Əli İnsanovun əmlakını ailəsindən xəbərsiz satan qadın kimdi?

8-04-2016, 09:47           

Hazırda həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun qarajı özünün və ailəsinin xəbəri olmadan 50 min manata tikinti şirkətinə satılıb. Həm də bu ailəyə heç bir aidiyyəti olmayan Vəfa Əlizadə adlı bir qadın tərəfindən…

Keçmiş nazirin əmlakının yerləşdiyi ərazidə bir neçə qarajlar olub. Orada tikinti işləri həyata keçirmək istəyən şirkəti qarajların sahibi ilə razılığa gəlib. Növbə Əli İnsanovun qarajına çatanda həmin Vəfa Əlizadə özünü əmlakın sahibi kimi qələmə verib və onun müqabilində 50 min manat pul alıb.


Üstündən bir xeyli keçəndən sonra Əli İnsanovun yaxınları məsələdən xəbər tutub. Keçmiş nazir vəkilləri vasitəsilə Vəfa Əlizadəyə qarşı məhkəmədə iddia qaldırıb. Nəsimi Rayon Məhkəməsi iddianı təmin edib və Vəfa Əlizadənin keçmiş nazirə 50 min manat ödəməsi barədə qətnamə çıxarıb. Qətnamə uzun müddət icra olunmayıb. Əli İnsanovun müdafiəçiləri müəyyənləşdirib ki, Vəfa Əlizadənin adına “Deka bank”da dəyəri 50 min manatdan da xeyli çox olan səhmlər var. Vəkillər səhmlərin bir hissəsinin (50 min manatlıq) üzərinə həbs qoyulması tələbilə məhkəməyə müraciət ediblər. Məhkəmə tələbi haqlı sayıb və ötən il mayın 26-da səhmlərin üzərinə həbs qoyulması barədə qərardad çıxarıb. Amma üstündən az qala, bir il vaxt keçsə də, qərardad icra olunmur. Həsimi Rayon İcra Şöbəsi nədənsə, Vəfa Əlizadənin səhmlərinin üzərinə həbs qoymaq istəmir.

Əli İnsanov bu dəfə də Nəsimi Rayon İcra Şöbəsinin rəisi və qərarın icrasına məsul olan əməkdaşı Ramin Muradova qarşı 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində iddia qaldırıb. İddiada bu vəzifəli şəxslərin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və həmin qanunsuzluq nəticəsində dəyən mənəvi ziyana görə 50 min manat təzminat ödənilməsi tələbi qoyulub. Məhkəmə iddianı qismən təmin edib – Nəsimi Rayon İcra Şöbəsinin qərarı icra etməməsi (hərəkətsizliyi) qanunsuz hesab edilib.

Ramin Muradov da bu qərardan apellyasiya şikayəti verərək onun ləğvini xahiş edib. Dünən Bakı Apellyasiya Məhkəməsində hakim Cahangir Yusifovun sədrliyilə sözügedən şikayətə baxılıb.

Ramin Muradov bildirib ki, birinci instansiya məhkəməsi konkret onun özü ilə bağlı düzgün nəticəyə gəlməyib: “Qətnamədə yazılıb ki, “icra məmuru üzərinə düşən vəzifəni yerinə yetirməyib. Yəni mənim hərəkətsizliyim nəticəsində qərardad icra olunmayıb. Hesab edirəm ki, bu, səhv nəticədir. İcra məmuru kimi məndən asılı olan addımlar atılıb. Mən başqa heç bir hərəkət etməməliydim, bütün məktublar və başqa sənədlər şöbənin rəisinin imzasıyla göndərilir”.

Əli İnsanovun vəkili Ağaveyis Şahverdi icra məmurunun dediklərilə razılaşmayıb.

“Əli İnsanovun bütün əmlakını bu adam satıb. Nə yaxşı, həmin qərarları icra eləyirdi, bunu niyə icra eləmir?”, – deyə Ağaveyis Şahverdi məhkəməyə bildirib.

Vəkilin “qərar niyə icra olunmur?” sualına icra məmuru ” mən bu suala cavab verə bilmərəm” deyib.

Apellyasiya məhkəməsi icra məmurunun şikayətini qismən təmin edib. 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin qərarı ləğv edilib, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.