Nazirliyin susqunluğunun yaratdığı fərziyyələr: Əsgərə cinayət işi açılıb, ya yox? - Səxavət Məmməd yazır

7-12-2021, 07:06           
Nazirliyin susqunluğunun yaratdığı fərziyyələr:
Belə bir misal var: Danışmaq gümüşdürsə, susmaq qızıldır. Buna belə bir cavab da vermək olar: baxır, hansı xiridar yanında.

Azərbaycanda nazirlik və komitələrin mətbuat xidmətləri Azərbaycan ictimaİyətini ya yaxşı xiridar hesab etmir, ya açıqlama verməməyin qızıl olduğuna inanıblar, ya da onları buna inandırıblar.

Dekabrın 3-də Xocavənd rayonunun Qurusu məntəqəsində hərbi postumuza hücum edərək əsgərimizin silahını əlindən almağa çalışan erməni Seyran Sarkisyanı vuraraq zərərsizləşdirən əsgər Rəhimzadə Davud Qabil oğlu barəsində Füzuli Hərbi Prokurorluğunda cinayət işi açılması barədə mediada, sosial şəbəkələrdə informasiya yayılıb. Ancaq rəsmi qurumlar bu məsələ ilə bağlı da susurlar. Öz aləmlərində qızıl iş görürlər.

Məsələ ilə bağlı bütün hadisələrdə olduğu kimi cəmiyyət yenə iki yerə bölünüb. Birincilər həmişə “Ən yaxşı erməni ölü ermənidir” deyənlərdir. Onlar əsgərin haqlı olduğunu iddia edirlər. İkincilər isə nizamnamədən əlavə, reallığı da əsas gətirənlərdir.

Nazirliyin açıqlamasına diqqət etdikdə görürük ki, döyüş növbətçiliyi aparan hərbi qulluqçu erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb. Həmin şəxs silahı ələ keçirməyə cəhd edib, hərbi qulluqçu havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib. Bura qədər çox gözəl. Nizamnamənin tələbinə əməl olunub. Məsələ ondadır ki, həmin erməni əsilli şəxsin yaşının 65 olması digər suallar yaradıb. 65 yaşlı şəxsi öldürmədən də ələ keçirmək olardı? Əlbəttə, olardı. Daha bir sual çıxır, əsgər döyüş növbəsində tək olub? Hesab edək ki, 18-19 yaşlı biri 65 yaşlı şəxsi belə özünə təhlükə görüb və atəş açaraq onu öldürüb. Onun yanında başqa bir döyüş növbətçisi olsa idi, o qorxu olardı? Bəli, kimsə deyə bilər ki, saatdar tək ola bilər. Axı həmin ərazi hərbi hissənin yanacaq anbarı, avtoparkı deyil ki, saatdar tək olsun. Hətta həmin postlara çıxan saatdar tək də olsa, bir-birilərini görəcək məsafədə və yaxınlıqda olurlar. Bu baxımdan, hərbi qulluqçunun təkbaşına erməni əsilli şəxslə üz-üzə qalması xidmətin qüsurlu təşkil olunmasından xəbər verir. Bundan əlavə, kamera vasitəsi ilə də posta doğru gələnin olduğunu görüb əvvəlcədən hazırlaşmaq olardı. Hesab edək ki, bu fikrim də yanlışdır. Əslində, saatdarın mövqeyinə yaxınlaşanın yaşına, başına, cinsiyyətinə, milliyətinə baxılmır. Saatdar üçün parolu bilməyən hər kəs təhlükəlidir. Ancaq döyüş növbətçiliyini apran hərbi qulluqçu həmin erməni əsilli şəxsi niyə o qədər yaxınına buraxıb ki, silah almağa da cəhd etsin? Ya ayıq-sayıqlıq olmayıb, ya da həmin erməni gizlin şəkildə gəlib və məqsədi silahlı almaq olub. Əgər ikinci variant düzgündürsə, əsgər tam haqlıdır.

Noyabr ayının 13-də Şuşada Norayr Mirzoyan adlı erməni Azərbaycan əsgərinə qumbara ataraq terror aktı törətmişdi. Həmin şəxsin də, əslində, az yaşı yox idi – 46. Düzdür, iki erməni arasında 19 yaş fərq var, ancaq burada yaşı kənara qoyub bəzi məsələlərə aydınlıq gətirmək lazımdır.

Norayr Mirzoyan konkret terror aktı törətmişdi. Ancaq o sülhməramlılar tərəfindən Azərbaycana yox, Xankəndidəki separatçılara təhvil verilmişdi. Biz hələ də bilmirik ki, Azərbaycan ərazisində terror aktı törətmiş şəxs mühakimə olunur, yoxsa yox. Məhz bu baxımdan iki məsələnin eyni tutulması doğru deyil. “Azərbaycan tərəfi əsgəri cəzalandırmasa, Mirzoyan da cəzasız qalacaq” fikri qüsurludur. Biri terror aktıdır, biri isə özünümüdafiə. Əgər iki əməl də cəzalandırılmalıdırsa, bu, Azərbaycan qanunvericiliyi ilə baş tutmalıdır. Çünki Azərbaycan ərazisində başlamış, davam etmiş və ya bitmiş cinayətlər Azərbaycan qanunvericiliyinə görə araşdırlmalıdır. Niyə burada “Azərbaycan əsgərinə qarşı terror aktı törədib2 yox, məhz ərazi ifadəsini işlədirəm? Çünki qanunvericiliyə görə Mirzoyan o qumbaranı Azərbaycan əsgərinə yox, soldakı Rusiya sülhməramlılarına da atmış olsa idi, yenə Azərbaycan qanunvericiliyi ilə mühakimə olunmalı idi. Mirzoyanın yeri Azərbaycan həbsxanalarından biridir. Onun ekstradisiyası da mümkün deyil. Çünki iki ölkə arasında belə bir anlaşma, razılaşma, müqavilə yoxdur.

Düşünmürəm ki, Azərbaycan tərəfi qorxaq siyasət yürüdərək sırf Mirzoyan cəzalandırılsın deyə öz əsgərini cəzalandıracaq. Ermənistan parlamentinin deputatlarının Azərbaycan ərazisinə qanunsuz səfərinə görə iki ölkə xarici işlər nazirlərinin nəzərdə tutulan görüşündən imtina edən, ilk dəfə əməli reaksiya verən ölkənin bu məsələdə ürkək davranması inandırıcı gəlmir. Ən azı, buna ümid edirəm.

Bu məsələ ilə bağlı erməni tərəfi videogörüntülər yayıb. Əslində, Mirzoyanın törətdiyi terrorun da görüntüləri var. Erməni tərəfinin heç bir tələb etmək haqqı yoxdur. Azərbaycan tərəfinin isə Mirzoyanı tələb etmək hüququ nəinki var, hətta o terrorçunu gətirib, mühakimə etmək qanuni borcudur.

Belə bir iddia da ortaya atılıb ki, həmin erməni, ümumiyyətlə, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və ya gələcəkdə olacaqlar. Vətəndaş olan, olacaqlar nə vaxtdan postlara yaxınlaşmağa haqq qazanıblar? Saatdar üçün “Dur, kimdir gələn?” sualından sonra parolu deməyən hər kəs potensial təhlükə mənbəyidir. Az olub ki, Azərbaycan vətəndaşı posta basqın etsin və qarşılığında belə cavab almasın?

Yüksək rütbəli və hazırda xidmətdə olduğu üçün ad-soyadını açıqlamayacağım hərbi hissə komandirimiz avtoparka girərkən saatdar öncə “Dur, kimdir gələn?” sualı vermişdi. Hərbi hissə komandiri buna məhəl qoymadan onun üzərinə doğru hərəkət etməkdə davam etdiyi üçün əsgər havaya yox, hərbi hissə komandirinin ayağının altına atəş açaraq onu üzüüstə uzatmışdı. Nəticə bilirsiniz nə olmuşdu? Həmin əsgər bir həftəlik məzuniyyət qazanmışdı. Bu hadisədə əsgərin bir səhvi olmuşdu, o da ayağının altına atəşdən əvvəl havaya atəş açmamağı.

Bəzən əsgərin üzərinə çox şey yükləyirik. Əsgər Azərbaycanın möveyini bilməlidir, beynəlxalq aləmdən gələn təpkiləri hesablamalıdır, erməni əhalisini qazanmağı düşünməlidir və sairə, və ilaxır. Əsgərin bilməli olduğu tək şey nizamnamə və ona uyğun davranışdır. Nizamnaməyə uyğun davranıbsa, yuxarıda sadaladıqlarım və sadalamadıqlarımı Azərbaycan dövləti düşünməli, oradan çıxış yolu tapmalıdır. Əsgərin onsuz da yükü çoxdur. Çadırlarda, bir qarnı ac, bir qarnı tox xidmət aparır, hələ geopolitik də olsun sizin üçün?

www.yenicag.azшаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.