Səlim Müslümovdan inqilabi addım: məmurlarla "bazarlıq" bitdi...
23-02-2016, 01:41
Sosial yardımın alınmasında məmur müdaxiləsinə son qoyulacaq. ANS TV-nin məlumatına görə, bundan sonra ünvanlı sosial yardıma ehtiyacı olan vətəndaşlar nazirliyə müraciətlərini elektron qaydada edəcək.
Vahid elektron müraciət və təyinat alt sistemi ünvanlı sosial yardım üçün müraciət edən şəxsə, müraciətlərə baxılması, yardım təyin olunub-olunmaması barədə qərarın qəbulu ilə bağlı bütün məlumatların verilməsi prosesini əhatə edir.
İlk olaraq vətəndaş internetdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytına (www.mlspp.gov.az) daxil olub, burada xüsusi bölməni açmalıdır. Bu bölmədə ardıcıl olaraq suallara cavab verərək, məlumatlarını daxil etməlidir.
Bundan sonra məlumatların emalı prosesi gedir və sonda vətəndaşa yardım verilib-verilməməsi barədə qərar qəbul olunur. Bu qərar da elektron qaydada e-poçt və ya mesajlar vasitəsi ilə vətəndaşa çatdırılır.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirdi ki, vətəndaşlar bu xidmətlərdən mobil telefon, kompyuter, habelə poçt şöbələrinə quraşdırılmış infoköşklər, bir sözlə internetə çıxış olan istənilən vasitə ilə yararlana biləcək.
Müraciətlər 15 gün ərzində araşdırılacaq və eynilə elektron qaydada cavablandırılacaq. Əgər uyğunsuzluq aşkar edilməzsə, ailəyə sosial yardımın təyin olunması barədə qərar çıxarılacaq, əks halda sosial yardımın təyin olunmasından imtina ediləcək.
Hələ ki, 6 ay ərzində həm elektron, həm də kağız sənədlərlə müraciət mümkündür. Daha sonra isə sadəcə elektron müraciətin saxlanması nəzərdə tutulur.