Rusiya Ermənistana verəcəyi ölümcül silahların siyahısını açıqladı – Azərbaycana mesaj

20-02-2016, 09:41           
Rusiya Ermənistana verəcəyi ölümcül silahların siyahısını açıqladı – Azərbaycana mesaj
Ankara-Bakı müttəfiqliyinə qarşı terror hədəsi; Rəsmi Bakının ölkənin İslam koalisiyasına qoşula biləcəyi bəyanatına şimaldan reaksiya gecikmədi; Kreml və onun “danışan dil"i Jirinovski “erməni maşası”nı yada saldı; şantaj mesajlarının arxasındakı hədəf...
Azərbaycanın İslam hərbi koalisiyasına qoşula biləcəyi haqda bəyanatına Rusiyadan reaksiya, gözlənildiyi kimi, çox gecikmədi. Özü də bu reaksiya birdən-birə üç fərqli formada və üç ünvandan gəldi və onların heç biri Bakı üçün pozitiv hesab oluna bilməz.

Yada salaq ki, xarici işlər naziri Elmar Məmmədyarov məlum açıqlamanı Bakıda, öz türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra, eyni zamanda Ankaradakı qanlı terror aktları fonunda səsləndirib. Azərbaycan XİN başçısı deyib ki, “Terrorla mübarizə çox mühümdür və hazırda Azərbaycan islam antiterror koalisiyasında iştirakı məsələsinə baxır. Lakin hələlik bununla bağlı qərar verilməyib”. Bu da o anlama gəlir ki, kritik məqamda Bakı Moskva və Tehranın deyil, hər halda Ankaranın (Qərbin) yanında yer almağı götür-qoy edir.

Elə həmin gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova koalisiyaya qoşulub-qoşulmamaq məsələsinin “müstəqil dövlət kimi Azərbaycanın suveren hüququ olduğunu” bəyan etdi ki, bu da mövzunun Rusiya üçün kifayət qədər həssaslığına dəlalət edir. Şübhə yox ki, Məmmədyarovun açıqlamasının Türkiyə xarici işlər naziri ilə görüşdə bəyan edilməsi də Kremlin nəzər-diqqətindən yayınmayıb.



Bu xüsusda M.Zaxarovanın açıqlaması əslində neytral yanaşmadan daha çox, diplomatik bir gedişdir, çünki həqiqətən Bakı yeni quruma qoşulmaq qərarı verərsə, ona Kremlin necə yanaşacağı xanım Zaxarovanın açıqlamadan görünmür. Hərçənd, Rusiyadan gələn ikinci reaksiyadan bunu təsəvvür etmək çətin deyil.

***
Məsələ ondadır ki, azərbaycanlı nazirin bəyanatının ertəsi gün Rusiya mediası işğalçı Ermənistana veriləcək yeni ölümsaçan silahların siyahısını açıqlayıb. Bu silahlar Moskva ilə İrəvan arasında ikinciyə 200 milyon dollarlıq kredit ayrılmasına dair imzalanmış saziş çərçivəsində ötürüləcək. Halbuki, dünənədək Rusiyanın ağır maliyyə durumu səbəbindən bu krediti ayırmaq imkanında olmadığı haqda informasiyalar yayılmaqda idi.



Göründüyü kimi, Moskva hər halda öz forpostunu unutmayıb. Bildirilir ki, kredit ilk ödəniş 2018-ci ilin əvvəlinə qədər ödənilməklə 10 il müddətinə verilib. Həmin vəsait Rusiya istehsallı müasir hərbi texnikanın və silahların alınmasının maliyyələşməsi üçündür.
Sənədə edilmiş əlavəyə görə, Ermənistan Rusiyadan “Smerç” reaktiv yaylım atəşi sistemləri və onun sursatlarını, “İgla-S” zenit-raket sistemləri, yerüstü radiotexniki kəşfiyyat kompleksi “Avtobaza-M”, “TOS-1A” ağır odatanları, “9M113M” idarəolunan raketləri, “RPG-26" qumbaraatanları, Draqunov snayper tüfəngləri, "Tiqr" zirehli avtomobilləri, mühəndis və rabitə vasitələri alacaq.



Moskva sözsüz ki, bu qərarını Ermənistanla hərbi-strateji müttəfiq olması və Azərbaycanla Ermənistan arasında hərbi balansı saxlamaq niyyəti ilə izah edir. Ancaq siyahının məhz indi üzə çıxarılması nəzərdən yayına bilməz və əlbəttə ki, ən əvvəl Ankara ilə yaxınlaşmaq meyli göstərən Bakıya ikiqat mesaj xarakteri daşıyır.

***




Bu yerdə bir daha xatırladaq ki, terror əleyhinə islam ölkələrindən ibarət hərbi koalisiyanın yaradılması təşəbbüsü ilə Səudiyyə Ərəbistanı çıxış edib. Ər-Riyad quruma qoşulmaq üçün ötən ilin sonunda Azərbaycana da rəsmi təklif göndərib. Azərbaycanın iki ən yaxın və strateji müttəfiqinin - Türkiyə və nüvə dövləti Pakistanın, yer aldığı 37 ölkədən ibarət koalisiya qüvvələri hazırda Səudiyyə Ərəbistanında təlimlər keçir. Müşahidəçilərə görə isə koalisiya əslində Suriyada meydan sulayan İran və Rusiyaya qarşıdır. Təsadüfi deyil ki, Tehran və Moskva dərhal bu birliyə qarşı çıxıb.
***

Maraqlıdır ki, bu arada Kremlin “danışan dil”lərindən olan, ötən il Bakıda təmtəraqla qəbul olunub yola salınan kloun-siyasətçi Vladimir Jirinovski də məhz dünən Türkiyə və Azərbaycanı hədələyən, özü də ermənilərlə hədələyən açıqlama verib. Rusiya Liberal-Demokrat Partiyasının sədri bildirib ki, Türkiyə Suriyaya ordu yeridəcəyi halda türk şəhərlərində terror aktları törədiləcək və həmin aktları kürd və erməni yaraqlıları təşkil edəcəklər.

“Bu vaxt bütün Türkiyədə terror aktları başlayacaq. Hökumət binaları, hərbi düşərgələr yanacaq, hər şey havaya uçacaq. Bəs bunu kim elədi? Bilmirik. Bunu ola bilsin ki, kürd döyüşçüləri, yaxud da erməni yaraqlıları ediblər. Yunanlar, bolqarlar, suriyalılar, ərəblər... Onlar orada milyonlarladır və biz, əlbəttə, onların partlayıcı maddəni haradan aldıqlarını bilmirik”, - “Rossiya1" telekanalında çıxış edən Jirinovski belə deyib.

Jirinovski bu xüsusda Ankaradakı son terror aktlarını “məşq” adlandırıb: “Dünən məşq idi, sabah isə bütün Türkiyə yanacaq” - deyə, o, Türkiyəni həm xəbərdar, həm də şantaj edib.
***

Rusiya Dövlət Dumasının sədr müavini olan bir şəxsin - Jirinovskinin şəkk-şübhəsiz, həm də Azərbaycana ünvanlanan bu terror hədələrinə (erməni terrorçuları çoxdan ərazilərimizdə yuva salıb) rəsmi Moskvadan hələ ki heç bir reaksiya yoxdur. Yəqin ki, olmayacaq da. Bəlli məsələdir nəyə görə...musavat/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.