“Qiymət siyasətini Milli Məclis müəyyən etməlidir, Tarif Şurasında oturanlar yox” - deputat

16-09-2021, 09:02           
“Qiymət siyasətini Milli Məclis müəyyən etməlidir, Tarif Şurasında oturanlar yox” - deputat
“Azərbaycanda qiymət siyasətini Milli Məclis müəyyən etməlidir, Tarif Şurası isə sadəcə məşvərətçi qurum olaraq parlamentə öz təkliflərini təqdim etməlidir”.
Bu fikirləri Milli Məclisin deputatı, “Böyük Quruluş” Partiyasının sədri Fazil Mustafa Bizimyol.info saytına Tarif Şurasının son qərarını şərh edərkən bildirib.

“Tarif Şurasının son qərarı sanki cəmiyyəti məqsədli şəkildə qıcıqlandırmaq üçün verilib.​ Orda oturan məmurlar sanki başqa ölkədə, başqa dünyada yaşayır, Azərbaycan vətəndaşlarının pandemiya dövründə yaşadığı problemləri görmürlər.​ Pandemiya dövründə cəmiyyəti daha da qıcıqlandırmaq, hansısa vəsaitləri insanların hesabına təmin etmək məsuliyyətsizlikdir.

Prezidentin korrupsiya barədə çıxışından sonra, belə bir qərarın verilməsinin özü korrupsiyaya xidmətdir. Əgər bu illər ərzində Azərbaycanda yüksək oktanlı, keyfiyyətli benzin emal etməyi bacarmamısınızsa, bunun bədəlini niyə vətəndaşlar ödəməlidir? Sanki məmurlar illər ərzində özlərinin edə bilmədiklərinin heyfini xalqdan çıxırlar, vətəndaşları soyurlar”, - deyə deputat qeyd edib.

Onun sözlərinə görə,​ Tarif Şurasının qiymət siyasətilə bağlı yekun qərar vermək üçün hər hansı hüquqi statusu yoxdur: “Əslində nazir müavinlərindən ibarət olan bu Şura məşvərətçi qurumdur, hər hansı inzibati statusu yoxdur. Lakin nədənsə, qərar verilir və dərhal da qiymətlər qalxır, müxtəlif sahələrdə bahalaşma müşahidə olunur. Qiymət siyasətini Milli Məclis müəyyən etməlidir, Tarif Şurası isə sadəcə məşvərətçi qurum olaraq parlamentə öz təkliflərini təqdim etməlidir. Məmurların məsuliyyətsiz hərəkətləri üzündən, cəmiyyət deputatları qınayır, Milli Məclisi günahlandırır. Şübhəsiz ki, bu mövzuda parlamentdə çıxışlar və təkliflər olacaq. İctimaiyyət nümayəndələri dövlət başçısına müraciət edib, qərarın ləğvinə nail ola bilərlər. Hətta düşünürəm ki, bu gedişlə Tarif Şurasının özü də ləğv oluna bilər”.

Vəkil, hüquq müdafiəçisi Əsabəli Mustafayev isə o fikirdədir ki, Tarif Şurasının statusu dəyişərək, məşvərətçi şura olaraq saxlanılmalıdır.

“Bir çox ölkələrdə qiymət siyasətinə parlament qərar verir. Bəzi parlament respublikalarında isə bu qərarı Nazirlər Kabineti verir, çünki nazirlər kabinetini da parlament müəyyən edir. Azərbaycanda qeyri-müəyyən bir durum yaranıb. Tarif Şurasının əslində heç bir inzibati statusu yoxdur, onun qərarlarından da məhkəməyə şikayət etmək mümkün olmur. Təxminən 10 il əvvəl hüquq müdafiəçiləri Tarif Şurasını məhkəməyə vermək istəmişdi, heç bir məhkəmə işə baxmamışdı. Təəssüf ki, Azərbaycanda ictimai qınaq da zəifdir, məhkəmə sistemi də yetərincə müstəqil deyil. Amma bu qərarları Tarif Şurası yox, Nazirlər Kabineti versə, ən azından Konstitusiya Məhkəməsinə şikayət etmək imkanı yaranar”, - deyə hüquqşünas bildirib.

Onun sözlərinə görə, Tarif Şurasında oturan qurumların nümayəndələri əsasən öz təmsil etdikləri nazirlik və təşkilatların maraqlarından çıxış edirlər: “Onlar öz fəaliyyətlərindəki yarıtmazlığı, nöqsanları sanki cəmiyyətin hesabına sığortalayır, guya bu yolla dövlət büdcəsinə vəsait təmin edirlər”.

Hüquq müdafiəçisi Tarif Şurasına ictimai nəzarətin olmaması ilə bağlı məqamı da şərh edib: “Müxtəlif nazirliklərdə ictimai şuralar var, orda QHT nümayəndələri təmsil olunur. Guya nə dəyişdi? Niyə onlar qiymət artımına etiraz etmirlər? Düşünürəm ki, bu qurumun statusuna yenidən baxılmalıdır, daha doğrusu, səlahiyyətləri məhdulaşdırılmalıdır. Tərkibə hər hansı əlavələr etməyə ehtiyac yoxdur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.