Nədən bəzi rəsmi qurumlar Laçın rayonunun sahəsini azı 35 kv.km əskik göstərir?.. - HƏQİQƏTƏN DƏ...

16-09-2021, 14:57           
Nədən bəzi rəsmi qurumlar Laçın rayonunun sahəsini azı 35 kv.km əskik göstərir?.. - HƏQİQƏTƏN DƏ...
Dövlətimizin uğurlu siyasi-diplomatik fəaliyyəti və minlərlə şəhid və qazi oğul-qızlarımızın canı və qanı hesabına 2020-ci il dekabrın 1-də heç bir güllə atılmadan əksər hissəsi 28 il yarımlıq işğaldan azad olunmuş Laçın rayonunun Azərbaycan Respublikası, eyni zamanda bütövlükdə Türk dünyası üçün hərbi strateji, geo-strateji, iqtisadi, ekoloji, geoloji, genealoji və s. əhəmiyyətindən danışmaq yersizdir. Bu mövzuda həm rayonun işğal altında qaldığı müddətdə, xüsusən də 44 günlük müzəffər savaşımızdan bəri kifayət qədər bəhs edilib...

Lakin 2020-ci il dekabrın 1-dən, yəni rayonun 10 noyabr üçtərəfli bəyanatına uyğun olaraq ermənilər üçün Qarabağa “dəhliz” kimi Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin nəzarətinə verilmiş 5 km enindəki ərazisi istisna olmaqla azad edilməsindən bəri bəzi rəsmi mənbələrdə Laçın rayonu ərazisinin sovet dövründən və müstəqillik illərindən indiyədək möhürlənmiş ərazisinin onlarla kvadrat kilometr əskik göstərilməsi diqqətimizi cəlb edib. Və Ermənistan parlamentində sözügedən “dəhliz” ərazisindəki Laçın şəhərinə, rayonun iki kəndinə, həmçinin Şuşanın 6 kəndinə iddialar irəli sürüldüyü bir məqamda bu haqda danışmağı özümüzə bir vətəndaşlıq borcu bilirik...

Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1 dekabr 2020-ci il səhər saat 10:00-da təqdim etdiyi “İşğaldan azad olunan şəhər, qəsəbə və kəndlərimiz” başlıqlı məlumatın sondan 2-ci abzasındakı 1 dekabr tarixinə aid hissəsində deyilir(bax://mod.gov.az/az/news/isgaldan-azad-olunan-seher-qesebe-ve-kendlerimiz-28583.html ):

“1 dekabr
Üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı birləşmələri Laçın rayonundan çıxıblar. Rayon Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilib.
Qeyd edək ki, ərazisi 1800 kvadratkilometr olan Laçın rayonunda bir şəhər, bir qəsəbə və 125 kənd olmaqla, ümumlikdə 127 yaşayış məntəqəsi var”.

Elə eyni tarixdə, yəni 2020-ci il dekabrın 1-də cəmi 2 saat sonra, saat 12:00-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunun işğaldan azad edilməsi ilə bağlı xalqa birbaşa müraciətində belə bir cümlə işlədib:
“Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir, ərazisi 1800 kvadratkilometrdir”(bax: //president.az/articles/48205).

Həmin tarixdən sonra bir sıra rəsmi qurumlar, qəzet, sayt, telekanallar və s. də Laçın rayonunun ərazisini 1800 kv.km olaraq təqdim etməyə başlayıblar.

Azərbaycan Respublikasının sovet dövründən bəri ölkəmizin coğrafiyası ilə maraqlanan vətəndaşları, xüsusən də bu sahənin mütəxəssisləri, həmçinin Laçın rayonunun əksər sakinlərinin də bildiyinə görə, bu rayonun ərazisi 1835 kv.km olub. Bu, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının “İnzibati ərazi vahidləri : Laçın rayonu” bölməsində, 25 cildlik Azərbaycan Milli Ensiklopediyasında, həmçinin, 28-29 illik işğal müddətində qəzet, jurnal, saytlarda, kitablarda, orta və ali məktəblərdəki, idarə və müəssisələrdəki Qarabağ guşələrində tərtib etdiyimiz yaddaşlarda da və s. belə göstərilib. Bu günədək Laçın rayon İcra Hakimiyyətinin rəsmi saytında da(bax: //www.lachin-ih.gov.az/page/10.html) rayonun sahəsi 1835 kv.km olaraq təqdim edilir. Hətta son vaxtlar bir sıra internet mənbələrində, eləcə də bəzi rəsmi qurumların saytlarında, məsələn, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin saytında(bax://www.dqdk.gov.az/az/view/objects/9 ) Laçın rayonunun ərazisi 1924-cü il tarixinə istinadla 1883 kv.km göstərilir. Bəlkə də sovet dövründə Moskvanın dəstəyi ilə Ermənistanın “sürünən dinc işğalı” sayəsində məlum Qaragöl Dövlət Qoruğunun və Qubadlı rayonu ərazisinə yaxın və s. yüzlərlə hektarlar sahələri hesablasaq, elə bu rəqəm doğrudur?..

Bəs necə oldu ki, Laçın rayonunun ərazisi birdən-birə, özü də məhz 10 Noyabr üçtərəfli bəyanatından sonra ən azı 35 kv.km azaldı? Axı uğrunda on minlərlə şəhid və qazimizin qanı axıdılmış torpaqlarımızın nəinki hər bir kvadratkilometri, hər bir qarışı bizim üçün əzizdir... Özü də maraqlıdır ki, həmin bəyanata əsasən rayonun “dəhliz”ə çevrilmiş 5 km enindəki ərazinin sahəsi də təxmini hesablamalara görə, 35 kv.km edir... Bu, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı təxrubat deyilmi?..

Prezident, Ali Baş Komandan İlham Əliyevin də öz çıxışlarında söylədiyi kimi, Azərbaycanda müxtəlif ölkələrin, o cümlədən Rusiyanın, ABŞ-ın və s. təsirində olan “5-ci kalon” şəbəkələri fəaliyyət göstərir. Və həmin şəbəkələr Azərbaycanın siyasi, iqtisadi, hərbi, elmi və s. uğurlarını əngəlləmək üçün bütün dövlət qurumlarına da nüfuz etməyə çalışırlar. Bəlkə Laçın rayonunun sahəsi haqqındakı yanlış məlumat da “5-ci kalon” nümayəndələri, yaxud “QRU”, “FSB” agentləri tərəfindən bəzi rəsmi qurumlara sızdırılıb? Nəticədə eyni rəqəm Prezidentin xalqa müraciətinin mətnində də qeyd edilib və xüsusən həmin günlər gərgin və sıx iş qrafiki olan dövlət başçısı öz çıxışında həmin rəqəmi səsləndirib...

Yoxsa sözügedən rəqəmi formalaşdırıb rəsmi qurumların saytlarına sızdıran güclər gələcəkdə Laçın rayonunun hazırda Rusiya hərbi kontingentinin nəzarətindəki təxm. 35 kv.km-lik “dəhliz” ərazisinin rəsmən Ermənistana verilməsinə çalışır və buna görə də xalqımızı Laçın rayonunun sahəsinin guya 1800 kv.km olmasına alışdırmağa cəhd edirlər?..

Ümid edirik ki, müvafiq dövlət qurumları tezliklə dövlətçiliyimiz və ərazi bütövlüyümüz baxımından bu çox vacib məsələyə aydınlıq gətirəcək... //moderator.az//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.