Milli-demokratik düşərgə ilə prezidentin BİRLİYİ: - “Bu, artıq günün tələbidir”

16-09-2021, 19:39           
Milli-demokratik düşərgə ilə prezidentin BİRLİYİ: - “Bu, artıq günün tələbidir”
“Xarici basqıların qarşısında dayanmaq və irəli getmək üçün bundan istifadə etməliyik”.

Bu fikirləri hakimiyyət nümayəndələri və mövcud siyasi partiyaların rəhbərləri arasında keçirilən onlayn-görüşlərin mümkün növbəti mərhələsini dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

MDHP sədrinin sözlərinə görə, hakimiyyət-müxalifət təmaslarının davamında bu istiqamətdə daha dərin inteqrasiya gözləntisi yaranıb:

“Keçirilən bu görüşlərin hamısı əhəmiyyətlidir və əvvəllər də dediyim kimi, dialoqun alternativi yoxdur. Bu görüşlərdə sadəcə, iqtidar-müxalifət münasibətləri tənzimlənmir, həm də müxalifət partiyaları arasındakı münasibətlər də sahmana salınır.

Azərbaycanda hamı tərəfindən qəbul olunur ki, ölkədə milli birliyə ehtiyac var. Kimlərin və necə üstümüzə gəldiyini hər kəs görür. Son tədbirdə PA-nın şöbə müdiri Ədalət Vəliyev də öz fikrini bildirdi ki, artıq görüşlər başlayacaq.

Həm də siyasi münasibətlərin tənzimlənməsi prosesi yalnız onlayn-görüşlərdən ibarət deyil. Ədalət müəllimin dediyinə görə, bu çərçivədə siyasi partiya təmsilçiləri ilə 600-dən çox görüş keçirilib.

Amma əlbəttə, bu istiqamətdə daha dərin inteqrasiyanın olmasını gözləyirəm. Həmin tədbirdə belə bir təkliflə çıxış etmişdim ki, bu görüşlər artıq konkret bir formata salınsın.

Məsələn, özünün Əsasnaməsi olan Məşvərət Məclisi yaradılsın. Münasibətləri o formada tənzimləyək və orada hamının hər şeyə səs verməsi də mütləq deyil. Yəni xarici təzyiqlərin gücləndiyi bir şəraitdə o format effektli ola bilər.

Hesab edirəm, Azərbaycan artıq elə bir mərhələyə daxil olub ki, Türkiyədə Milliyyətçi Hərəkat Partiyası ilə prezident Ərdoğanın hakim partiyası birlikdə, çiyin-çiyinə getdikləri kimi, bizim ölkədə də milli-demokratik düşərgə ilə prezidentin birliyi lazımdır.

Çünki prezidentin milli məsələlərlə bağlı mövqeyi bizi tamamilə qane edir. Biz də xarici basqıların qarşısında dayanmaq və irəli getmək üçün bundan istifadə etməliyik. Hətta bu yaxınlardakı çıxışlarımdan birində bildirdim ki, siyasi baxışlarından asılı olmayaraq, kadr siyasətində də bacarıqlı insanlar iş başına gətirilsin.

Bu baxımdan, bundan sonrakı gözləntilər daha dərin inteqrasiyadır. Rusiya və İranın basqıları fonunda buna nə qədər böyük ehtiyacın olduğunu görürük. Ona görə də milli-demokratik düşərgənin bu düşüncəsi, bu platforması, zehniyyəti və prezidentin vurğuladığım yanaşması ilə birlikdə daha ciddi şəkildə inteqrasiya yollarının axtarılması, məncə, artıq günün tələbidir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.