Yüksək risk, yoxsa yanlış proqnoz: - Bazarlar bahalaşmaya hazırdır?
29-09-2021, 17:02

ABŞ-ın özəl sektor məlumatlarında keçən həftə anbarlarda neft ehtiyatlarının artmasını göstərməsi nefti ucuzlaşdırır.
Əgər hökumətin açıqlayacağı rəsmi məlumatlar özəl sektor məlumatlarını doğrulasa, bu, milli anbarlarda son 8 həftədə yaşanan ilk artım olacaq. Özəl sektorun dəstəklədiyi Amerikan Neft İnstitutunun (API) məlumatlarına görə, ABŞ-ın xam neft ehtiyatları keçən həftə 4 milyon bareldən çox artıb. Brent neft, qlobal miqyasda yaşanan enerji böhranı və tələbin istehsalı üstələdiyinə dair proqnozlar ilə 3 ilin ardından çərşənbə axşamı günü ilk dəfə 80 dolları keçmişdi.
Ağ Evin sözcüsü Cen Psaki neft qiymətlərinin yüksəlməsilə əlaqədar ABŞ hökumətinin OPEC üzvləri ilə təmasa keçdiyini və neft məhsullarının xərclərini nəzarət altına almaq üçün hər yolun qiymətləndirildiyini söyləyib. Psaki "Aralarında OPEC-in də olduğu beynəlxalq ortaqlarımız ilə danışırıq",- deyib.
"Goldman Sachs" isə bazardakı balanssızlığın gözlədiklərindən daha güclü olduğunu qeyd edərək il sonu Brent nefti qiymət proqnozunu 80 dollardan 90 dollara qaldırıb, 2023-cü il üzrə neft qiyməti proqnozunu da 20 dollar artımla 85 dollara yüksəldib. Bakı vaxtı ilə saat 09:22-də Brent nefti 2,1% ucuzlaşma ilə 77,89 dolardan ABŞ xam nefti isə 1,8% ucuzlaşma ilə 74,12 dollardan ticarət olunub.
Neft bazarlarında müşahidə olunan dəyişiklik qarşıdakı aylarda da davam edəcəkmi?
Neft və qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev Cebhe.info-ya bildirib ki, neft bazarlarında bir neçə həftədir müşahidə olunan qeyri-müəyyənlik hazırda mövcud fiziki bazarların yüksək neft qiymətlərinə hazır olmadığını göstərir:
“OPEC və müttəfiq dövlətlər neft bazarlarını ən yaxşı halda 68-75 dollar dəhlizində nizamlamalıdırlar. Bu dəhlizdən kənarda hər hansı qiymət artımı qısamüddətli xarakter daşıyacaq və çox keçmədən qiymətlər yenidən əvvəlki vəziyyətə qayıdacaq. Artıq dünya bazarında təbii qazın qiymətinin durmadan artması, əsasən də fyuçers bazarlarında baş verir, eyn zamanda daş kömürün qiymətindəki artımlarla bağlı bəzi analitiklər o fikirləri səsləndirməyə əsas verir ki, artan təbii qaz qiymətləri qarşılığında çox qısa müddətdə neftə olan təlabatda əlavə 500 min barelə ehtiyac yaranacaq.
Yəni indiki təlabatdan əlavə olaraq qış mövsümündə 500 min barel xam neftə təlabat yaranacaq. Belə olan təqdirdə aparıcı banklar və bazar iştirakçıları belə siqnallar yönəldirdilər ki, neftin qiyməti ilin sonuna kimi barel hesabı ilə 90 dolları keçə bilər. Hesab edirəm ki, neft qiymətlərində yüksək proqnozlar verməyin özü səhv addımdır. Çünki təbii qaz qiymətlərinin artması ilə paralel neftin də qiyməti qalxır. Neftin qiymətlərinin qalxması ilə paralel neft məhsullarının da qiymətində artım müşahidə olunur. Bazar iştirakçıları və banklar belə proqnozlaşdırırdılar ki, təbii qazın yüksək qiymətləri fonunda qış mövsümündə neft məhsullarına olan təlabat artacaq.
Burada əsasən yanacaq mazutu və dizel yanacağını göstərirdilər ki, bir çox ölkələrin öz enerji təhlükəsizliyini təmin etmək, yəni elektrik enerjisinə artan təlabatı qarşılamaq üçün mütləq əlavə dizel və mazut həcmlərinə ehtiyac olacaq. Lakin burada bir məsələ yaddan çıxır. Neft qiymətləri o zaman yüksək və sabit olur ki, nefti emala verdikdən sonra ondan alınan məhsullara təlabat dayanıqlı və dinamik olsun. Bu gün bu mümkün deyil. Çünki neft emalından alınan məhsulların heç də hamısına yüksək təlabat yoxdur. Məsələn, təyyarə yanacağını göstərmək olar. Pandemiyadan əvvəl aviasiya benzininə təlabat 7, 7 milyon barel idisə, indi bu 5,4 milyon barel civarındadır. Beləliklə, neft məhsullarının bütün zəncirində təlabat yüksək olacağı təqdirdə, neftin qiymətləri yüksək olar və bazarda sabitlik yaranardı. Bu yoxdursa, neft qiymətlərində sıçrayışın olması doğru olmazdı”.
Ekspertin fikrincə, qarşıdakı aylarda dizel yanacağına, yanacaq mazutuna təlabat artsın:
“Ancaq bu, o demək deyil ki, bütövlükdə neft məhsullarına olan təlabat 2019-cu il səviyyəsində olacaq. Bu baxımdan hesab edirəm ki, hazırda neft qiymətləri 68-75 dollar dəhlizində tənzimlənməlidir. Yüksək neft qiymətləri çox da uzun müddət duruş gətirə bilməzdi. Burada digər məsələ isə odur ki, OPEC və müttəfiq dövlətlər neft bazarlarının tənzimlənməsi ilə bağlı qarşılarına qoyduqları hədəflərdən bir çoxuna nail olublar. Bunlardan biri normadan artıq neft ehtiyatlarını azaltmaqdır.
Lakin indiki şəraitdə yüksək təbii qaz qiymətləri qarşılığında Avropada, Asiyada, Amerikada istehsal müəssisələri özlərinin istehsal güclərində ixtisarlar edirlərsə, yaxud bir çox sənaye müəsisələri qismən dayanırsa onda enerjiyə təlabat təbii ki, aşağı düşür. Bu nöqteyi-nəzərdən neftə də olan təlabat aşağı düşməlidir. Hesab edirəm analitik qruplar və aparıcı banklar neft bazarları ilə bağlı proqnoz verəndə sadalanan məqamları nəzərə almalıdır. Qarşıdakı aylarda istehsal, sənaye aktivliyi aşağı düşərsə, birbaşa özünün neft bazarlarında göstərəcək və neftə olan təlabar aşağı düşəcək. Bu baxımdan hesab edirəm ki, verilən proqnozlar doğru deyil və neft qiymətləri sadalanan dəhlizdə tənzimlənməlidir”.