Azərbaycan xalqı yeni tarix yazdı - İsrafil Kərimov yazır

27-02-2021, 09:47           
Azərbaycan xalqı yeni tarix yazdı -
“Biz ədaləti bərpa etdik, otuz il ərzində işğal altında olan torpaqları qaytardıq və dövlətimizin, xalqımızın gücünü göstərdik. Müharibənin ilk günündən üstünlük bizim tərəfimizdə idi.” Dövlətimizin başçısı İlham Əliyev Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində bir daha 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimizi şərtləndirən amilləri, həmçinin 30 ilə yaxın dövrdə işğalçı Ermənistana hər cür dəstək olan dövlətlərin diqqətinə çatdırdı ki, müharibədən sonra bu gün dünyada yeni reallıq yaranıb və bu reallığı Azərbaycan xalqı yaradıb.

Bu müharibə göstərdi ki, dövlətimizin başçısı İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir. Ölkə Prezidenti İlham Əliyev qeyd olunan mərasimdə Birinci Qarabağ müharibəsi ilə İkinci Qarabağ müharibəsi dövrünün müqayisəli təhlilini apararaq bu məqamı xüsusi vurğulamışdır ki, Birinci Qarabağ müharibəsində bizim qəhrəman övladlarımız şücaət göstərmişdilər. Amma o zaman Azərbaycana rəhbərlik edənlər lazımi tədbirləri görə bilməmişdilər. Xüsusilə AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə Şuşanın, Laçının, Kəlbəcərin düşmənə verilməsi böyük xəyanət idi. Bu, faktiki olaraq müharibənin sonrakı gedişatını şərtləndirdi. Çünki Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaradılmışdı və ondan sonra digər torpaqların işğalı üçün ermənilərin çox böyük üstünlüyü yaranmışdır.

Həmin dövrün reallıqlarından biri də nizami ordunun olmaması idi. Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızın deyil, ayrı-ayrı şəxslərin maraqlarının müdafiəsinə xidmət edirdi. Hətta insanları Kəlbəcərdən, Laçından çıxarmaq üçün lazımi tədbirlər görülməmişdi.

Azərbaycan son illər ərzində gücləndi, bütün sahələrdə təcrübəsi nümunə oldu. Müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun maddi-texniki bazası möhkəmləndi, döyüş qabiliyyəti artdı. Bu gün ordumuzun potensialı bütün dünyanın gözü önündədir. İkinci Qarabağ müharibəsinədək Azərbaycan Ordusunun 2016-cı ildə aprel döyüşlərində, 2018-ci il Naxçıvan qələbələrində göstərdiyi qəhrəmanlıq, şücaət müdafiə gücümüzün dünyaya təqdimatında əhəmiyyətli rol oynamışdır.

Bu gün də Azərbaycan Ordusunun güclənməsi, yeni, müasir texnika ilə təchiz edilməsi istiqamətində addımlar atılır. Məlum olduğu kimi, son 17 ilin əsas hədəfləri sırasında Azərbaycanın hərbi büdcəsinin Ermənistanın ümumi büdcəsindən dəfələrlə artıq olmasına nail olmaq idi. 44 günlük Vətən müharibəsində Qələbəmiz bu reallığın təsdiqi oldu. Ölkəmizdə ən müasir tələblərə cavab verən ordu quruculuğu dünyanın heç bir yerində olmayan böyük sürətlə aparıldı. Məhz aparılan bu yüksək səviyyəli dövlətçilik fəaliyyəti və təşkilatçılıq işi Müzəffər Ali Baş Komandanın dediyi kimi, qarşıda duran əsas vəzifəyə xidmət edirdi. İkinci Vətən müharibəsi günlərində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olduğunu nümayiş etdirdi.

Dəmir yumruq kimi birləşən xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində işğal altında olan bütün torpaqlarımızda Azərbaycan bayrağının dalğalanacağına əmin idi. Bu müharıbədə Azərbaycan gəncləri böyük şücaət nümayiş etdilər. Vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişmiş Azərbaycan gəncləri torpaqlarımızı işğalçılardan azad etdilər. Ölkə başçısının da qeyd etdiyi kimi işğal edilmiş torpaqlarda heç vaxt olmayan, amma əslən o torpaqlardan olan gənclər torpaqları uğrunda aslan kimi vuruşurdular. Bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub edib və torpaqlarımızı işğaldan azad etdilər. Bu, tarixi hadisədir. Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmamışdır. Azərbaycan bütün dünyaya öz gücünü göstərdi.

Zəfərimizin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyev hələ müharibənin getdiyi dövrlərdə ölkəmizin gələcəyi ilə bağlı fikirlərini belə ifadə edirdi ki, ölkəmizin gələcəyi çox parlaq olacaq. Son illər ərzində çox böyük uğurlara imza atmışıq. Ölkəmizin həm siyasi, həm iqtisadi sahələrdə uğurları bu gün beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilir. Beynəlxalq arenada böyük uğurlar əldə edilib. Azərbaycan bu gün çox güclü bir ölkəyə çevrilib. Ölkə daxilindəki bütün məsələlər öz həllini tapır. Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək. Ölkəmiz üçün yeni bir dövr başlanır. Bu yeni dövr təkcə iqtisadi deyil, siyasi münasibətlər sahəsində müsbət meyilləri daha da güclənəcək. Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.