“Lukaşenkonu Amerikadan daha çox Rusiya aradan götürə bilər” - Batka nədən narahatdır?

20-04-2021, 09:16           
“Lukaşenkonu Amerikadan daha çox Rusiya aradan götürə bilər” -
Belarus prezidenti Aleksandr Lukaşenko və onun ailə üzvlərinə qarşı sui-qəsdin hazırlandığına dair iddialar ciddi rezonans doğurub. Bu barədə danışan Batka sui-qəsd hazırlayan qrupun üzvlərinin yaxalandığını bildirib.

Belarus rəhbəri qeyd edib ki, qrupun üzvləri ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqəlidir. Dövlət başçısı qeyd edib ki, Belarusun xüsusi xidmət orqanları onun övladlarına qarşı sui-qəsdin qarşısını almağa müvəffəq olublar.

Lukaşenkonun sözlərinə görə, cinayətkarlar əməliyyata uzun müddət hazırlıq görüblər, hətta oğurlayacaqları şəxsləri saxlamaq üçün xüsusi zirzəmi hazırlayıblar.

Belarus prezidentinin sözlərinə görə, sui-qəsddə Amerikanın xüsusi xidmət orqanlarının əli ola bilər.

“Biz qrupu yaxaladıq, onlar göstərdilər ki, bunların hamısını necə planlaşdırırdılar. Sonra biz (bu əməliyyatda-red.) xarici xüsusi xidmət orqanlarının işini aşkarladıq, ehtimal ki, MKİ, FTB-bilmirəm, orada amerikalılardan kim işləyib. Biz onların Minskə gəlmək və prezidentə və uşaqlara sui-qəsdin təşkili ilə məşğul olmaq arzusunu aşkar etdik”, - Lukaşenko jurnalistlərə deyib.

Onun sözlərinə görə, saxlanılanların uşağın (Lukaşenkonun övladlarının -red.) ələ keçirilməsi planı varmış. Qrup üzvəri Homelsk əyalətində zirzəmi hazırlayıblar.

“Məni başqa şey təəccübləndirir. Niyə amerikalılar özlərini belə aparırlar? Prezidenti aradan götürmək məsələsi qoymaq, yadda saxlayın, ən yüksək siyasi rəhbərlikdən başqa buna heç kim razılıq verə bilmir. Yalnız onlar, başqa heç bir xüsusi xidmət orqanı”, - Belarus prezidenti vurğulayıb.

Belarusun Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi öz növbəsində ölkədə hərbi çevriliş cəhdinin qarşısının alındığını bildirib. Xidmətin məlumatına görə, Rusiyanın paytaxtı Moskvada ABŞ və Belarus vətəndaşlığı olan Yuri Zenkoviç və Belarus vətəndaşı Aleksandr Feduta saxlanılıblar. Qeyd edilir ki, onlar mayın 9-da Minskdə Belarus prezidentinə sui-qəsdi həyata keçirməklə hərbi çevriliş planı hazırlayıblar.

Bu iddialar ətrafında çoxsaylı suallar yaranıb. Xüsusilə ötən həftəki Bakı səfərindən sonraya belə bir xəbərin təsadüf etməsi mövzunu daha çox şaxələndirir. Batkanın bu bəyanatı Rusiyanın təhriki ilə verdiyi iddia olunur.

ABŞ xüsusi xidmətinin Lukaşenkoya və ailəsinə sui-qəsd planlaşdırdığı barədə iddialar nə dərəcədə doğru ola bilər? Belə bir təcrübə varmı? Lukaşenkonu niyə öldürsünlər? Həm də ailəsi ilə birlikdə...

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov yaranan suallara cavab verməyə çətinlik çəkdi: “Açığı deyim ki, bu sualları o adam şərh etməlidir ki, onun məlumatı olmalıdır. Müxtəlif fərziyyələr səsləndirmək olar. Amma bunlar reallıqdan uzaq olacaq. Təfərrüatı ilə nələrin baş verdiyini izləməmişəm. Düşünürəm ki, başqa kimsə də bu barədə tam məlumatlı deyil. Belə bir sui-qəsdin hazırlanıb-hazırlanmadığı barədə nəsə demək çətindir. Kimin sifariş etdiyini də söyləmək asan deyil. Nəyi isə dəqiq bilmədən əminliklə nəsə deməyin tərəfdarı deyiləm. Biz bilirik ki, real sui-qəsdlər var. Bu da bu və ya digər formada siyasi hədəflərə xidmət edir. İndi bu hansındandır, onu deyə bilmərəm. Amerika xüsusi xidmət orqanları tərəfindən ortada bir fakt olmadan nələrinsə təşkil edildiyini söyləmək heç bir halda düzgün çıxmazdı. Sifarişçi kim istəyirsə, ola bilər. Hər halda, Lukaşenko, onun ölkəsi dostumuzdur. Bundan irəli gələn əsas fikir dostlarımızın sağlığıdır”.

Politoloq Əhəd Məmmədli bu iddialarda müəyyən qədər əsasların olduğunu düşünür: “Tarixdə dövlət başçılarının müəmmalı ölümləri nümunələrini görə bilərik. Turqut Özal, Saparmurad Niyazovun prezident postlarında ölümü və yaxud prezident Yuşşenkonun zəhərlənməsi nümunələri var. Müasir dünyada inyeksiya ilə də dövlət başçısını öldürmək olar. Artıq bunun üçün silaha ehtiyac yoxdur. Lukaşenko da bunu bilir və ona görə də narahatdır. Və həmçinin Batka oğlu və onun gələcəyi üçün narahatdır. Lukaşenkonun bu həyatda ən dəyərli varlığı oğludur. O, bu çıxışını Rusiyanın təzyiqi altında da edə bilər. Və yaxud hansısa informasiyaya arxalanıb söyləyə bilər. Lukaşenkonun ölümü Amerikaya Rusiya üzərində gücünün nümayişinin göstəricisi kimi lazım olması da mümkündür. Batkanın ölümü və yaxud öldürülməsi ABŞ-ın Belarusda problemlərini həll etməyəcək. Belarus dövlət olaraq Rusiyanın nəzarətindədir. Moskva Belarusda post-Lukaşenko dövrünə də hazırdır. ABŞ haqqında bu sözləri söyləmək olmaz. Çünki Belarus Amerikanın yox, Rusiyanın ”arxa bağçası"dır. Lukaşenkonu Amerikadan daha çox Rusiya aradan götürə bilər. O, artıq Rusiyaya lazım olmaya da bilər. Rusiya regionu ABŞ-dan yaxşı tanıdığı üçün çox güman ki, Lukaşenkoya əvəzedici də tapıb. Bəlkə də bu əvəzedici birdən çoxdur".
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.