Növbəti devalvasiya gəlir
12-04-2016, 10:17
Azərbaycanda bank sektoru çökür; rəsmi məlumatlar maliyyə böhranının kritik həddə olduğunu göstərir
Azərbaycan manatı yenə təhlükəli durumdadır. Yaxın günlərdə növbəti devalvasiyanın şahidi ola bilərik. Zatən, 21 dekabr devalvasiyasından sonra manatın mövcud kursu, bəzi hallarda hətta dolların ucuzlaşmasının arxasında iqtisadi əsaslar dayanmırdı. Ötən saylarımızda məlumat vermişdik ki, məsələnin kökündə Mərkəzi Bankın sədri Elman Rüstəmovla maliyyə naziri Samir Şərifovun arasındakı ziddiyyətlər dayanır.
Məlumatda deyilirdi ki, bu ziddiyyətlər ikinci devalvasiyadan sonra baş qaldırıb. Elman Rüstəmov 21 dekabr devalvasiyasında dolların məzənnəsinin 1.10-1.20 qəpik civarında müəyyənləşdirilməsini təklif edib. Lakin Samir Şərifov Elman Rüstəmovdan fərqli olaraq sərt devalvasiyasının tərəfdarı olub. Hansısa səbəblərdən ölkə başçısı Ilham Əliyev Samir Şərifovun təklifini dəstəkləyib. Bəs niyə bu məsələ Elman Rüstəmovla Samir Şərifov arasında ziddiyyətlərə səbəb olub? Məsələ burasındadır ki, devalvasiya Maliyyə Nazirliyinə sərf edən prosesdir. Çünki istənilən devalvasiya qiymət artımına səbəb olur. Bu halda isə vergi daha da artır və nəhayət dövlət büdcəsinin doldurulması bir qədər asanlaşır.
Elman Rüstəmov isə inflyasiyaya nəzarət edən bir şəxs kimi hər devalvasiyada hədəfə gəlir. Bu baxımdan Mərkəzi Bank rəhbəri sərt devalvasiyanın tərəfdarı deyil. Məlumatda bildirilir ki, indi Elman Rüstəmov vəziyyətdən çıxış yolu kimi manat qıtlığı yaradıb. Elə bu səbəbdəndir ki, Mərkəzi Bankın hərraca çıxardığı böyük məbləğdə dolların yalnız cüzi hissəsi satılır. Banklarda dollar almaq üçün manat tapmaqda çətinlik çəkirlər.
Amma Mərkəzi Bankın son məlumatları göstərir ki, artıq vəziyyət çox pisdir və heç bir halda manatı qorumaq mümkün deyil. Məsələn, bank məlumat yayıb ki, aprelin 11-də 21 banka 80 mln. dollar satılıb. Bundan əvvəlki məlumatlarda isə bu rəqəm xeyli aşağı idi.
Bundan başqa Mərkəzi Bank məlumat yayıb ki, Azərbaycanın tədiyyə balansında 2015-ci ilin IV rübündə 2 188 mln. ABŞ dolları həcmində kəsir yaranıb. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, 2015-ci il üzrə isə məcmu kəsir 11 329 mln. dollara çatıb. Bu, tarix maksimal göstəricidir. Qeyd edək ki, 2014-cü ilin tədiyyə balansı 4 194 mln. dollarlıq profisitlə yekunlaşıb.
Digər məlumatda isə deyilir ki, kommersiya banklarının Mərkəzi Banka ümumi borcu fevralın 1-nə nisbətən 546,1 mln. manat və ya 9,23% artıb. Keçən ilin analoji dövrü ilə müqayisədə isə bu göstərici 4 554,2 mln. manat və ya 3,4 dəfə artıb.
Başqa bir məlumat isə problemli kreditlərin həcminin artması barədədir. Bütün bunlar isə bank sektorunun çöküşünü, manatın dəyərini itirməsini şərtləndirən amillərdir. Bu baxımdan ekspertlər də yaxın vaxtlarda hökumətin növbəti devalvasiyaya getmək məcburiyyətində olacaqlarını bildirirlər.azadluq.info/