Azərbaycanlı general erməni generalın iddialarına cavab verdi
6-02-2016, 00:32
Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan generalı Yaşar Aydəmirov Ermənistan ordusunun istefada olan generalı Arkadi Ter-Tadevosyanın iddialarına cavab verib.
Keçmiş korpus komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov APA-ya açıqlamasında bildirib ki, dinc Azərbaycan əhalisinə qarşı xüsusi amansızlığı ilə şöhrət tapmış "kommandos” ləqəbli Ter-Tadevosyan bu günlərdə erməni jurnalistləri qarşısında çıxış edib: "Hərbi məsələlərdən başı çıxmayan jurnalistlərə bu "qəhrəman” Azərbaycanın birtərəfli qaydada məhv edilə biləcəyi barədə pafoslu, hədə-qorxu dolu fikirlərini çatdırıb. O bildirib ki, Ermənistanın və Dağlıq Qarabağ ermənilərinin sərəncamında guya sınaqdan çıxmış xüsusi texnika və 3-4 neft-qaz platformasına tuşlanmış hansısa mifik raketlər mövcuddur. Gülüş doğuran və təəccübləndirən isə odur ki, bu sayıqlamaları o, BMTNizamnaməsinin 51-ci maddəsindəki ölkəyə hücum olduğu təqdirdə özünümüdafiə hüquqü ilə pərdələməyə cəhd göstərir. Qəddarlığı ilə öyünən bu üzdəniraq keçmiş döyüşçü dediklərindən eyforiyaya qapılaraq bütün məsələləri baş-ayaq çevirir. Hətta öz yalanlarına, uydurmalarına Ermənistan prezidenti və müdafiə nazirinin guya bu haqda Azərbaycanı nə vaxtsa xəbərdar etmələri barədə mülahizələrini də qoşur. Cənab Ter-Tadevosyan, heç nəyi qarışdırmırsınız ki?! Çünki məhz siz təcavüzkar siyasət yeridib, Azərbaycan torpaqlarını işğal etmisiniz, dinc əhalini qanına qəltan edərək bir milyondan artıq insanın doğma yurd-yuvasından didərgin düşməsinin səbəbkarısınız".
Y. Aydəmirov A. Ter-Tadevosyana suallar ünvanlayıb:
"Mən ağlını itirmiş erməni "sərkərdəsi” və sizə bənzər digər "strateq"lərlə polemikaya girmədən, sadəcə olaraq, soruşmaq istəyirəm:
1. Xankəndindən ən yaxın platformayadək 300 km-dən artıq məsafə olan halda, siz neft-qaz platformalarını necə və nə ilə məhv etməyə hazırlaşırsız?! Siz istifadənizdə olan raket sistemlərinin məsafə üzrə zərbə imkanlarını öyrənin, sonra danışın. Bu imkanlar R-300 kompleksində - maksimum 300 km, sahə üzrə isə 100x100 m-dir. Sizin diqqətlə "yoxladığınız" texnikanın sırasında hədəfləri dəqiq məhv etmək imkanlarına malik olan bir dənə də olsun nümunə yoxdur!
2. Məgər Gürcüstandan keçən neft boru kəmərinin partladılması nəticəsində infrastruktura ciddi ziyan dəyə bilər?! Əgər fərz etsək ki, sizin diversantlar və yaxud "yoxladığınız" texnika beton hasarla mühafizə olunan boru kəmərini sıradan çıxarmağa nail olsalar belə, birincisi, neftin nəqlini dayandıran avtomatik sistem işə düşür. İkincisi isə, bu cür qəzaların, nasazlıqların nəticələri xüsusi qüvvələr və vasitələrlə dərhal aradan qaldırılır.
Nəhayət, nəzərə almaq lazımdır ki, Azərbaycanın sərəncamında olan, sınaqdan çıxmış zərbə və məhvetmə vasitələri Ermənistandakılardan qat-qat üstündür. Düşməni yerinə oturtmaq, ona sarsıdıcı zərbələr endirmək və sağalmaz yara vurmaq üçün həmin texnika hədəfə tuşlanaraq hazır vəziyyətdədir. Bu zərbələrdən hətta sizin sevimli paytaxtınız - İrəvan şəhərinin də yayınması istisna deyil. Əgər biz Dağlıq Qarabağ probleminə hələ də səbr, təmkinlə yanaşırıqsa, şübhəsiz ki, bu öz qərarlarında beynəlxalq hüququn normalarına və prinsiplərinə, BMT-nın münaqişəyə dair qətnamələrinin tələblərinə hörmətlə yanaşan prezidentimizin alicənablığının, müdrikliyinin və xalqımızın sülhsevərliyinin nəticəsidir”.