Qarabağdan “pay” götürmək davası: - fətvaya düşən “qonorar” harda qaldı...

16-09-2021, 17:16           
 Qarabağdan “pay” götürmək davası: -
Son günlər İranın bölgədəki siyasəti Birinci Dünya Müharibəsindən qalib, amma incik çıxan İtaliyanı xatırladır.​ Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə başladığı yenidənqurma və abadlaşdırma layihələrində daha çox Türkiyə və Pakistan şirkətlərinə üstünlük verilməsi sanki Tehranı narahat edir, ona görə də, separatçılara dəstək vermək yolu ilə Bakıya hansısa dolayı mesajlar göndərilir.
İtaliya ən azından Avstriya-Macarıstan ilə döyüşmüş, müharibədə öz rolunu oynamışdı. İran tərəfi isə müharibə zamanı Azərbaycan sərhədlərinə qoşun toplaması ilə, müharibədən sonra isə “Qarabağ​ İslam torpağıdır” fətvası ilə yadda qaldı.

Bu gün sülhməramlıların nəzarətində olan ərazilərə davamlı şəkildə İrana aid yük maşınlarının səfər etməsi, həm də İran dövlət gömrüyünün möhürü ilə “Stepanakert, Armenia” yazılan qaimələr heç də “Qarabağ İslam torpağıdır” fətvası ilə düz gəlmir.

Aydın məsələdir ki, İranın yüksək siyasi dairələrində erməni simpatizanları müəyyən söz haqqına sahibdirlər. Və onlar Ermənistanla əlaqələrdə ifrata vararaq, açıq-aşkar “qırmızı xətt”i keçir, hətta Azərbaycanın ərazi bütövlüyünə belə məhəl qoymadan, separatçılara dəstək verilər.

Yaxud, bu, İran diplomatiyasının bir “təzyiq vasitəsi” adlana bilərmi? Olmaya, İran avqust ayındakı notadan sonra Azərbaycana deməyə çalışır ki, bizə nota yox, Qarabağda “pay” verin...​ Bəlkə, İran tərəfi “yumşaq” şantaj üsulu ilə Qarabağda gerçəkləşən yenidənqurma və abadlaşdırma işlərində özünə “pay” götürməyə, iqtisadi maraqlarını təmin etməyə çalışır?

Əlbəttə, hər bir dövlətin öz siyasi və iqtisadi maraqları var. Bu maraqlara görə, dövlətin siyasəti zaman-zaman dəyişə bilər. Lakin hər bir dövlətin özünün sabit siyasi xətti və “olar-olmaz”ları var.

Məsələn, Azərbaycan İsraillə hər zaman normal münasibətlər saxlayıb, amma Fələstin mövzusunda BMT və İslam Əməkdaşlıq Təşkilatının qətnamələrindən, imzaladığı digər beynəlxalq sənədlərdən kənara çıxmayıb. Türkiyə ilə İsrailin münasibətləri gərgin olan zaman belə, Azərbaycan orta yol tutub, amma ortada qalmayıb. Çünki ikili oynamayıb!..

Azərbaycan heç vaxt hansısa dövlətlə olan münasibətlərinin üçüncü dövlətə qarşı yönəlməsinə imkan verməyib.

Bu gün isə İranın siyasi dairələrinin hansı yol tutduğu məlum deyil... Amma görünür ki, gah “mühafizəkarlar”, gah “islahatçılar” adı ilə bir-birini əvəzləyən İran hakimiyyətləri hələ də Qarabağla, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı yekun qərara gələ bilməyiblər.

Açığı, mən də düşünürəm ki, gündəmdə olan problemlər həllini tapacaq, Bakı və Tehran arasında kompromis əldə olunacaq.

Amma köklü həllin tapılacağını, problemlərin təkrarlanmayacağını deyə bilmərəm. Bunun üçün gərək İran tərəfi öz yanaşmasını, baxış bucağını dəyişsin... Ən əsası, Azərbaycan Respublikasına “şimal əyaləti” kimi yanaşılmasına son verilsin. Bəlkə, o zaman, kimin dost, kimin düşmən olduğu aydın görünər.

Bizimyol.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.