ABŞ qoşunlarını çəkəcəyik” deyərək, İraqa daha böyük ordu göndərdi. Daha sonra Quru Qoşunlarını geri çəkib, Hərbi Hava Qüvvələri bazası yerləşdirdi.

Obamanın dövründə Şərqdə “ərəb baharı”, “Ukrayna böhranı” baş verdi. Rəsmi Vaşinqton “ərəb baharı”na diqqətli yanaşır, açıq müdaxilə etmirdi. Məsələn, Tunisdə siyasi olaraq istədiklərini əldə etdilər, Liviyada isə açıq hərbi müdaxilə deyil, koalisiya gücü adı altında Fransa kimi dövlətlər irəli verildi.

Suriyada vəziyyət çox qarışıq idi. Burada Amerikanın qarşısında Rusiya, İran və Türkiyə vardı. Kürdlər Obamadan dövlət tələb edir, o isə 2014-dən etibarən İŞİD-ə qarşı Suriya muxalifətinin təlimləndirilməsini və silahlandırılmasını əsas məqsəd kimi qarşıya qoymuşdu. İranı çəkindirmək üçün sanksiyalar tətbiq edir, Rusiyaya qarşı Ukraynaya dəstək olurdu.

Obamanın xarici siyasətində əsas prioritet - ölkəsi üçün hədəflərə çox xərc çəkmədən çatmaq, yeni-yeni sərvətlərlə Amerika xalqını sevindirmək idi. Hakimiyyətdən gedərkən isə Donald Trampa dağılmış Orta Şərq miras qoydu. Və bu gün Bayden Trampın bir sıra qərarlarını ləğv etsə də, daha hansı ciddi qərarlar verəcəyi ilə bağlı dünya ictimaiyyəti narahatlıq keçirir.

Azərbaycana qarşı münasibət...?

Co Baydenin Azərbaycana qarşı 907-ci maddənin hazırlanması və qəbul edilməsində fəaliyyəti danılmazdır. Vitse-prezident olduğu dövrlərdə də ermənilərə yönəlik bir sıra fəaliyyətlərdə adı keçir. Lakin 2016-cı ildə Azərbaycan Prezidentinin ABŞ-a səfərı zamanı Baydenlə keçirilən görüşdə Azərbaycanın dünya enerji bazarındakı fəaliyyəti ilə yanaşı, Dağlıq Qarabağdakı separatçı rejimin də fəaliyyəti müzakirə olunmuşdu.

Bu zaman Prezident İlham Əliyev Barak Obamanın mövcud ststus-kvonun yolverilməz olduğuna dəstək verməsinin Azərbaycan üçün önəmli olduğunu bildirmişdi. Bir növ erməni lobbiləri ilə əlaqədə olan sistemə bunu xatırlatmışdı.

Lakin hazırda Co Bayden böyük bir dövlətin rəhbəridir. Şərhçilərin fikrincə, onun Qafqaza dair planları və qəraraları dəyişməlidir.

Baydenin Rusiya siyasəti və Navalnı


Co Bayden hələ vitse-prezident olarkən Rusiyaya qarşı sərt mövqedə idi. Xüsusən, Ukrayna böhranı zamanı tez-tez Kiyevə gələrək, oradan Rusiyaya qarşı sərt bəyanatlar verirdi.

Türkiyə politoloqları şərh edirlər ki, Aleksey Navalnı, məhz Co Baydenin diqqətini çəkmək və demokratiya ulduzu olaraq parlamaq üçün Rusiyaya qayıtdı və həbs edildi.

Hazırda Rusiyada vəziyyət qarışıb və Co Bayden hələlik sakit tərzdə izləyir. Rusiyada isə aksiyaçılara divan tutulsa, muxalifət lideri azadlığa buraxılmasa, bu, ABŞ-ın diqqətindən kənarda qalmayacaq və gələcəkdə Rusiyanın ABŞ ilə dil tapmasında çətinlik yaradacaq…ayna.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.