Bir il fərq, iki foto, fərqli mesaj - Ərdoğan Azərbaycana görə Putinə meydan oxudu

16-09-2021, 07:02           
Bir il fərq, iki foto, fərqli mesaj -
“Diplomatiya dalana dirənəndə yol açmaq işi hərbçilərə həvalə olunur”.

Bir il əvvəl regionumuzda dalana dirənən diplomatiyanı Azərbaycan əsgəri öz qanı-canı bahasına açmış, Qarabağı Azərbaycana qaytarmaqla birlikdə Ermənistanı zorla da olsa masaya oturtmuşdu.

Regiondakı siyasi mənzərə

Bu günsə regionda tam fərqli siyasi mənzərə var. Qarabağın böyük bir hissəsini azad edən Azərbaycan artıq Ermənistandan çox Rusiya və İranla qarşı-qarşıya gəlməli olur. Bir gün İrana nota verilir, başqa gün Müdafiə Nazirliyi sülhməramlıların fəaliyyətini tənqid edən bəyanatla çıxış edir. Bir sözlə, region ölkələri arasındakı münasibətlər günü-gündən gərginləşir.

Belə bir məqamda Azərbaycan Pakistan və Türkiyə ilə təlimlərə start verir, həm də Xəzər dənizində...

İran susarmı? İran da buna etiraz edir. Rusiya durarmı? O da bir bəhanə ilə Ermənistan Müdafiə naziri Arşak Karapetiyanı Moskvaya çağırır. Və səngimək bilməyən diplomatik təlatümün yaşandığı regionda ötən gün (14 sentyabr) siyasi-diplomatik aktivlik pik həddə yüksəlir. Belə ki:

- Ankarada, cumhurbaşqanlığı köşkündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovu və Baş Qərargah rəisi, general-leytenant Kərəm Vəliyevi qəbul edir.

- Paraleldə Ermənistanın Müdafiə naziri Arşak Karapetyan Rusiyada bir sıra rəsmilərlə yüksək səviyyəli görüşlər keçirir.

- Daha bir önəmli məqamsa Kremldə baş verir. Rusiya prezidenti Vladimir Putin təcili çağırışı əsasında Suriya prezidenti Bəşər Əsəd Moskvaya gəlir və Putinlə görüşür.

Bəs bütün bu diplomatik təlatümün səbəbi nədir? Nə üçün Qarabağ azad edildikdən sonra azalmalı olan yükümüz indi daha artmış kimi görünür? Niyə regionda bu qədər kəskin və ziddiyyətli siyasi proseslər gedir?

Cavabı bəsitdir. Qarabağlı Azərbaycanın daha çox güclənməsini istəməyən Rusiya və İran çox da özlərini gözə soxmadan separatçıları dəstəkləyirlər. İranın Qarabağa göndərdiyi TIR-lar və Rusiyanın sülhməramlılara təyin etdiyi “separatçı” komandir Kosobokov bu dəstəyin, eyni şəkildə rəsmi Bakıya qarşı təzyiqlərin əyani sübutudur.

Vəziyyəti gərginləşdirən, diplomatiyanı dalana dirəyən məqam isə bunlar yox, məhz Azərbaycanın Türkiyə-İsrail-Pakistan üçlüsü ilə ittifaqını möhkəmlədib Rusiya və İrana qarşı dişlərini qıcamasıdır. Ötən gün baş verən diplomatik aktivlik isə bir daha Türkiyənin Azərbaycana dəstəyinin dönməzliyini və bunun əvəzində üzləşə biləcəyi problemləri nümayiş etdirir. Beləliklə, siyasi mənzərənin təsvirindən sonra keçək ötən gün baş verənlərin təhlilinə.

İki şəkil – iki mesaj

Ərdoğanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovu və Baş Qərargah rəisi, general-leytenant Kərəm Vəliyevi qəbul etməsi və çəkdirdiyi şəkil başlı-başına bir mesajdır. Xatırladaq ki, ötən ilin avqustunda (müharibədən bir ay əvvəl) da Ərdoğan Azərbaycandan gələn nümayəndə heyəti ilə belə bir şəkil çəkdirmişdi. Lakin bu şəkil, dünənki şəkildən bir az fərqli idi.



11 avqust, 2020-ci il

Diqqət: Ötən ilin avqustunda çəkilmiş şəkildə Ərdoğanın sağında XİN naziri Ceyhun Bayramov solunda isə MN naziri Zakir Həsənov, eləcə də Türkiyənin Müdafiə və Xarici İşlər nazirləri durmuşdu. Bu şəkil “Azərbaycana siyasi-diplomatik dəstəyimiz tamdır, hətta hərbi dəstəyimiz də mümkündür” – mesajını özündə ehtiva edirdi.

Ötən gün çəkilən şəkildə isə Ərdoğanın sağında Azərbaycanın Müdafiə naziri və Baş Qərargah rəisi, solunda isə Türkiyənin Milli Müdafiə naziri və Baş Qərargah rəisi durmuşdu. Yenə bu şəkildə də əyani bir mesaj ifadə edildi: “Əvvəl diplomatik dəstəyimiz var idisə, indi hərbi dəstəyimiz var, “ayağınızı dəng alın”, buradayıq!”



14 sentyabr, 2021-ci il.

Beləliklə, iki şəkli birləşdirəndə ortaya çıxan mənzərə Türkiyənin vətən müharibəsində Azərbaycana verdiyi diplomatik dəstəyin, müharibədən sonra Moskva və Tehranın təzyiqlərindən Azərbaycanı qorumaq üçün real hərbi dəstək fazasına keçməsini aydın ortaya qoyur.

Putin Ərdoğanı İdliblə hədələyir

Putin əlini əlinin üstünə qoyub, Ərdoğanı izləyərmi? Təbii ki, yox. Ermənistan Müdafiə nazirinin qapalı qapılar arxasında, mətbuata sızdırılmadan rus rəsmilərlə nələri müzakirə etdiyini, hansı təlimatlar aldığını bilmirik. Lakin dünən Əsədlə Kremlində görüşən Putin Ərdoğana qarşı həmlə mahiyyətini daşıyan bir açıqlama verdi.

“Mənə görə Suriyanın əsas problemi ölkənin müxtəlif bölgələrində BMT-nin qərarı və sizin icazəniz olmadan xarici qüvvələrin (təbii ki, söhbət Türkiyədən gedir) mövcudluğudur. Bu vəziyyət beynəlxalq hüquqa ziddir”.

Putinin bu açıqlamalarının Türkiyəyə yönəlməsi ehtimalı yüksəkdir. Çünki bir neçə gün əvvəl də Moskva və Ankaranın əsas uzlaşa bilmədiyi nöqtə olan Suriyanın İdlib vilayətində Rusiyanın dəstəklədiyi Əsəd qüvvələri tərəfindən iki türk əsgəri həyatını itirmişdi. Ankara və Soçi razılaşmalarına rəğmən, aşkar şəkildə Türkiyənin üzərinə gələn və İdlib istiqamətindəki hava hücumlarını əvvəlki dövrlərlə müqayisədə iki dəfə artıran Rusiyanın məqsədi bəllidir. Türkiyə Azərbaycanı dəstəkləməkdən savayı, generallarını Bakıya göndərmək və Azərbaycan ordusu ilə təmasları sıxlaşdırmaqla rusların “yaxın çevrəsi”nə girir. Təbii ki, bu arzuolunmaz giriş, Kremlinin planlarını pozur. Ona görə də Qafqazda dalana dirənən Putin Ərdoğanı ən həssas yeri olan “İdlib silahı” ilə vurmaqla hədələyir...

İdlib nə üçün Türkiyə üçün önəmlidir?

Qısaca deyək ki, hazırda Türkiyənin ən böyük daxili problemi qaçqın problemidir. 4 milyona yaxın suriyalı qaçqın illərdir azalmaqdansa, daha da artır. İdlibsə Türkiyənin sərhədində yerləşir və Suriyadakı müxaliflərin son qalası hesab olunur. Putinin təlimatı ilə buraya başlanacaq yeni hərbi hücum isə İdlibdən yüz minə yaxın qaçqının Türkiyəyə axınına səbəb olacaq. Bu isə demoqrafik böhrandan savayı qaçqın məsələsində əli zəifləyən Ərdoğanın siyasi karyerasının sonu ola bilər...

Moskva və Tehrana qarşı yönələn bəyanat



Bütün bunlara rəğmən Türkiyə hələ də geri addım atmır və atmayacaq. Ötən gün Putinin mesajları və İdlibdə gərginləşən hərbi vəziyyətə baxmayaraq, bu gün Türkiyə Milli Müdafiə naziri Hulusi Akar region ölkələrinə açıq mesaj verdi.

“Azərbaycana qarşı yönələn təhdidləri bizə qarşı yönəlmiş hesab edirik”.

Bax, Rusiya və İranın Cənubi Qafqaz siyasətini iflasa uğradan, regionda yeni bir geosiyasi reallıq formalaşdıran və Azərbaycanı ürəklə İrana nota verməyə, rus sülhməramlılarını tənqid etməyə ruhlandıran məqam, bu diplomatik mesajdan ibarətdir...

Nicat İsmayılov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.