Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər - GİLEY

21-09-2021, 20:20           
Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər - GİLEY
“Bakıda 16 saylı Texniki-Humanitar Liseydə 46 illik təcrübəyə malik ibtiadi sinif müəllimi Ofeliya Cəlilovanın sinfi əsassız olaraq əlindən alınıb”.
Bu şikayətlə Bizimyol.info saytına həmin sinifdə valideynlərdən biri – Günay Yusifova müraciət edib.

Onun sözlərinə görə, siniflərə qəbul başlayarkən, onlar elektron formada sinif müəllimini seçiblər və uşaqları Ofeliya Cəlilovanın sinfinə təsdiq ediliblər.

Lakin valideynlər bu gün öyrəniblər ki, Ofeliya Cəlilova qeyri-qanuni şəkildə “işdən çıxarılıb” və onların fikri soruşulmadan, həmin sinfə ayrı sinif rəhbəri təyin olunub.

“Məktəbəqədər təhsil bölməsində bizim uşaqları həmin müəllimə hazırlayıb. Uşaqlarımız da ona öyrəşiblər. Lakin tədris ilinin başlamasına bir gün qalmış, direktor Ülviyyə İsmayılova qərar verib ki, o sinfi təcrübəsi olmayan bir müəllimə versinlər”, - deyə valideyn bildirib.

Biz adıkeçən pedaqoq Ofeliya Cəlilovaya da zəng etdik. O.Cəlilova bildirdi ki, 23 ildir 16 saylı Texniki-Humanitar Liseydə dərs deyir: “Hələ belə bir problem olmayıb. Mənim şagirdlərim məni həmişə çox istəyib, valideynlərdən heç bir şikayət olmayıb. İndinin özündə də həmin şagird və valideynlərlə xoş münasibətlər, əlaqələr qalıb. Keçmiş direktor Aynurə Hacıyeva ilə də heç bir konfliktim olmamışdı, özü də çox intizamlı adam idi. Adicə konfet də götürmürdü, o ki qaldı rüşvət ola. Yeni təyin olunan direktor Ülviyyə İsmayılova ilə də bir münaqişəmiz olmayıb, lakin bilmirəm ki, nəyə əsasən yeni direktor belə qərar verib”.

Ofeliya Cəlilovanın sözlərinə görə, tədris hissə müdiri ona zəng edərək, direktor Ülviyyə İsmayılovanın adından ona sabahdan işə gəlməməyi tapşırıb: “Sentyabrın 7-də virusa yoluxdum, amma müalicə aldım. Oktyabrın 1-də bülletenim bitir. Mənim pensiya yaşına çatmağıma hələ var. Belə çıxır ki, mən indi həm işləyirəm, həm də işləmirəm. Lakin direktor indidən tələsik şəkildə mənim sinfimi heç bir təcrübəsi olmayan adama verib. Mənim özümə də hər hansı yazılı bir sənəd verilməyib. Mən işdən çıxarılıramsa, bunun da yazılı təsdiqi olmalıdır. Sinfimin əlimdən alınmasına da yazılı və əsaslı bir izah olmalıdır. Heç biri yoxdur”.

Biz direktor Ülviyyə İsmayılovanın fikrini də öyrənmək üçün 16 saylı Texniki-Humanitar Liseyə zəng etdik. Lakin zənglərimiz cavabsız qaldı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.