Parlamentlər nəyi ratifikasiya etmişdi: Paşinyan 30 illik “sandığı” açır - NƏ BAŞ VERİR?

26-01-2022, 12:52           
Parlamentlər nəyi ratifikasiya etmişdi:
“Ermənistan Azərbaycanla sülh sazişinin əleyhinə deyil. Lakin bu saziş hazırlanmalı və formalaşdırılmalıdır. Bu, danışıqların mövzusudur. Ermənistan isə danışıqlara hazırdır”.

Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Xatırladıb ki, 1992-ci ildə Ermənistan və Azərbaycan MDB-də mövcud olan sərhədlər daxilində ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığının tanınması ilə bağlı sənədləri parlamentlərdə ratifikasiya edib: "Lakin bir çox məsələlər və nüanslar hələ də həll olunmamış qalır və bunun üçün danışıqlar aparılmalıdır".

İkinci Qarabağ müharibəsindəki qələbədən dərhal sonra rəsmi Bakı tərəfindən də Ermənistana sülh təklifi verilib. Amma bir il 3 aydır ki, rəsmi İrəvandan sülh sazişinin imzalanmasına müsbət reaksiya verilməyib. Əksinə, mütəmadi olaraq Ermənistan tərəfindən sərhəddə, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki erməni separatçıları tərəfindən isə Qarabağda silahlı təxribatlara əl atılıb. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı Üçtərəfli Birgə Bəyanatın demək olar ki, heç bir bəndinə (Ağdam, Kəlbəcər və Laçının boşaldılması istisna olmaqla) əməl olunmayıb.

Belə olan halda rəsmi İrəvandan verilən sülh bəyanatı nə dərəcədə səmimi ola bilər? Yaxud da, əgər tərəflər yekun sülh sazişinə hazır olduqlarını bəyan edirsə, buna maneə yaradan nədir? Eyni zamanda, Paşinyan “1992-ci ildə Azərbaycan və Ermənistan parlamentlərinin ratifikasiya etdiyi sənəd” deyəndə nəyi nəzərdə tutur?

Teref.az yazır ki, Müsavat Partiyasının başqanı, keçmiş deputat Arif Hacılı AYNA-ya deyib ki, 1992-ci ilin yay aylarında Ermənistan tərəfi Qarabağ məsələsi ilə bağlı kifayət qədər yumşaq mövqe tutub: "Çünki Azərbaycan Ordusu həmin illərdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin 50 faizindən çoxunu işğaldan azad etmişdi. Konkret detallar yadımda olmasa da, Milli Məclisdə həmin ratifikasiya Azərbaycanın ərazi bütövlüyünün tanınması şərti ilə edilmişdi. Ermənistan Yuxarı Qarabağa təxminən SSRİ dövründə olduğu kimi statusun verilməsini təklif edirdi və müzakirələr bu istiqamətdə gedirdi".

"Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasına gəlincə, mən bunu həddən artıq vacib hesab edirəm. Çünki nə qədər ki, müqavilə bağlanmayıb, nə qədər ki, Cənubi Qafqazda söz sahibi Rusiyadır, nə qədər ki, Zaxarovanın da dediyi kimi, Yuxarı Qarabağa gediş-gəlişə tam şəkildə nəzarət Rusiya hərbçilərinin səlahiyyətində olacaq, münaqişə heç vaxt həll olunmayacaq", - deyə başqan söyləyib.

Hacılının sözlərinə görə, Paşinyan dediklərində səmimidirsə, real addım atsın: "Azərbaycan sülh tərəfdarıdır. Biz sülh müqaviləsi bağlamalıyıq, sərhədlərin delimitasiya və demarkasiyasının həlli istiqamətində müzakirələr aparılmalıdır. Bu müzakirələr mövcud xəritələr əsasında həyata keçirilməlidir. Eyni zamanda, Azərbaycanın Yuxarı Qarabağ ərazisində yaşayan erməni əhalisinə Azərbaycan təhlükəsizlik təminatı verməlidir. Yəni bu şərtlər əsasında müqavilənin bağlanması Cənubi Qafqazda qalıcı sülhə nail olmağın yeganə yoludur".

"Tərəflər sülhə razıdırsa, maneə yaradan nədir və ya hansı qüvvədir", - sualına gəlincə, siyasətçi qeyd edib ki, Rusiya regionda sülhü istəmir: "Bu, təbiidir. Rusiyanın hazırda Ermənistandakı mövqelərinin xeyli zəifləməsi, erməni ictimai rəyində anti-Rusiya meyllərinin artması Moskvanı narahat edir. Rusiya hətta Ermənistandan öz qoşunlarını çıxarmaq məcburiyyətində qalsa, öz hərbi gücünü göstərmək imkanlarını itirsə belə, bu itkini Yuxarı Qarabağda əvəzləmək istəyir. Kremlin planı ondan ibarətdir ki, Azərbaycan ərazisində nə Azərbaycana, nə də Ermənistana tabe olan - birbaşa Rusiyaya tabe olan forpost yaratsın. Rusiyanın təhlükəli planı budur - hansı ki, belə plan həm Azərbaycanın, həm Ermənistanın, həm də Yuxarı Qarabağda yaşayan ermənilərin mənafelərinə uyğun deyil. Bu, münaqişənin həlli yox, konservləşdirilməsidir. Hesab edirəm ki, Ermənistan Baş nazirinin həm Türkiyə, həm də Azərbaycanla normal münasibətlər qurulması ilə bağlı bəyanatları səmimidirsə, Azərbaycan hakimiyyəti adekvat davranış göstərməlidir", - Müsavat başqanı fikrini tamamlayıb.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclis üzvü Asim Mollazadə mövzuya dair AYNA-ya açıqlamasında bildirib ki, Ermənistan Baş naziri mütəmadi bəyanatlar verir və bu bəyanatların əksəriyyəti bir-birinə ziddir: "Anlamaq olmur ki, Paşinyanın niyyəti nədir?! Biz Nikoldan bəyanat yox, konkret addımlar gözləyirik. Real addımlar da ondan ibarətdir ki, Üçtərəfli Birgə Bəyanata İrəvan əməl etsin, delimitasiya, demarkasiya ilə razılığa gəlsin, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmi bəyan etsin”.

“Əlbəttə, Paşinyanın bu addımları sülh sazişinin imzalanması ilə nəticələnə bilər. Əslində, bölgədə sülhün, sabitliyin olması, kommunikasiyaların blokdan çıxarılması, yekun sülh sazişinin bağlanması Ermənistanın maraqlarına da uyğundur”, - deputat əlavə edib.

1992-ci ildə parlamentlərin ratifikasiya etdiyi sənədə gəlincə, Mollazadə belə cavab verib: "Yenə də deyirəm, Paşinyan bir-birinə zidd açıqlamalar verir. Konkret əsasları olmayan bəyanatların Azərbaycan üçün əhəmiyyəti yoxdur. Əhəmiyyətli odur ki, Üçtərəfli Birgə Bəyanatın bütün müddəaları həyata keçirilsin. İrəvan buna əməl etsə, əlbəttə, sülh müqaviləsi bağlanacaq. Bununla eyni zamanda, Ermənistan öz problemlərinin həllinə nail olacaq. Çünki Ermənistan rəsmiləri həftədə 2-3 dəfə bəyanat verirlər və başa düşmək olmur ki, nə istəyirlər. Özləri də dəqiq bilmirlər ki, hansı addımı atsınlar. Buna görə də müxtəlif oyunlar oynayırlar. Mövqelərinə aydınlıq gətirmələri üçün mənə elə gəlir ki, onlar öz üzərlərində çox işləməlidirlər".шаблоны для dle 11.2


Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.