Azərbaycan: Böyük Şərqdə ilk dünyəvi dövlət
26-02-2021, 08:04

Əl-Hərir, Əlcəzair
Müəllif: Ruveyda Əbdülkafi
Qərara gəldim ki, ilk məqaləmi qardaş Azərbaycan Respublikası haqqında yazım. Məqsədim yəmənli soydaşlarımızı, ümumiyyətlə isə ərəb oxucularını bu ölkə, onun problemləri, gələcəyə baxışı, ədalətli istəkləri ilə tanış etməkdir.
Azərbaycanın ərazisi kiçik, əhalisi az olsa da, o, tarixi siyasi rəhbərləri ilə böyük, zəngin və əzəmətlidir. Onlardan biri şübhəsiz ki, mərhum prezident Heydər Əliyevdir. Bu gün ölkəyə İlham Əliyev rəhbərlik edir. Bir müddət əvvəl yenidən dövlət başçısı seçilmiş Azərbaycanda əsl əmin-amanlığa, çiçəklənməyə, inkişafa nail olub.
Qeyd edək ki, illər əvvəl təcavüzkar Ermənistan sabiq Sovet rəhbərliyinin, BMT-yə üzv dövlətlərin, sivilizasiya iddiasında olan böyük ölkələrin gözü qarşısında Azərbaycana hücum edərək, onun ərazisinin 20%-ni ələ keçirmişdi. Bu təcavüzkar siyasət əlbəttə ki, BMT Nizamnaməsi ilə tam ziddiyyət təşkil edirdi. Lakin bu ali qurum Azərbaycan torpaqlarının azad olunması üçün beynəlxalq və regional səylərin səfərbərliyinə nail ola bilmədi. Halbuki, Ermənistanın əməlləri nə humanizm prinsipləri, nə insan hüquqları, nə də səmavi dinlərin dəyərlərinə uyğun idi...
Qeyd edək ki, dünyada sənaye üsulu ilə ilk neft quyusu XIX əsrin ortasında məhz Azərbaycanda qazılıb. Azərbaycan İkinci Dünya müharibəsində Sovet ordusunun faşizm üzərində qələbəsinə böyük töhfə verib, Sovet İttifaqının cənub-qərb cəbhəsində keçilməz sədd olub. Azərbaycanlılar isə Sovet-Alman cəbhəsinin ön mövqelərində vuruşublar. O zaman çox sayda azərbaycanlı bu yolda canından keçib. Eyni zamanda, Bakı hasil etdiyi neftin çox hissəsini hələ Şərqi Avropa cəbhəsində vuruşan Sovet ordusuna verib. Bu o zaman idi ki, Sovet əskərləri hələ Hitlerin qərargahından, Reystaq binasından uzaqda idilər.
Azərbaycanın “qara qızıl”a malik olması, eləcə də Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsi kimi strateji coğrafi mövqedə yerləşməsi onu daim xarici qüvvələrin hədəfinə çevrilib. Nəticədə o, zaman-zaman uzun sürən müharibələr, toqquşmalar meydanına çevrilib. Başqa sözlə, azərbaycanlılar hər dövrdə işğalçılarla mübarizə aparmalı olub. Belə mübarizələrdən ən şiddətlisi qonşu Ermənistanla müharibə olub. Ermənistan 1988-ci ildən 2020-ci ilin sonuna qədər Azərbaycan torpaqlarını, təbii sərvətlərlə zəngin Dağlıq Qarabağ regionunu işğal altında saxlayıb. Ermənilərin bu bölgəyə faşizm ruhlu təcavüzü nəticəsində minlərlə azərbaycanlı şəhid olub. Ermənilər bu diyarda dinlərin də pislədiyi vəhşiliklər törədiblər.
Lakin bütün bunlara baxmayaraq, Azərbaycan hökuməti bu çətinliklərə son qoymağa nail olub. Bu gün Azərbaycan sivil dövlətlər cərgəsində öncül yerlərdən birini tutur.
Ümumiyyətlə, o, Böyük Şərqdə ilk dünyəvi, sivil dövlət olub. Qanunları, dünyaya açıq və mötədil xalqı ilə fəxr edən Azərbaycanda qanunlar qadınlara kişilərlə bərabər hüquqlar, o cümlədən seçki hüququ verir. Bütün bunlar Azərbaycanı qadına kişilərlə bərabər siyasi hüquqlar verən ilk islam ümmətinə çevirib. Bakı bu sahədə Britaniya, ABŞ və bir çox digər dövləti qabaqlayıb.
Bu gün Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva beynəlxalq nüfuza malik şəxsdir. Mühüm təhsil ocaqlarında ali təhsil almış xanım Əliyeva öz elmi, vətənpərvərliyi ilə tanınan ailədəndir. Bu gün Mehriban Əliyeva ölkəsi ilə yanaşı, dünyada da mütərəqqi qadın kimi tanınır.
(Ərəb dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Əl-Hərir