İki məmur arasında falçı qalmaqalı
11-03-2016, 10:45
Azərbaycanda iri çinli məmurların falçılara meyilli olması sirr deyil. Bu barədə mətbuata açıqlama verən bəzi cadugərlər açıq şəkildə bildirirdilər ki, onların yanına gələnlər arasında heç də kiçik olmayan dövlət işçiləri də olur. Məqsəd isə rəqiblərinin «dil-ağzı» bağlamaqdan ibarət olur.
Bu əsnada, JAM.AZ-a daxil olan məlumata görə, falçı yanına gedərək, «dil-ağız» bağlatdırmaq işinə qol qoyanlar arasında iki yüksək çinli məmur var. Qeyd edilir ki, bu məmurlar əvvəllər çox yaxşı münasibətdə olublar. Hətta ailəvi dostluq münasibətləri varmış. Lakin sonradan maraqların toqquşması və mövqelərin dəyişməsi səbəbindən yolları ayrılıb. Eləcə əlaqələrində yaranmış soyuqluq sonradan rəqiblikdən də çıxaraq, düşmənçiliyə çevirilməyə başlayıb.
Həmin məmurlardan biri digərini «susdurmaq» üçün Belarusiyaya qədər axtarış aparıb. Belə ki, həmin məmur öz yaxın adamlarını Minskə göndərərək, oradakı məşhur ekstrasenslərdən biriylə əlaqə qurub. Belarus falçı isə Bakıya gələrək, burada bəzi «ayin»lər icra etməklə guya, rəqibin «di-ağzını» bağlayıb.
İddia edilir ki, ekstrasensi Bakıya gətirib, burada cadu-piti etdirməyə görə sözügedən məmur 1 milyon dollara qədər pul xərcləyib. İstəyinə nə dərəcə nail olub, olmadığı isə məlum deyil. Çünki hər iki məmur faktiki vəzifə başındadır və birinin digərinə nisbətən zəiflədiyi müşahidə edilmir.
Qeyd edək ki, həmin məmurların adları bizə məlumdur. Sadəcə, bəzi səbəblərdən hələlik açıqlamırıq. Araşdırmamız davam edir.