"Hətta milli əskiklik kompleksi sırımağa cəhd etdilər" - Qulu Məhərrəmli

23-09-2021, 10:26           
"Hətta milli əskiklik kompleksi sırımağa cəhd etdilər" - Qulu Məhərrəmli
Milli mənlik şüuru bir xalqın taleyini müəyyən edən hərəkətverici qüvvədir. Azərbaycan xalqının milli mənlik şüuru tarixi-siyasi reallıqlar fonunda ziddiyyətli mərhələlərdən keçib. Xalqımızın keçmişində bu ideologiyanın zaman-zaman çox güclü şəkildə təzahür etdiyini görmüşük. Cümhuriyyət dövründə xüsusilə, gənclərə vətənpərvərlik hisslərini aşılamaq ziyalılar, aydınlar üçün asan olmayıb. Təhsilsizlik, baş verən siyasi prosesləri anlamamaq böyük sərhədlər ucaltmışdı. Lakin cümhuriyyət carçıları usanmadan məqsədə nail oldular. Hərçənd sevinc çox çəkmədi. Təbii ki, sonrakı mərhələdə çoxmillətli imperiyanın ideologiya maşını öz işini görərkən milli mənlik şüurunun nəinki, təbliği, hətta bu haqda danışmaq belə ciddi təhlükə yaradırdı. Kiçik addımlar, nəzərə çarpmayan cəhdlər davam edirdi.

Azadlıq hərəkatı dövründə milli mənlik şüuru xalqı irəli apardı. İstiqlal üçün meydanlara axışan vətənpərvərlər arasında gənclər fəallıq göstərdi. Fərqli reallıqlar dövrü idi. Nəticə isə bəlli- Azərbaycan xalqının özünüqoruma instinkti baş qaldırmışdı.

Bu gün biz müstəqil, suveren dövlətin vətəndaşlarıyıq. Bəs illərlə arzuladığımız müstəqilliyi əldə etdikdən sonra milli mənlik şüurunu qoruya bilmişikmi? Vətənpərvərlik hisslərinin təbliği hansı səviyyədədir? Nəzərə alsaq ki, təqribən 30 illik zaman kəsimində iki müharibə görmüşük, biri təəssüf ki, məğlubiyyət, digəri isə qələbə ilə sonlanıb, o zaman bu mövzunu diqqətdə saxlamaq əhəmiyyətlidir. Xüsusilə 44 günlük müharibədə Vətənə, torpağa sevgini bir başqa cür dərk etməyə başladıq. Minlərlə gənc hərbçimizin canı, qanı bahasına başa gələn zəfərin həm də mənəvi yükünü çiyinlərimizə almışıq. Prezident İlham Əliyev də bunu vurğulamışdı: “Qarabağ qürur məsələsi idi. Xalqımıza bu qürur hissini Müzəffər Ordumuz yaşatdı”.

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli hesab edir ki, milli mənlik şüurunun qorunmasını, vətənpərvərlik hisslərinin təbliğini çox zaman nəzəri məsələ kimi qəbul edirlər. Bəzən də bunu fəlsəfə, siyasət baxımından dəyərləndirməyə çalışanlar olur: “Biz anlamalıyıq ki, bu, xalqın irəlidə gedən təbəqəsinin ideoloji mühərrikidir. Milli mənlik şüurunun geniş kütləyə anlaşılan aspektləri var. Mən hesab edirəm ki, bu, ilk növbədə milli qürur, milli heysiyyət, milli mənlik məsələsidir və bunun davranışda ifadəsidir. Əsrin əvvəllərində Azərbaycanı istiqlala doğru aparan məhz milli mənlik şüurunun yüksəlməsi, ziyalıların ona istinad etməsi, geniş kütlənin təhsilsiz olmasına baxmayaraq, qabaqcıl ziyalıların milli şüura yiyələnməsi və s., Azərbaycançılıq ideologiyası əsasında milli istiqlala aparan yolu sürətləndirməsi idi. Doğrudur, sovet dövründə bu fərqli izah olunmağa başladı - sovet xalqı ideologiyasını yaratmağa çalışdılar. Amma dünya tarixi göstərir ki, nə baş verir-versin, hətta qloballaşma dövründə də milli özünəməxsusluq, milli dəyərləri nə qədər arxa plana keçirməyə çalışsalar da, məlum oldu ki, ən böyük qloballaşma milli dəyərlərə, milli tarixə bağlanmaqdır. Belə olmasa idi, keşməkeşli şəraitdə millət özünü qoruya bilməzdi”.

Bəs mətbuatın milli mənlik şüurunun formalaşmasında və təbliğində rolunu necə dəyərləndirmək olar? Professor dərin təəssüf və kədər hissi ilə qeyd etdi ki, son 15-20 ildə ən çox zərər çəkən bəlkə də milli şüur məsələsi oldu: “Televiziyalar bəlli qatda auditoriyanı bu ciddi məsələdən yayındırmağa çalışırdı-cürbəcür şoular, məzmunsuzluq... Hətta milli əskiklik kompleksi sırımağa cəhd etdilər. Torpaqlarımız işğal olunub, lakin biz heç nə edə bilmirik, dünya bizə kömək etmir və s. Bu, milli kədər, acizlik hissi formalaşdırırdı və təəssüflə deməliyəm ki, mətbuat, ilk növbədə televiziyalar da bayağı, mənasız verilişləri ilə zərərli ideologiyanın dərinləşməsinə səbəb olurdu. 44 günlük müharibənin ildönümü yaxınlaşır. Hesab edirəm ki, müharibə milli ləyaqətin sıçrayışı üçün ciddi mərhələ oldu. İnsanlar millət üçün mühüm olan, kənardan əxs olunmayan, etnosun özündən gələn dəyərlərin, daxili enerjinin, rasional düşüncənin hesabına 2-ci Qarabağ savaşında uğur əldə edə bildi. Hesab edirəm ki, bu, bizim milli düşüncə tariximiz üçün ciddi mərhələ oldu. Biz vuruşuruq, biz qalib gələ bilirik, biz düşməni məğlub edə bilirik, biz ən yeni texnologiyaya yiyələnmiş orduya sahibik və bu ordunu idarə edən xalqın nümayəndələridir. Ordu xalqın ruhunu, qürurunu, ləyaqətini təmsil edir. Təbliğatı bunun əsasında qurmaq lazımdır”.

20 Yanvar müstəqillik tariximizdə milli qürur mənbəyidir. Bunu hüzn günü kimi qeyd etmək nə dərəcədə doğrudur? Bu, millətin öz hüquqları uğrunda ayağa qalxması, müqavimət göstərməsi, milli ləyaqətini qorumaq uğrunda mübarizəsi idi: “Müstəqilliyin enerjisi oradan gəlirdi. Bir millətin qüruru, mənliyi varsa, o, özünü müstəqilliyə doğru apara bilir. 2-ci Qarabağ müharibəsi bu baxımdan çox böyük təbliğat mənbəyidir. Təbliğatımızda buna ciddi diqqət etməliyik. Konkret nümunələr əsasında təbliğatımızı aparmalıyıq. Jurnalistikanın işi təbliğat deyil, lakin o nümunələr əsasında cəmiyyətə mesajları verməlidir. Həqiqəti yaradıcılıq süzgəcindən keçirib, publisistik dillə çatdırmaq lazımdır. Vətənpərvərlik haqqında boş, mənasız şüarlarla deyil, konkret nümunələrlə danışmalıyıq”. //musavat.com//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.