Xocalı soyqırımı: Ermənistanla Azərbaycan arasında sülh və barışığa alternativ niyə yoxdur?

27-02-2021, 10:11           
Xocalı soyqırımı:
Eurasia Review, ABŞ

Müəllif: Vasif Hüseynov

Ermənilərlə azərbaycanlılar arasında Sovet İttifaqı dağıldıqdan sonra baş vermiş Birinci Qarabağ müharibəsi, daha sonra isə İkinci Qarabağ müharibəsi zamanı çox faciələr yaşanıb. Ermənistanın Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinə iddiası nəticəsində meydana gəlmiş münaqişə nəticəsində hər iki tərəfdən minlərlə şəxs həyatını itirib. Amma 1992-ci il fevralın 26-na keçən gecə 7 min insanın yaşadığı Xocalı şəhərində 600-dən çox mülki azərbaycanlının qətlə yetirilməsi iki ölkə arasındakı münaqişənin ən qanlı səhifəsidir.

O vaxtdan Xocalı faciəsini soyqırım kimi tanıyan dövlətlərin və parlamentlərin sayı davamlı şəkildə artır. Amma Ermənistanla Azərbaycan arasında 44 gün davam etmiş son müharibədən sonra Xocalı faciəsi də yeni anlam kəsb etməyə başlayıb...

Bu gün Xocalı soyqırımı iki ölkə arasındakı münaqişədə “Holokost anı” kimi qiymətləndirilməlidir. İndi iki ölkə məhz Xocalı soyqırımının bir də təkrarlanmaması üçün sülh və barışıq imkanlarından istifadə etməlidir.

Ermənistanla Azərbaycan arasında İkinci Qarabağ müharibəsi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyannamə ilə başa çatıb. İndi onlar bu bəyannamənin yaratdığı imkanlardan istifadə etməli, belə faciələrin bir daha təkrarlanmasına imkan verməməlidirlər.

Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı 1990-cı illərin əvvəllərində başlatdığı müharibə dövründə dinc mülki azərbaycanlılara qarşı həyata keçirilmiş ən böyük qətliamıdır. Həmin müharibə zamanı Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitişik 7 rayonunu işğal etmiş, bu ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə aparmışdı. Bütün bunlar dinc azərbaycanlı əhaliyə qarşı görünməmiş vəhşilik və zorakılıqla müşayiət olunmuşdu.

O illərdə Ermənistan rəhbərliyi anlayırdı ki, 700 mindən çox azərbaycanlını, həmçinin Ermənistanda yaşayan azərbaycanlıları doğma evlərini tərk etməyə razı sala bilməyəcəklər. Bu üzdən də onlar azərbaycanlıları buna etməyə məcbur etməyə başlamışdılar. Başqa sözlə, azərbaycanlılar qəflətən yaxalanmışdılar. Onlar illər ərzində çiyin-çiyinə, dostluq şəraitində yaşadıqları qonşularından qəddarlıq, zorakılıq gözləmirdilər. Çünki azərbaycanlılarla ermənilər arasında uzun illər ərzində qohumluq əlaqələri belə mövcud idi.

2008-2018-ci illərdə Ermənistan prezidenti olmuş Serj Sarqsyan sonralar etiraf edib ki, Xocalıda azərbaycanlılara qarşı qətliamı məhz bu inamdan istifadə edərək törədiblər.

Yeri gəlmişkən, Sarqsyan 1992-ci ildə Dağlıq Qarabağdakı separatçı hərbi birləşmələrə komandanlıq edib. O, bu gün Karnegi Fondunun böyük elmiş işçisi olan Tomas De Vaala hələ 2000-ci ilin dekabrında, Ermənistanın müdafiə naziri olarkən verdiyi müsahibədə demişdi: “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, onlar bizimlə zarafat edirlər, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməz. Biz bunu [stereotipi] qıra bildik. Və baş verənlər ortadadır”.

Bəli, Xocalı şəhərinin azərbaycanlı əhalisinə ermənilərə inanmaları çox baha başa gəlib. Xocalı soyqırımı nəticəsində 63 uşaq, 106 qadın daxil olmaqla, 600-dən çox dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, işgəncələrə məruz qalıb. Şəhərin 68 qadın, 26 uşaq daxil olmaqla, 150 sakininin taleyi hələ də məlum deyil. Bundan başqa, qətliam nəticəsində 487 dinc azərbaycanlı yaralanıb, 8 ailə tam məhv edilib, 130 uşaq bir, 25 uşaq isə hər iki valideynini itirib.

Xocalıda baş vermiş qətliam jurnalistlər, daha sonra “Human Right Watch” daxil olmaqla, beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən detallı şəkildə sənədləşdirilib. “Human Right Watch” bu faciəni “Ermənistanla Azərbaycan arasındakı münaqişədə ən böyük qətliam” kimi xarakterizə edib.

Qeyd edək ki, Xocalı Azərbaycanın Dağlıq Qarabağ regionunda strateji əhəmiyyət kəsb edən şəhər idi. Bölgənin yeganə aeroportu məhz orada yerləşirdi. Bu baxımdan ermənilər üçün Xocalının işğalı xüsusi hədəf idi.

Qarabağ regionu təxminən 30 il Ermənistanın işğalı altında qalıb. 44 günlük müharibə bu işğala son qoyub və iki ölkə arasında sülhün bərqərar olması üçün yeni üfüqlər açıb. Ermənistan, Azərbaycan və Rusiya lidelərinin ötən il noyabrın 10-da imzaladıqları üçtərəfli bəyannamədə regionda nəqliyyat və kommunikasiya əlaqələrinin açılmasını da nəzərdə tutur. Bu, keçmişdə regionda sülh şəraitidə yaşamış ermənilərlə azərbaycanlılar üçün unikal şans yaradır.

Sülh və barışığın alternativi yoxdur

Beləliklə, Ermənistanla Azərbaycanın, həmçinin beynəlxalq təşkilatların bu nadir şansdan istifadə etməsi, fürsəti əldən verməməsi çox vacibdir. Xoşbəxtlikdən, bu gün sülhün bərqərar olacağına ümid yaradan müsbət əlamətlər var.

Birincisi, Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsnin həll olunduğunu rəsmi olaraq qəbul etməsi əslində, iki ölkə arasında davamlı sülh üçün mühüm əhəmiyyət kəsb edir. Unutmaq olmaz ki, Azərbaycan atəşkəsə Ermənistan silahlı qüvvələrinin döyüş qabiliyyətini tam itirdiyi və müharibənin davam edəcəyi təqdirdə daha böyük itkilərlə üzləşəcəyi dövrdə razılıq verib. Tərəflər arasında imzalanmış bəyannamə isə iki ölkə hökumətlərinə və xalqlarına müharibədən sonra sülh quruculuğu təşəbbüslərini həyata keçirmək imkanı yaradır.

“Münaqişənin həllində dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoymuşuq”, - deyə Azərbaycanın xarici işlər naziri Cehyun Bayramov ötən ilinoyabrın sonlarında bildirmişdi.

Bu gün regional nəqliyyat və kommunikasiya əlaqələrinin açılması, həmçinin 6 dövlət arasında regional əməkdaşlıq (Ermənistan, Azərbaycan, Gürcüstan + Türkiyə, Rusiya, İran) sülh ilə bağlı gündəmdə olan əsas məsələdir. Bütün bunlar regional sabitlik və təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edir.

Bu fikri Nikol Paşinyanın başçılıq etdiyi Ermənistan hökuməti də bölüşür. “Kommunikasiyaların açılması ilə bağlı konstruktiv, qarşılıqlı faydalı olan qərarlar regionumuzda davamlı sülhə nail olunması baxımından vacib amillərdəndir”, - deyə Nikol Paşinyan yerli televizya kanallarından birinə müsahibəsində bildirib. Paşinyan deyib ki, bu, davamlı sülh ilə yanaşı, müəyyən iqtisadi faydalar gətirəcək, regionun və Ermənistanın potensialını, iqtisadi imicini dəyişəcək.

Beləliklə, Ermənistan və Azərbaycan liderlərinin belə ismarıcları iki ölkə arasındakı münaqişənin zamanla keçmişdə qala biləcəyinə ümidlər yaradır. Başqa sözlə, artıq yeni şərait formalaşır. Odur ki, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olunmasında, zorakılıqla müşayiət olunan son hərbi əməliyyatların dayandırılmasında maraqlı olan tərəflər bunu təbii hal kimi qəbul etməlidir.

Bir sözlə, Xocalı soyqırımı Ermənistanla Azərbaycan arasındakı münaqişənin ən qanlı səhifəsidir. Bu soyqırım əslində, iki ölkə arasında sülh və barışığa alternativin niyə olmadığını göstərir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Teref.azшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.