Qarabağdakı qələbədə Türkiyə “izi” – düşmən və havadarı təlaşda
11-04-2016, 09:38
Bir millət, iki dövlət - tək hədəf...; Ordumuzun blits-zəfəri qardaş ölkənin regiondakı gücünə güc, nüfuzuna nüfuz qatıb; Türkiyə ilə hərbi müttəfiqliyin ən yüksək fazaya keçməsi üçün indi artıq heç bir maneə qalmır...
Hansı qüvvənin qızışdırmasından asılı olmayaraq, 4 günlük müharibədə Azərbaycan Ordusunun qazandığı blits-zəfər Qarabağ məsələsi ilə yanaşı, ümumən bölgədə yeni və maraqlı bir ab-hava yaradıb, yeni siyasi mənzərə formalaşdırıb. Sözsüz ki, son əməliyyatlarda əsgərimizin göstərdiyi rəşadət həm də Türkiyənin, iki qardaş ölkə arasında son illər genişlənən hərbi əməkdaşlığın, o sırada intensivləşən birgə təlimlərin və ordumuzun döyüş göstəricilərinin NATO üzvü Türkiyə hesabına yaxşılaşmasının göstəricisi idi.
Bu mənada Silahlı Qüvvələrimizin 2-5 aprel qələbəsi əslində Azərbaycan və Türkiyənin Ermənistana və onun havadarına ortaq güc nümayişi idi. 4 günlük müharibə zamanı Rusiya KİV-lərində, bir sıra Moskva rəsmilərində Ankaraya qarşı özünü göstərmiş isterika və qəzəb də “Su 24" insidentinə görə Türkiyəyə qarşı antipatiyadan çox, məhz bu amillə bağlı idi. Çünki əksər analitiklərə görə, budəfəki eskalasiyanın arxasında ABŞ-la yaxınlaşmaqda olan Azərbaycana Kremlin erməninin əli ilə dərs vermək istəyi dayanmışdı.
Lakin göründüyü kimi, Moskva və satelliti hədəfə çatmayıb və əks-nəticə ilə üzləşib. Azərbaycan əsgəri hücumda ikən Rusiyanın əlüstü savaşı dayandırmağa girişməsinin və Türkiyəyə artan qəzəbinin motivi burada axtarıla bilər. Guya hərbi qarşıdurmada məhz Ankaranın maraqlı olması barədə Rusiya siyasi isteblişmentində kök salmış absurd qənaət də eyni mənbədən qaynaqlanır və “dəsmalı ağrıyan başdan ağrımayan başa qoymaq” cəhdinə bənzəyir.
***
Kreml, Putin bərk məyusdur. Məyusdur həm də o səbəbə ki, Azərbaycan işğalçıya - Moskvanın forpostuna yaxşıca qulaqburması verə bilib, həm də bununla Türkiyənin bölgədəki güc və nüfuzuna əlavə güc-nüfuz qatıb. Təsadüfi deyil ki, qardaş ölkəyə qarşı analoji əsassız iddianı İrəvan və Bakı səfərlərindən qayıdan baş nazir Dmitri Medvedyev bir daha dilə gətirib. RİA Novosti agentliyinə müsahibəsində o, Qarabağ münaqişəsi zonasında yaranmış son durumda “Türkiyə amili”nin rolunu istisna etməyib.
“Siz Türkiyə amilini dediniz. Yəqin ki, Türkiyə faktoru var. Ən azı ona görə ki, Türkiyə öz mövqeyini açıq şəkildə ortaya qoyub” - baş nazir vurğulayıb. Medvedyev ardınca deyib ki, “Türkiyənin Qarabağdakı situasiyaya dair bəyanatları əndişə doğurmaya bilməz”.
Halbuki, Ankaranın həmin bəyanatları qeyri-adi deyildi və sırf beynəlxalq hüquqa, BMT-nin Dağlıq Qarabağa dair məlum qətnamələrinə (hansıları ki, Rusiya rəsmləri heç vaxt dilə gətirmir) söykənirdi və Azərbaycanın ərazi bütövlüyünə dəstəkdən, işğala təcili son qoymaq çağırışlarından ibarət idi.
Belə bəyanat-açıqlamalar necə əndişə yarada bilərdi ki? Ankara həmişə bu mövqedən çıxış etməyibmi? O sırada prezident Rəcəb Tayyib Ərdoğanın, baş nazir Əhməd Davudoğlunun “Türkiyə Azərbaycanın yanındadır, daim yanında olacaq” bəyanatları ilk dəfə deyildi ki, səslənirdi. Üçüncü yandan, bölgədə (Ermənistanda) hərbi bazası olan Rusiyadır, Türkiyə yox. Türkiyənin ölkəmizdə nəinki hərbi bazası, heç bircə hərbçisi də yoxdur. Necə olur, 4 günlük müharibə zamanı rus hərbi təlimatçılarının dərhal gedib İrəvanda oturması normal sayılır və qızışdırıcı hal hesab olunmur, amma Türkiyə dövlətinin Azərbaycana adicə siyasi dəstək nümayişi müharibə çağırışı sayılır?
***
Sözü ona gətiririk ki, Kremlin Qarabağ müharibəsində Ankaranı suçlu bilməsi qətiyyən sağlam məntiqə sığmır. Son savaşda “Türkiyə izi” varsa da, bu, yuxarıda deyildiyi kimi, birbaşa yox, dolayı bir izdir. Ermənistan və onun müttəfiqi Rusiyanın 4 günlük müharibədə hələ də Türkiyəni günahkar sayıb təlaşlanması öncəliklə bu faktora görədir. Moskva, əlbəttə ki, Konyada təzəcə başa çatan 3 həftəlik Türkiyə-Azərbaycan birgə təlimlərini də unutmayıb.
Lakin Ankara-Bakı hərbi əməkdaşlığı Moskva-İrəvan hərbi müttəfiqliyi qədər təbiidir və bu üzdən gərək üçüncü qüvvəni təəccünləndirməsin. Yeri gəlmişkən, son olaylardan sonra iki qardaş ölkənin hərbi müttəfiqliyinin ən yüksək səviyyəyə qalxması üçün artıq heç bir maneə qalmır. Yəqin ki, belə də olacaq. Hər halda 2-5 aprel hadisələri göstərdi ki, Türkiyə-Azərbaycan siyasi-hərbi tandemi regionda rus-erməni təxribatlarına qarşı ən kəsərli və güclü çəkindirici kontur-amil rolu oynaya bilər.
***
Bu mənada xüsusən də prezident İlham Əliyevin 15 mart Türkiyə səfəri zamanı iki ölkə arasında imzalanmış sənədlər, ələlxüsus, 6-cı protokol böyük önəm daşıyır. Söhbət Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının şəxsi heyət üzrə rəisi, korpus generalı İlhan Talu arasında imzalanan “Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında hərbi/mülki heyətin sosial və mədəni məqsədli mübadiləsinə dair Protokol”dan gedir.
Xatırladaq ki, bəzi hərbi ekspertlər bu sənədi qardaş ölkənin hərbi təcrübəsindən daha geniş istifadə etmək, hətta türk generallarını Azərbaycanda vəzifəyə gətirmək planları kimi qiymətləndifrmişdilər. “Sənədin adının ehtiyatlı qoyuluşu isə yəqin ki, bir sıra ölkələri (ən əvvəl də Rusiyanı -red.) qıcıqlandırmamaq üçündür”, - deyə hərbi ekspert Cəsur Sümərinli bildirmişdi.
Onun ehtimalına görə, Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri ən azı üç istiqamət üzrə Azərbaycan Müdafiə Nazirliyində yüksək vəzifələrə təyin oluna bilərlər: “Söhbət büdcə planlaşdırılması, döyüş hazırlığı və arxa cəbhə təminatı istiqamətlərindən gedir”.
Onu da qeyd edək ki, Azərbaycanda bir sıra hərbi qurumlarda oxşar taktikadan - yəni türkiyəli zabitlərin təcrübəsindən istifadə olunur. Məsələn, Daxili Qoşunların Komandanının köməkçisi Türkiyə Jandarmasının hərbi qulluqçusudur...
***
Şübhəsiz ki, Moskva və İrəvanın yuxusunu qaçıran indi həm də Bakı və Ankaranın bölgə və Qarabağa yönəlik sinxron hərbi siyasət və ortaq strategiya yürütməkdə daha qərarlı olmasıdır. Bu sinxronluq, şəksiz ki, problemin dinc həll prosesinə də öz sanballı təsirini göstərəcək. Türkiyəni qaralayıb nüfuzdan salmaqda daha bir hədəf bu ortaq təsiri azaltmaq, Azərbaycanı təkləməkdir. musavat/