Azərbaycan kimin tərəfini tutmalıdır: İsrailin, yoxsa Fələstinin?

14-05-2021, 06:29           
Azərbaycan kimin tərəfini tutmalıdır:
“Vətən müharibəsi dövründə erməni lobbisi Ermənistanı haqlı göstərmək üçün çox ciddi iş aparırdı, lakin buna rəğmən İsrail Azərbaycana dəstək verdi”

İsrail və Qəzzadakı fələstinli silahlılar arasında baş verən hərbi qarşıdurma dünya gündəmini məşğul edən əsas mövzulardandandır. Qəzza sektorundan İsrail istiqamətinə 45-dən çox raketin atılıması ilə başlayan qarşıdurma hər gün daha da şiddətlənir. Paytaxt Tel-Əvivin, Aşkelon və digər şəhərlərin də raket hücumlarına məruz qaldığı söylənilir.

İsrail hökuməti beynəlxalq ictimaiyyəti ölkədəki mülki insanlara qarşı raket hücumlarını qınamağa və özünümüdafiə hüququnu dəstəkləməyə çağırıb. İsrail müdafiə naziri Benny Qantz Qəzza, Qüds və Qərbi Şəriyədə yaranmış gərgin vəziyyət fonunda ehtiyatda olan 5000 əsgərin səfərbər olunmasını əmr edib. Artıq İsrailin bəzi şəhərlərində fövqəladə vəziyyət elan edilib. Bununla bağlı Baş nazir Benyamin Netanyahu açıqlama verib. BMT Təhlükəsizlik Şurası isə Fələstin-İsrail münaqişəsi ilə bağlı təcili iclas çağırıb.

Fələstin Səhiyyə Nazirliyindən verilən məlumata görə, İsrailin hava hücumları nəticəsində 13-ü uşaq olmaqla, azı 43 adam həlak olub, 269 yaralı var. Bu, son illərdə regionda ən ciddi qarşıdurma kimi qiymətləndirilir. Geniş həcmli son hərbi qarşıdurma 2014-cü ildə baş vermişdi.

İddialara görə, fələstinlilərin Şərqi Qüdsdəki evlərindən qovulmaq təhlükəsi ilə üzləşməsi onların qəzəbinə səbəb olub. İsrail məhkəməsi Şərqi Qüdsdə bir neçə fələstinli ailənin evlərindən çıxarılması barədə qərar verib. Məhkəmə qərarı üçün bir əsas kimi həmin evlərin keçmişdə yəhudilərə məxsus olması göstərilib. Məhz bundan sonra münaqişənin qızışdığı, yenidən alovlandığı söylənilir.

Almaniyada yaşayan soydaşımız, müstəqil jurnalist, araşdırmaçı Çingiz Sultansoy AYNA-ya şərhində deyib ki, İsrail-Fələstin böhranı dərin kök salmış konfliktdir və bununla bağlı birmənalı mülahizə yürütmək çətindir: “Bu münaqişədə hər tərəfin öz haqlı arqumentləri var. Məsələn, Fələstin tərəfi bəyan edir ki, İsrail bizim torpaqlarımızı qəsb edib və danışıqlar prosesinin əksinə olaraq hər dəfə yeni ərazi iddiaları ilə çıxış edir. Fələstin bunu qanunazidd və BMT-nin qərarlarına qarşı təxribat kimi qiymətləndirir. İsrail isə iddia edir ki, Fələstin hansı qərarlara istinad edirsə, həmin qərarlarda onların İsraili müstəqil dövlət kimi tanıması öhdəliyi öz əksini tapıb. Lakin indiyə qədər bu, baş verməyib. Bu səbəbdən İsrail həmin müqaviləyə əməl etməkdən imtina edir”.

“Müharibənin yenidən alovlanmasına gəlikdə, bunu doğuran səbəblər müxtəlifdir. Düzdür, orada məscidə raket atılıb, günahsız insanlar, uşaqlar həlak olub. Bu, qəti şəkildə pislənməlidir. Amma heç bir tutarlı arqument yoxdur ki, bunu edən İsrail dövlətidir. Bəlkə də elə bunu edən İsraildəki müəyyən qruplaşmalardır. Bu barədə ortada tutarlı fakt yoxdur. Hesab edirəm ki, məsələyə emosional münasibət bildirmək ziyanlıdır. Elə rəy yaratmaq ki, guya müsəlmanları kütləvi şəkildə qırırlar – bu, qeyri-adekvat yanaşmadır. Cənub-Şərqi Asiyada, Birmada, Taylandda milyonlarla müsəlmanı qırırdılar. Əgər söhbət müsəlman həmrəyliyindən gedirsə, niyə onda səsinizi çıxarmırdınız?! Yaxud Qarabağda erməni terroruna məruz qalan azərbaycanlılarla bağlı bircə kəlmə belə, etirazınızı eşidən olmadı. Əksinə, Fələstin açıq şəkildə Ermənistana dəstək göstərirdi”, - deyə müsahibimiz bildirib.

Sultansoyun fikrincə, hər hansı dövlətin içində olan qruplaşmaların törətdiyi cinayətə görə bütövlükdə həmin dövləti qınamaq absurd yanaşmadır: “Açıq etiraf etmək lazımdır ki, İsrail demokratik ölkədir. Bu ölkədə azad seçkilər keçirilir. Bu dövlətdə Baş nazirləri, nazirləri cəzalandırırlar. Onlar istefa verməyə məcbur edilir, vəzifədən alınırlar. Bu xüsusda İsrail dünyaya örnək dövlətdir. Amma Fələstindən bu mənada öyrənməli bir şey yoxdur. Onlardan yalnız müqaviməti öyrənmək mümkündür ki, buna da hörmətlə yanaşıram. Bütün bu məqamları nəzərə alaraq mühakimə yürütmək daha doğru olardı. Ümumi götürdükdə isə, münaqişənin hər iki tərəfi günahkardır və qanlı hücumları təqdir etmək olmaz”.


Jurnalist hesab edir ki, Azərbaycan bu məsələyə münasibətdə milli maraqlar konteksindən çıxış etməlidir: “Bütün beynəlxalq münaqişələrdə olduğu kimi, bu münaqişədə də ciddi araşdırma aparan mütəxəssislər olmalıdır. Bildiyim qədər, şərqşünas alim Nəriman Qasımoğlu bununla bağlı ciddi araşdırmalar aparıb. Ötən əsrin 80-ci illərinin sonlarında, hələ SSRİ dağılmamışdan öncə bu barədə geniş elmi tədqiqat aparmışdı. Diqqətinizə çatdırım ki, Sovet İttifaqı birmənalı şəkildə Fələstinə dəstək verirdi. Sözsüz ki, hansı tərəfdə olmasından asılı olmayaraq, cinayət etmiş şəxslər cəzalandırılmalıdır. Məndə olan məlumata görə, İsrailin özündə fələstinlilərə qarşı cinayət törətmiş şəxslərin cəzalandırılması faktları olub. Ola bilər ki, bu, yetərli deyil, lakin baş verib”.

O ki qaldı Azərbaycanın bu münaqişəyə münasibətdə hansı mövqeyi tutmasına, müsahibimizin fikrincə, biz bu məsələyə ilk növbədə milli maraqlar konteksindən yanaşmalıyıq: “Baxmayaraq ki, bizim mövqeyimizin bu məsələdə elə də ciddi əhəmiyyəti yoxdur. Misal üçün, Kanada Azərbaycan və Türkiyəyə hərbi ixracatı dayandırdı. İsrail də bunu edə bilərdi, amma etmədi. Erməni diasporu daha güclüdür və dünyanın müxtəlif yerlərində, o cümlədən elə İsrailin özündə də kifayət qədər təsir rıçaqları var. Vətən müharibəsi dövründə erməni lobbisi Ermənistanı haqlı göstərmək üçün çox ciddi iş aparırdı. Lakin buna rəğmən İsrail Azərbaycana dəstək verdi. Bu gün münasibətlər yüksək səviyyədədir. Azərbaycana silah satır, müxtəlif əməkdaşlıq təmayülləri var. İsrail Azərbaycana və Türkiyəyə diplomatik, informasiya dəstəyi göstərir. Bütün bunları nəzərə almaq lazımdır. Türkiyənin bir nömrəli terrorçusu Abdulla Öcəlan – İsrail kəşfiyyatının informasiyası əsasında həbs edilmişdi. Bunları unutmaq olmaz axı”.

“Postsovet ölkələri arasında Azərbaycan yəhudilərə ən xoş münasibət göstərən dövlət olub. Bu gün İsrailə qayıdan sovet yəhudiləri arasında Azərbaycanda yaşamış rusdilli yəhudilərin sayı kifayət qədərdir. Onların arasında hazırda İsrailin idarə olunmasında iştirak edən məmurlar, İsrail parlamentinin deputatları yer alır. Bizim əlaqələrimiz kifayət qədər yüksəkdir. Fələstin terrorçuları ötən əsrin 60-70-ci illərində erməni terrorçularına təlim keçib. Bu təlimlərin nəticəsidir ki, bu “terror elmini” öyrənən ermənilər gəlib bizim tarixi ərazilərimizdə soydaşlarımıza zülm etdilər. Günahsız insanları, uşaqları qətlə yetirdilər. Günahsız insanlara qarşı terror həyata keçirdilər. Biz harada olmasından asılı olmayaraq, cinayətkar ünsürləri - istər israilli olsun, istərsə də fələstinli - şiddətlə qınamalıyıq. Ancaq bununla yanaşı, tarixi təcrübəyə də istinad etməliyik. Təbii ki, Azərbaycan haqq işində onu müdafiə edən tərəfi daha üstün tutmalıdır. Məncə, bu, İsraildir”, - deyə Sultansoy vurğulayıb.

Müəllif: Azər Niftiyev












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.