“Azərbaycanda məmurlar neftin qiymətinin 100 dollara çatacağını düşünürlərsə...” - GƏLİŞMƏ

28-01-2021, 09:10           
“Azərbaycanda məmurlar neftin qiymətinin 100 dollara çatacağını düşünürlərsə...” - GƏLİŞMƏ
Dünya birjalarında neftin qiymətləri bahalaşır.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,42 dollar artaraq 56,33 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,38 dollar bahalaşaraq 52,99 dollar olub.

Ekspertlər və təhlil mərkəzləri hesab edirlər ki, pandemiyanın bitməsi ilə neftin qiymətində ciddi artım görəcəyik. Bu isə neft ölkələrinin varlanmasına, meqa layihələrin artmasına səbəb olacaq.

Beynəlxalq Valyuta Fondunun (IMF) dünya iqtisadiyyatının inkişafına dair yanvar hesabatında irəli sürülüb ki, cari ildə dünya bazarında neftin qiymətləri 20 faizdən çox artacaq.

Bununla belə, neft qiymətlərinin 2019-cu ilin səviyyəsindən hələ də xeyli az olacağı qeyd olunur.

“Neftdən başqa xammal növlərinin də bahalaşacağı güman edilir. Belə ki, proqnozlara əsasən, 2021-ci ildə daha çox metalların qiyməti artacaq”, - sənəddə qeyd olunur.

Azərbaycan büdcəsinin əsas hissəsi neftin hesabına formalaşır. Bu baxımdan neftin qiymətinin yüksəlməsi digər neft ölkələri kimi, şübhəsiz ki, Azərbaycanın da maraqlarına xidmət edir.

Lakin burada başqa bir nüans da var. Belə ki, 2015-ci ildə neftin qiymətində kəskin enişdən sonra Azərbaycanda kənd təsərrüfatının inkişafına xüsusi diqqət ayrıldı. Ekspertlər, dövlət adamları bildirdilər ki, neftdən asılılığı minimuma endirmək üçün kənd təsərrüfatını inkişaf etdirmək, ixracı artırmaq lazımdır. Ötən illər ərzində bu istiqamətdə xeyli işlər görüldü və ekspertlər bildirirlər ki, ölkədə kənd təsərrüfatı, aqrar sektor əvvəlki illərlə müqayisədə xeyli inkişaf edib. Eyni zamanda bu istiqamətdə müvafiq qurum və strukturlar da yaradılıb ki, onlar da ümumi işin inkişafına töhfə verirlər. Bəs neftin bahalaşması, ölkəyə bu baxımdan gələn valyutanın həcminin artması aqrar sektorun inkişafını ləngidə bilərmi? Yenidən neft hesabına büdcənin dolması, rahatlığın yaranması görülən işlərə necə təsir edəcək?

Əvvəlcə onu bildirək ki, kənd təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə bildirib ki, nazirlik “Azərkosmos” ASC ilə birlikdə azad olunmuş ərazilərdə faktiki əkinaltı torpaqların da çoxillik əkmələrin peyk təsvirləri əsasında xəritələşməsini aparıb: “Hazırda həmin torpaqlarda əkinlərin aparılması, o cümlədən çoxillik əkmələrə aqrotexniki qulluq tədbirlərinin göstərilməsi məqsədilə ilkin işlərə başlanılıb”.

Nazir bildirib ki, bu il aqrar sahədə həyata keçirdiyiniz islahatlardan bəhrələnərək nazirlik əsas diqqətini və fəaliyyətini yerlərdə fermerlərə məsləhət və informasiya xidmətinin gücləndirilməsinə, xidmətlərin daha əlçatan edilməsinə, innovativ üsulların tətbiqinə və əlbəttə, ən ümdə vəzifələrdən biri kimi işğaldan azad olunan ərazilərdə əkinlərin bərpasına yönəldəcək: “Bu sahədə qarşıya qoyduğunuz vəzifələri layiqincə yerinə yetirmək üçün bütün səylərimizi göstərəcəyik”.

“Yeni Müsavat”a danışan ekspert Natiq Cəfərli bildirib ki, neftin qiymətində böyük artımlar müşahidə edilməyəcək:

“Hazırda pandemiya ilə bağlı pozitiv xəbərlər neftin qiymətinə təsir edir. Bundan əlavə ABŞ, Avropa Birliyi, Çin ümumilikdə 15 trilyon dollara yaxın vəsaiti bazara axıdıblar ki, iqtisadi böhranın qarşısını alsınlar. Bunun da bir qismi qiymətli kağızlar birjasından tutmuş fyuçer bazarına gedir ki, bu da qiymətlərin artmasına səbəb olur. Digər tərəfdən isə indiki qiymət artımı süni artımdır. Çünki OPEC və Rusiya hasilatı süni şəkildə azaldaraq qiymətin tənzimlənməsinə nail oldular. Bu tənzimləmə isə uzun zaman davam edə bilməz. Fevralda hasilat 500 min barel, martda və apreldə də bir o qədər artım gözlənilir. Bundan başqa, Səudiyyə Ərəbistanı da elan etdi ki, hasilatı könüllü şəkildə 1 milyon barel azaldacaq. Bu da qiymətlərə pozitiv təsir göstərdi. Yəni qiymətlərin artmasına təsir göstərən amil iqtisadi yox, süni tənzimləmənin nəticəsidir. Ona görə də Azərbaycanda məmurlar neftin qiymətinin 100 dollara çatacağını düşünürlərsə, bu, yanlışdır. Belə bir gözləntinin əsası yoxdur. Bundan əlavə, qiymət artımı bizdə ancaq hasilatın azalmasını kompensasiya edir. Əlavə valyuta gətirmir. Azərbaycan neft hasilatının pik dövrünü keçib. Artıq kəskin azalma dövrünü yaşayırıq. Bütün bu amilləri nəzərə alsaq, neftin qiymətinin 50-60 dollar olması belə əlavə valyuta demək deyil. Bu baxımdan Azərbaycan qələbənin də gətirdiyi pozitiv enerji ilə bağlı qeyri-neft sektorunun inkişafı üçün ciddi addımlar atmalıdır. Neftdən asılılıq Azərbaycanın ən böyük problemidir. Bu, məmurları və hökuməti tənbəlləşdirən əsas hala çevrilmişdi. Düşünürəm ki, qeyri-neft sektoru üzərində çalışmalar davam etməlidir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.