İran-Azərbaycan münasibətləri: nə baş verir?

17-09-2021, 10:23           
İran-Azərbaycan münasibətləri:
ŞƏKLİN MƏNBƏYİ,AFP/GETTY IMAGES
İran yük maşınlarının Ermənistan üzərindən Qarabağa yollanması ilə bağlı gərginlik fonunda Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə üç gün içində ikinci dəfə görüşüb.

Bu barədə səfir özü Twitter hesabında yazıb, amma görüşün təfərrüatlarına varmayıb.

Çərşənbə günü Azərbaycan "Ermənistandan qanunsuz yollarla" Azərbaycan ərazisinə keçən nəqliyyat vasitələrinin saxlanıldığını bildirib.

Sentyabrın 12-də Azərbaycan Ermənistanla sərhəddə, Qafan-Gorus yolunun Azərbaycandan keçən hissəsində polis və gömrük postu qoyub, ölkə ərazisinə girən İran nömrəli nəqliyyat vasitələrinin gömrük rüsumuna cəlb olunmasına başlayıb.

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi də elə bu hadisələrdən sonra Hikmət Hacıyevlə görüşmüşdü.

Bu görüş barədə tərəflərin "ortaq narahatlıq və maraq doğuran məsələləri" müzakirə etdiyi açıqlaması verilsə də, sonrakı gün Azərbaycan İran nömrəli nəqliyyat vasitələrinin ölkə ərazisinə qanunsuz girdiyini əsas gətirərək onları saxlayıb və bundan sonra səfir Prezident köməkçisi ilə təkrar görüşməli olub.

İran maşınlarının Qarabağa yollanması yeni məsələ deyil və bu barədə Azərbaycan hakimiyyəti yüksək səviyyədə buna öz sərt reaksiyasını göstərib.

Ötən ayın əvvəli Azərbaycan XİN-i İran səfirinə müvafiq etiraz notasını vermişdi. XİN sənədinə əsasən, bu görüş zamanı "İranın yeni administrasiyası tərəfindən" məsələnin son qoyulmasına yönələn əməli addımların atılacağı qeyd olunub.

İranın bu notaya reaksiyası məlum deyil.

Azərbaycan XİN-in notasında "İranın yeni administrasiyası" ifadəsini vurğulaması təhlilçilərin gözündən yayınmayıb.

Millət vəkili Rasim Musabəyova əsasən, Azərbaycan məhz bu ifadəsini istifadə etməklə "yada salır ki," yeni seçilmiş İran Prezidentinin administrasiyası Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu desə də, "yaramaz hərəkətlər" davam edir.

"Azərbaycanın etirazına əməl olunmurdu və belə olan halda Azərbaycan təkcə etiraz bildirməklə məhdudlaşmadı," - deyən Rasim Musabəyov indi "icazəsiz" daxil olan maşınlara qarşı Azərbaycanın son addımlarını xatırladır.

"Bəzən düşünürlər ki, elə də keçə bilər, amma görəndə ki, yox keçmir və bunun müqabilində Azərbaycan elə addımlar atır ki, həmin dövlətlərin də müəyyən maraqlarına xələl gəlir. Onda bir kompromisə gəlirlər".

İran və Azərbaycan münasibətlərində gərginliyə səbəb olan təhlükəsizlik məsələlərinin gündəmdə qaldığı tez-tez qeyd olunur. Təhlilçilərə görə, İran öz sərhədləri yaxınlığında, xüsusən də Azərbaycanla Türkiyənin hərbi fəallaşmasını narahatlıqla izləyir.

İyun ayında Azərbaycanda keçirilən Türkiyə-Azərbaycan hərbi təlimləri ardınca İran da Hərbi Dəniz Qüvvələri, Ordu aviasiyası, Hava Hücumundan Müdafiə Qüvvələri, eləcə də Hərbi Hava Qüvvələrinin iştirakı ilə 1400 nəfərlik təlim keçirib.

Bu həftə isə İran Azərbaycan və Türkiyənin Xəzərdəki təlim-məşqlərinə etirazını bildirib.

Bəzi təhlillərə görə, İranın səsləndirdiyi etirazlar İkinci Qarabağ müharibəsindən sonrakı vəziyyətə reaksiya sayıla bilər.

Müdafiə və təhlükəsizlik üzrə Britaniyanın RUSİ mərkəzinə əsasən, Ermənistanla Azərbaycan arasında müharibəyə son qoyan 2020-ci ilin noyabr bəyannaməsi İranın dəyişən geosiyasi vəziyyətə həssas mövqeyini nümayiş etdirir.

Belə ki, Tehranın müharibənin gedişatına təsir etmək üçün kifayət qədər gücü olmayıb və hazırda Rusiya ilə Türkiyə hərbçilərinin Cənubi Qafqazda mövcudluğu İranın bölgədəki yenilənmiş "böyük güc yarışmasında" iştirak etmədiyini göstərir.

Azərbaycan mediasında artıq illərdir ki, İranın Ermənistanla əlaqələri qınaqlara səbəb olur. Öz növbəsində İranda da, Azərbaycanın İsrail və ABŞ-la əməkdaşlığı da daxil, bir sıra qıcıqlandırıcı amillərin olduğunu göstərirlər.

Bəs bu yay hakimiyyət başına gələn Prezident İbrahim Rəisinin yeni hökumətindən Qafqaz siyasəti ilə bağlı yeniliklər gözləmək olarmı?

İran üzrə təhlilçi Əsgər Əbdi yeniliklər gözləmir, çünki onun fikrincə, "Rəisi, Ruhani, Rəfsancani öz siyasətlərini yürütmürlər, Xameneyi nə desə, o da siyasət olur".


Yeni Prezidentlə Ali Dini Rəhbərin mövqelərinin yaxın olduğu bu siyasətin davamlı olacağını deməyə əsas verir, BBC News Azərbaycancaya danışan Əsgər Əbdi deyir:

"Demək olar ki, indi Xameneyi ilə Rəisinin arasında bir rəqabət görünmür. Xameneyi Rəisini dəstəkləyir, qabaqlar isə onun Ruhani, Rəfsancani və Əhmədinejadla problemi olardı. Bunlar İranın xarici siyasətində də iz qoyardı. Amma indi ikisi də bir səslə danışırlar".

Azərbaycan 44 gün davam edən İkinci Qarabağ müharibəsindən sonra İranla dövlət sərhədini tam bərpa edib. İndi bu sərhəd üzərindən iki ölkəni birləşdirən nəqliyyat layihələri müzakirə olunur.

Ötən ay Tehrana səfəri vaxtı İbrahim Rəisi ilə görüşən Ermənistanın Baş naziri iki ölkə arasında, o cümlədən nəqliyyat sahəsinə aid ortaq proqramların da müzakirə olunduğunu deyib. Nikol Paşinyan fikrini dəqiqləşdirməyib, amma Türkiyə və Azərbaycan İranla Ermənistanı kommunikasiyaların açılmasını nəzərdə tutan "Altılıq platformasında" görmək istəyirlər.

Hazırda Tehranın bu layihədə iştirakı onun iqtisadi mənfəəti baxımından da dəyərləndirilir, Əsgər Əbdi deyir.

"İran görsə ki, bu platformadan bir şey qazanacaq, buna gedəcək, görsə ki, qazana bilmir, imtina edəcək".

Bu arada İranın coğrafi vəziyyəti onun bilavasitə gəlir mənbəyi də olub. O, 30 il ərzində Azərbaycanla Naxçıvan və Ankaranın Mərkəzi Asiya arasında dəhliz rolunu oynayıb. Lakin bəzi təhlillərə görə, İkinci Qarabağ müharibəsindən sonra İranın tranzit baxımından aktuallığı azala bilər.

İran üçün mümkün iqtisadi itkilərin miqyasını İran Yol və Nəqliyyat Nazirliyinin rəqəmlərində görmək olar.

2020-ci ilə aid statistikaya görə, koronavirus pandemiyasının ticarət əlaqələrinə təsirinə baxmayaraq, hər ay İran tranzitiylə 12 minə yaxın Türkiyə yük maşını keçib. Türkiyədən İran ərazisinə daxil olub Türkmənistan sərhədinədək gedən hər bir yük maşını 1800 kilometrlik yol üçün İrana 700-800 dollar məbləğində keçid haqqı ödəyir.

Mediada ölkələr arasında müzakirə olunan ziddiyyətlərlə yanaşı İranla Azərbaycanın ortaq layihələri də göstərilir.

Bu il Azərbaycanın rəsmi saytlarında əməkdaşlıq nümunəsi kimi Araz çayı boyunca inşa edilmiş Araz və Mil-Muğan su anbarlarından birgə istifadəsinin 50 illiyi ilə bağlı yubiley mərasiminin keçirildiyi qeyd olunur.

Ölkələr arasında iqtisadi əlaqələrin inkişafı da qeyd olunur. Ötən il ümumi həcmi 25 milyard dollara çatan Azərbaycanın xarici ticarət mübadiləsində İranın payının (pandemiyanın başlandığı ötən ilin istisnası ilə) davamlı artmasını görmək olar.

2015-ci ildən bəri 125 milyon dollar təşkil edən bu rəqəm 2019-ci ildə az qala yarım milyard dollara yaxınlaşıb.

Burada, həmçinin İranın Qarabağdakı bərpa layihələrində iştirak etmək əzmində olduğunu qeyd etmək olar.

Yanvarda Bakıya səfəri vaxtı İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Prezident İlham Əliyevlə görüşdə deyib ki, energetika, yenidənqurma və Qarabağa geri dönəcək əhalinin yaşayışı üçün vasitə ola biləcək kənd təsərrüfatı kimi sahələr İran üçün "prioritet təşkil edir".

Üstəlik, iqtisadiyyatla yanaşı siyasi təmaslar da aktiv qalır: 1993-cü ildən bəri ölkələr arasında yalnız prezidentlər səviyyəsində səfərlərin sayı 20-yə yaxınlaşır.

Belə isə İranda Azərbaycana dair daxili prioritetlərin dəyişməsini demək olarmı? İran üzrə təhlilçi Əsgər Əbdi vəziyyətin dəyişkən olduğunu qeyd edir.

Onun sözlərinə görə, "demək olmaz ki, İran dövləti Ermənistana, ya Azərbaycana yaxındır," çünki bu məsələ ilə bağlı daima "mübahisə aparan cinahlar var" və onların təsiri nəticəsində Azərbaycanla Ermənistana dair verilən balans zaman-zaman dəyişir:

"Hökumət təzədir, nazirlər təzədir, planlarını hələ aydın şəkildə deməyiblər , ümumən deyilir ki, qonşularla irtibat istəyirik."

Yerevandakı Regional Tədqiqatlar Mərkəzinin direktoru Riçard Giraqosyana hazırda İran siyasətində belə balansın Azərbaycanın xeyrinə olduğunu hesab edir.

Siyasi şəthçinin fikrincə, İran, xüsusilə də yeni seçilmiş prezident İbrahim Rəisinin rəhbərliyi altında Azərbaycanla münasibətləri sabitləşdirməyə daha çox meyllidir və Ermənistana daha az maraq göstərir.

"ABŞ rəhbərliyi dəyişdikdən sonra görürük ki, İran Azərbaycanın təhlükəsizlik təhdidinə çevrilməsindən daha az narahat olur, çünki Biden administrasiyasının İranı Azərbaycanla təhdid etməyə istəyi daha azdır".

Riçard Giraqosyan hesab edir ki, Azərbaycanın guya İrana qarşı hədə olduğu da şişirdilmiş məsələdir.

Avrasiyada təhlükəsizlik və siyasi vəziyyəti izləyən Jamestown Foundation araşdırma mərkəzinin təhlilinə əsasən, Tehran Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yeni bir geosiyasi rol oynamaq istəyirsə, İranın xarici siyasəti milli maraqlara hörmət və qonşuları ilə gərginliyi azaltmağa daha aydın prioritet verməlidir.

Rasim Musabəyova görə, Azərbaycan da İran və Rusiya kimi qonşularla mübahisəli məqamları konflikt dərəcəsinə çatdırmaq istəmir.

"Baxsanız görəcəksiniz ki, Gürcüstandan, başqa ölkələrdən fərqli olaraq, Azərbaycan nə Rusiya, nə də İranla gərginliyi bilavasitə toqquşma səviyyəsinə gətirib çıxardıb," - BBC News Azərbaycancaya danışan Rasim Musabəyov deyir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.