Hökumət “ünvanlı qalib”lərlə mübarizəyə başlayır: - Problem necə çözüləcək?

28-09-2021, 17:34           
Hökumət “ünvanlı qalib”lərlə mübarizəyə başlayır: -
Son günlər ölkədə tenderlərlə bağlı problemlərin olduğu dövlət rəsmiləri tərəfindən qeyd edilir.

Müxtəlif sahələrdə, xüsusilə də infrastruktur layihələrində tenderin qalibləri əvvəlcədən müəyyənləşdirilmiş olur. Bugünlərdə ölkə başçısı İlham Əliyev tenderlərlə bağlı problemə toxunaraq bildirib ki, həbs edilmiş icra başçıları( təkcə Cəlilabad, Şəmkir rayonlarından söhbət getmir) digər rayonlarda da tender prosedurlarını kobudcasına pozurdular:

“Dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər. Nə üçün? Çünki burada da rüşvətxorluq və mənimsəmə halları kütləvi xarakter alırdı və bu da dövlət büdcəsinə böyük ziyandır".

Nazirlər Kabinetinin son iclasında da dövlət satınalmalarının şəffaflığı və effektivliyinin təmin edilməsi istiqamətində işlərin davam etdiriləcəyi, şişirdilmiş qiymətlərlə satınalmaların qarşısının qətiyyətlə alınması məqsədilə müvafiq addımların atılacağı qeyd edilib. Tenderlər zamanı müqavilələrin bir mənbə ilə bağlanması hallarının tez-tez baş verdiyi vurğulanaraq bunun qəbuledilməz olduğu bildirilib.
Tenderlərlə bağlı mövcud vəziyyət artıq dövlət rəsmiləri tərəfindən qeyd edilirsə, demək, bu problem həqiqətən də mövcuddur.

Tenderlə bağlı hazırkı vəziyyəti, yəni “ünvanlı qalib” problemini necə həll etmək olar?

İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya bildirdi ki, dövlət şirkətlərinin keçirdiyi tenderlərin hamısı formal xarakter daşıyır:

“Tenderlərin formal xarakter daşımasının da səbəbi ondan ibarətdir ki, büdcədən vəsait dövlət şirkətlərinə ayrılır və buna nəzarət mexanizmi olmur. Bu mexanizm olsa belə, məsələyə nəzarət etmək çox çətindir. İstənilən dövlət şirkətinin keçirdiyi tender araşdırılsa, həmin layihələri udan şirkətlər ya tender elan edən şirkətin rəhbərinin öz şirkətidir, ya da ona yaxın adamların şirkətləridir. Nə qədər ki, dövlət şirkətləri qalacaq, bu sistemi dəyişmək mümkün deyil. Bunun yeganə yolu həmin şirkətləri özəlləşdirməkdir.

Özəl şirkət artıq tenderlərə başqa gözlə baxır, inkişaf perspektivlərini nəzərə alır. Azərbaycanda isə bu sahə sadəcə görüntü xarakteri daşıyır. Məsələn, bir körpü salınmalı, yol tikilməlidirsə, hamı istəyir ki, daha az vəsait xərcləyib görüntü xarakterli nə isə yaratsın. Bundan o tərəfə getmək stimulu yoxdur. Ona görə ki, həmin əmlakı şirkət rəhbəri özününkü saymır. İndi hamı əmlakı dövlətin əmlakı sayır və ondan oğurlamağı qənimət hesab edir. Heç kəs düşünmür ki, bu yararsız olacaq. Bu barədə yanaşmanı dəyişmək yalnız özəlləşdirmə lazımdır”.

Ekspert deyib ki, dövlətin monopoliyasında heç bir istehsal, xidmət sahəsi qalmamalıdır:

“Bəzən belə hallar müşahidə edilir ki, xidmət alan şirkət işini yarıda dayandırır və onu azad edir ki, mən yenidən tender keçirirəm, başqa bir şirkətlə əvəz edirəm. Azərbaycanda belə bir vəziyyət müşahidə edilibmi ki, işin keyfiyyəti ilə bağlı yarıda dayandırsın və xidmətin keyfiyyətsiz olduğunu bildirsinlər. Ölkədə belə bir hal müşahidə edilməyib. Ancaq 105 il bundan əvvəl Bakıya “Şollar suyu” çəkildi, onu çəkmək üçün boru istehsal etməyə şirkət dəvət etmişdilər. Şirkət gəldi, zavod qurdu və boru istehsal etməyə başladı. Ancaq sınaqdan keçəndən sonra məlum oldu ki, borular layihənin tələblərinə cavab vermir. Belə bir zavod tikilmişdi, ancaq onun xidmətlərindən imtina olundu, başqa üsuldan istifadə etdilər”.

Bu gün Azərbaycanda belə bir halın müşahidə olunmadığını deyən ekspertin fikrincə, səbəb odur ki, həmin şirkətlərin hamısı dövlətindir, tenderləri də formal keçirirlər:

“Layihəni hansısa işin səmərəliliyini artırmaq üçün həyata keçirmirlər. Sadəcə layihələri yalnız büdcədən pul mənimsəmək, pul oğurlamaq üçün həyata keçirirlər".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.