Ordumuzdan düşmənə, vergilərdən «Gündəm xəbər”ə zərbə…

15-04-2016, 16:17           

Qəzetin təsisçisi Şirin Cəfəri 4 il, 6 ay şərti cəza ilə azadlıqdan məhrum edildi; Vergilər Nazirliyi prezidentə qarşı gedərək bir qəzeti əzmək yolunu axıra qədər tutdu, hakimin ədalətli mövqeyi isə baş redaktorun həbsinə imkan vermədi

Ötən həftə ölkə rəhbərliyinin, ictimaiyyətin, medianın diqqət və həssaslığı cəbhə xəttində olarkən Vergilər Nazirliyi fürsətdən sui-istifadə etməyi qaçırmadı.

Ordumuz düşmənə sarsıdıcı zərbə endirdiyi və qəhrəman şəhidlər verdiyi bir vaxtda nazirlik də öz növbəsində “hücum”u azad mətbuata - «Gündəm xəbər” qəzetinə təşkil elədi.

Silahımız qələm, nazirlik isə hücumda…

Silahı qələm və həqiqətləri araşdırıb yazmaq, ölkədəki problemləri, məmur özbaşınalıqlarını tirajlamaq olan bir media orqanına nazirlik öz “ordu”sunu yeridib, vəzifə səlahiyyətləri hesabına əzib keçməyə çalışdı.

«Gündəm xəbər”lə iki ildən çoxdur ki, məhkəmə çəkişməsində olan nazirlik maliyyə resursları olmayan, əməkdaşlarına maaşları çətinliklə ödəyən, çap və yayım problemləri ilə üzləşən qəzetin üstünə sona qədər yeriməyi seçim etdi. Və nəticə göz qabağındadır.

«Gündəm xəbər”in təsisçisi Şirin Cəfəri 4 il, 6 ay şərti cəza ilə azadlıqdan məhrum edildi. Təbii ki, bu hökmdə Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun humanist bir jestini qeyd etmək lazımdır.

Baxmayaraq ki, Vergilər Nazirliyi cəbhə xəttində şiddətli döyüşlərin getdiyi bir zamanda öz hücumlarını gücsüz-qüvvəsiz, yalnız əli qələm tutan bir qəzetə təşkil elədi, bununla belə məhkəmə femidaya tüpürmədi, öz ədalət prinsipini qorudu. Nazirlik isə qəzetdən heyfini çıxmaq istədi.

Amma unutdu ki, prezident İlham Əliyevin dostu olan bir mətbu orqanla düşmənçiliyi seçdi. Dövlət başçısının mətbuatın inkişafına verdiyi dəstək, jurnalistlər üçün mənzillərin tikilməsi, KİVDF tərəfindən maliyyələşmə, iqtidar və ya müxalifyönlü fərqi qoymadan eyni dərəcədə qayğı bəslənməsi məhz İ.Əliyevin mətbuatla bağlı siyasətinin konsepsiyasıdır. Nazirlik isə prezidentə qarşı gedərək bir qəzeti əzmək yolunu tutdu.

Prezident həbsə, nazirlik isə prezidentə qarşı…

Dövlət başçısının jurnalistlərin həbsinə qarşı çıxması, bununla bağlı etdiyi çıxışlar da yaddaşlardan silinməyib. Həmçinin, media kapitanları ilə görüşdə prezidentin mühüm açıqlamaları xatırlanmalıdır. “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin həbsinə verdiyi reaksiya da buna misaldır. Gəlin prezidentin çıxşını yada salaq:

Dövlət başçısı bu kimi hallarda azadlıqdan məhrumetmə barədə qərar çıxarılmasındansa, tərəflər arasındakı problemlərin hüquqi yolla həllinə nail olmağın daha effektli ola biləcəyini söyləyib.

Prezident güman etdiyini bildirib ki, siyasi plüralizmi özünün əsas prinsiplərindən biri kimi həyata keçirən Azərbaycanda jurnalistlərlə vətəndaşlar arasındakı bu və ya digər anlaşılmazlıq və qarşıdurma jurnalistlərin həbsinə səbəb olmayacaq.

Dövlət başçısı bu məsələlərdə həm çəkişən tərəflərin, həm də məhkəmələrin beynəlxalq praktikada qəbul olunmuş daha münasib yollara istinad etmələrinin daha yaxşı olacağını da qeyd edib.

Vergilər Nazirliyi isə prezidentin əleyhinə çıxaraq «Gündəm xəbər”in təsisçisi Şirin Cəfərini həbs etdirməyi qarşısında məqsəd qoymuşdu. Ancaq hakimin ədalətli mövqeyi bu məqsədə çatmağa imkan vermədi. Bu həm də dövlət başçısının yuxarıda təqdim etdiyimiz sitatından təsdiqi və gerçəkliyidir.

Təzyiqlərin arxasındakı məqsəd…

Prezidentin prinsipial siyasəti təkcə mətbuata münasibətdə deyil, digər sahələrdə də özünü göstərir. İstər iqtisadi-siyasi sferada, istər siyasi partiyaların fəaliyyətində, istərsə aztəminatlı, qaçqın və köçkün, şəhid ailələrinə münasibətdə xüsusi diqqəti müşahidə etmək olar.

Eyni zamanda altında qırmızı xətlə çiziləcək bu qeydi demək lazımdır ki, ordu quruculuğunda, özəlliklə cəbhə xəttində son baş verən hadisələrdə dövlət başçısının barışmaz mövqeyini bir daha gördük.

Prezidentin yaralı hərbçilərə baş çəkməsi, ölkənin 1-ci xanımı Mehriban Əliyevanın şəhid ailələrinin dərdinə şərik çıxması xüsusilə deyilməlidir ki, Azərbaycan bu proseslərdən növbəti dəfə alnıaçıq, üzüağ çıxdı.

Amma belə bir həssas ərəfədə Vergilər Nazirliyi mətbuatı sıxışdırmaq, baş redaktoru tutdurmaq istəyirdi. Şirin Cəfəri məhkəmə çəkişmələri başlanan gündən bildirmişdi ki, bu təzyiqləri göstərməkdə məqsəd müstəqil medianı sıxışdırmaq, susdurmaqdır. Amma nazirliyin istəyi baş tutmadı.

Yada salaq ki, “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfərli 2014-cü ildə məhkəmə hökmü ilə üzərinə qoyulmuş 71 min manatlıq vergi cəriməsini ödəmədiyinə görə 4 il 6 ay şərti azadlıqdan məhrum edilib. Qərar aprelin 12-də çıxarılıb.

“Ödəniş əsassızdır”

Hökmdən öncə Şirin Cəfərli məhkəmədə son sözünü deyib. O bildirib ki, üzərinə qoyulmuş 71 mindən artıq ödənişlə bağlı qərar qanunsuz və əsassızdır. Jurnalistin sözlərinə görə, rəhbərlik etdiyi qəzetin 8 min tirajla çıxıb, hamısının da satılması fərziyyəsi ilə belə bir qərar verilib. Qəzetin kağız və çap xərcləri də nəzərə alınmayıb.

“Amma bir halda ki, ortada qüvvəyə minmiş qərar var, ona görə gücüm çatdığı qədər ödəməyə çalışmışam və bundan sonra da imkan daxilində ödəyəcəm», – deyə Şirin Cəfərli bildirib.

Hakim hökmü elan edərkən bildirib ki, jurnalistin himayəsində üç qız övladının olması, peşmançılığı, müsbət xarakterizə edilməsi nəzərə alınaraq, ona münasibətdə CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilir. Şirin Cəfərliyə təyin olunan 4 il 6 aylıq azadlıqdan məhrumetmə cəzası şərti hesab olunur.

Şirin Cəfərli Cinayət Məcəlləsinin 306.2-ci (vəzifəli şəxs tərəfindən məhkəmə hökmü və ya qərarını icra etməmə) maddəsi ilə təqsirli bilinir. O, 2013-cü ilin mayında Kəpəz Rayon Məhkəməsinin hökmü ilə 213.2.2 (külli miqdarda gəlir əldə etməklə vergi ödəməkdən yayınma) ittihamı ilə 3 il şərti azadlıqdan məhrum edilib. Həmin vaxt məhkəmə həmçinin Vergilər Nazirliyinin ona qarşı mülki iddiasını təmin edərək, 71 min 478 manat ödəməsi barədə qərar çıxarıb.

O hökmdən verilən apellyasiya şikayətinə baxılana qədər Şirin Cəfərli 540 manat ödəyib. Şirin Cəfərli qalan məbləği ödəmədiyinə görə Ədliyyə Nazirliyinin İstintaq İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmənin hökmünü, qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanıb. Şirin Cəfərli bildirib ki, maddi durumu ağır olduğuna görə ona tətbiq olunan vergi cəriməsini ödəyə bilməyib.

“Bəzi vəzifə sahibləri əl çəkmir”

“Gündəm Xəbər” qəzetinin təsisçisi Şirin Cəfərinin məhkəmədə son sözünü təqdim edirik:

Məlum olduğu kimi bu gün Azərbaycanda fəaliyyət göstərən əksər mətbu orqanlara qarşı bəzi dövlət məmurları tərəfindən təzyiqlər, yaxud da bu və ya digər formada basqılar hələ də davam etməkdədir.

Bunu onunla izah edirəm ki, hələ bir neçə il bundan əvvəl “Gündəm Xəbər” qəzetinin təsisçisi olaraq mənə qarşı da, heç bir əsası olmayan, həqiqəti özündə ifadə etməyən, yəni guya vergidən yayınmağımla bağlı Azərbaycan Respublikası CM-nin 213.2-ci maddəsi ilə cinayət işi qaldırılıb, Gəncə şəhər Kəpəz rayon Məhkəməsində məhkəmə prosesinə başlanıldı.

20 may 2013-cü il tarixdə keçirilən məhkəmə prosesində, haqqımda üç il şərti, iki il isə sınaq müddətinə məhkəmə hökmü elan olundu. Çıxarılmış qərarla razılaşmayıb, Gəncə Apelliyasiya Məhkəməsinə apelliyasiya şikayəti versəm də, Apellyasiya Məhkəməsi Kəpəz rayon Məhkəməsinin çıxartdığı qərarı qüvvədə saxladı.

Bununla da razılaşmayıb, çıxarılmış qərardan Ali Məhkəməyə müraciət etməli oldum. 02 sentyabr 2015-ci il tarixdə birinci instansiya məkhəməsinin çıxartdığı qərar, Ali Məhkəmə tərəfindən də qüvvədə saxlandı.

Bu da onu söyləməyə əsaslar verir ki, tənqidə dözümsüzlük nümayiş etdirən məmurlar tərəfindən verilmiş sifarişlər, məhkəmələrin mənimlə bağlı ədalətsiz qərarlar qəbul etmələri ilə nəticələndi.

20 may 2015-ci il tarixdə barəmdə çıxarılmış iki il şərti cəza almağımın müddəti başa çatdıqdan sonra, 23 oktyabr 2015-ci il tarixdə Ədliyyə Nazirliyinin İstintaq İdarəsində, yenidən Azərbaycan Respublikasının CPM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməyimə dair 152950067 nömrəli cinayət işinə başlanıldı və ittiham aktının araşdırılması üçün toplanmış iş materialları, CM-nin 306.2-ci maddəsi ilə sizin icraatınıza göndərildi.

Hörmətli hakim! Bir həqiqəti qeyd etmək istəyirəm ki, “Gündəm Xəbər” qəzeti işıq üzü gördüyü illər ərzində, həmişə dövlətə, dövlətçiliyimizə xidmət edən bir mətbu orqan olub. Həmişə çalışmışıq ki, ictimai həyatımızda baş verən sosial-iqtisadi, siyasi yönümlü problemləri qabardaq, onların ictimailəşməsinə də çalışaq.

Hətta, elə hallar da olub ki, dövlətçiliyimizə bu və ya digər formada zərər vura biləcək xarici qüvvələrin mərkli planlarını da ifşa etmişik, onları cavabsız belə qoymamışıq.

Çünki, “Gündəm Xəbər” qəzetinin redaksiyasında çalışan hər bir əməkdaşda, Azərbaycan sevgisi, bu millətə, bu torpağa bağlılıq hissi var. Ancaq, bütün bunlara baxmayaraq dövlətimizi sevməyən, tənqidə dözməyən, hətta ölkə rəhbərinin yürütdüyü siyasətin əleyhinə belə mövqe nümayiş etdirən bəzi vəzifə sahibləri, bu gün də bizdən əl çəkmirlər.

“Absurd və cəfəng”

Hörmətli hakim! “Gündəm Xəbər” qəzetinin təsisçisi olaraq Vergilər Nazirliyinin mənimlə bağlı elan etdiyi qərarının absurd və cəfəng qərar olduğunu tam şəkildə diqqətinizə çatdırmağı özümə borc bilirəm.

Hələ dörd il bundan əvvəl Mətbuat Şurası təsisçisi olduğum qəzetlə bağlı Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə əsası olmayan müraciət ünvanlasa da, həmin müraciət çox keçmədi ki, qeyd olunan qurum tərəfindən Mətbuat Şurasına qaytarıldı.

Belə bir yanaşmadan sonra, bəzi məmurların qəzetimizə qarşı sifariş taktikası dəyişdirildi. Yəni, çox keçmədi ki, Vergilər Nazirliyinin Audit Departamenti “Gündəm Xəbər” qəzetinin redaksiyasında yoxlamalar aparmağa başladı.

Aparılan yoxlamalar zamanı qərəzli yanaşmalarını ortaya qoyan Vergilər Nazirliyinin əməkdaşları, qəzetin təsisçisi olaraq mənə qarşı fantastik məbləğ-71 min 478 manat. 16 qəpik həcmində cərimə tərtib etdilər. Həmin vaxt qol qoyulan qanunsuzluqların miqyasını təsvir etmək üçün, hadisələrin tam təfərrüatını olduğu kimi diqqətinizə çatdırıram.

Möhtərəm hakim! Haqqımda JV2 110777026447745 saylı, 10.08.2011-ci il tarixli səyyar vergi yoxlaması AKT-ı tamamılə qanunsuzdur və həmin AKT əsasında verilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməyimlə bağlı JVS 1100777023482594 saylı, 22.09.2011-ci il tarixli qərar, heç bir hüquqi əsasa söykənmir.

Belə ki, qəzetin ilk tirajı 1500 olmuş, ən yüksək tirajı isə 2140 olmuşdur. Qəzetin tirajlarının 40-50 faizi satılmamış və geri qəbul edilmişdir (vozvrat). Bu proses mətbuat yayımı şirkətləri vasitəsi ilə həyata keçirilmişdir.

Yayım şirkətləri qəzetin bir nüsxəsini 24 qəpiyə almış, qalan 16 qəpik isə, qəzetin satışı ilə məşğul olan şirkətlərə qalmışdır. Səyyar vergi yoxlaması zamanı həftəlik və az tirajla çıxan qəzetin dövriyyəsini, gündəlik və çoxsaylı tirajla çıxan "Azadlıq", "Yeni Müsavat" qəzetlərinin dövriyyəsi ilə eyniləşdirdilər. Amma Vergilər Nazirliyinin Audit Departamentinin əməkdaşları qəzetin bir ədədinin real satış qiyməti 40 qəpiyə olduğunu və qəzetlərin satışı ilə məşğul olan şirkətlərə 16 qəpik qaldığını, eyni zamanda qəzetlərin 40-50 faizinin satılmadığını nəzərə almadılar.

Qəzetin gəlirində yanlışlıq

“Gündəm Xəbər” qəzeti 2009-cu il iyunun 1-dən 2010-cu il aprelin 4-dək “E-Q” mətbəəsində 127 min 735 nüsxə, 2010-cu il mayın 3-dən 2011-ci il mayın 31-dək “Futbol+Servis” mətbəəsində 185 min 670 nüsxə, 2010-cu il 20 avqustdan 2011-ci il 27 may tarixinədək 79 min 115 nüsxə “Azərbaycan” Nəşriyyatında çap olunmuşdur.

Vergi yoxlamasının aparıldığı vaxt, yəni 01 iyun 2009-cu ildən 01 iyun 2011-ci ilədək olan dövrdə, “Gündəm Xəbər” qəzetinin dərc olunduğu tiraj, “Azərbaycan” nəşriyyatı, “E-Q” mətbəəsi və “Futbol+Servis” mətbəəsinin verdiyi rəsmi sənədlərlə də təsdiq olunmuşdur. Təqdim olunan sənədlər tam sübut edir ki, sözügedən müddət ərzində qəzet 392 min 520. nüsxə çap olunub.

Vergilər Nazirliyinin Səyyar Vergi yoxlaması isə, tərtib etdiyi AKT-ında bu rəqəmi 5 milyon 376 min kimi göstərilmişdir. Vergilər Nazirliyinin əməkdaşları qəzetin dövrülüyüni ilk gündən gündəlik, yəni həftədə 7 dəfə, tirajını isə 8 min nüsxə hesabladıqlarından, qəzetin 24 ay ərzində ümumi tirajını 5 milyon 376 min nüsxəyə çatdırdılar.

Bununla da qəzetin büdcəsinə 2 milyon 150 min 400 manat pul vəsaitinin daxil olduğu və həmin vəsaitdən isə, 376 min 320 manatı xərc olaraq çıxılmışdır. Saxta vergi cəriməsi fantastik rəqəmlər əsasında hesablanmış və qəzetin iki il ərzində gəliri 1 milyon 774 min 80 manat kimi götürülmüşdür.

Məlumat üçün bildirirəm ki, “Gündəm Xəbər” qəzeti 2009-cu il iyunun 1-də həftədə 1 dəfə nəşrə başlamış, sentyabr ayında həftədə 2 dəfə, 2010-cu il mayın 11-dən həftədə 3 dəfə, 2011-ci il mayın 16-dan isə həftədə 5 dəfə çap olunmuşdur.

Qəzet fəaliyyətə başladığı gündən, bu gün də belə Vergilər Nazirliyinin göstərdiyi tiraj və dövrülüklə dərc olunmur. Bundan başqa aparılan vergi yoxlaması zamanı qəzetlə yayım firmaları arasında müqavilədə göstərilən qiymət, xidmət haqqı nəzərə almadı.

Xərc olaraq yalnız qəzetin çapına görə mətbəəyə ödənilən məbləğ hesablandı ki, bu məbləğ də qəzetin bir nüsxəsi üçün 7 qəpik götürüldü. Halbuki, bu da reallıqla üst-üstə düşmür. Vergilər Nazirliyinin əməkdaşları yalnız tiraj və dövriliklə bağlı deyil, eyni zamanda qəzetin gəliri ilə də bağlı ciddi yanlışlığa yol verdilər.

“Vergi cəriməsi gülməli görünür”

Yayım firmalarının təqdim etdiyi sənədlərdə qəzetin gəliri real olaraq göstərilir. Belə ki, vergi yoxlaması aparıldığı dövrdə “Qasid” ASC firması 58 min 118 nüsxə “Gündəm Xəbər” qəzeti qəbul etmiş, 26 min 974 nüsxə satılmış, 31 min 144 nüsxə geri qaytarılmışdır.

Redaksiyaya 6 min 473 manat 76 qəpik ödənilmişdir. Eyni vaxtda “Qaya” MMC firması 40 min 722 nüsxə “Gündəm Xəbər” qəzeti qəbul etmiş, 25 min 215 nüsxə satılmış, 15 min 507 nüsxə geri qaytarılmışdır.

Satışdan gələn gəlir 6 min 51 manat 60 qəpik olmuşdur. Amma redaksiyaya ilkin olaraq 5 min 495 manat 28 qəpik ödənmiş, qalan fərq -556 manat 32 qəpik isə iyun ayında hesaba köçürülmüşdür ki bu da vergi yoxlaması dövrünə aid deyil.

Yoxlama dövündə “Azərmətbuatyayım” ASC firması 12 min 658 nüsxə “Gündəm Xəbər” qəzeti qəbul etmiş, 6 min 357 nüsxə satılmış, 6 min 301 nüsxə isə geri qaytarılmışdır. Adıçəkilən firma 1 min 12 manat xidmət haqqı olaraq öz hesabında saxlamış, redaksiyaya 1 min 530 manat ödəmişdir. Vergi yoxlamasının aparıldığı vaxtda “Metro-Servis” MMC firması 20 min 220 nüsxə “Gündəm Xəbər” qəzeti qəbul etmiş, 7 min 675 nüsxə satılmış, 12 min 545 nüsxə geri qaytarılmışdır.

Satışdan gələn gəlir 1 min 842 manat olmuşdur. Amma redaksiyaya ilkin olaraq 431 manat 70 qəpik ödənmiş, qalan fərq– 1 min 410 manat 30 qəpik isə iyun ayında hesaba köçürülmüşdür ki, bu da vergi yoxlaması dövrünə aid deyil. Eyni dövrdə “Səma-M” MMC firması 14 min 06 nüsxə “Gündəm Xəbər” qəzeti qəbul etmiş, 8 min 146 nüsxə satılmış, 5 min 860 nüsxə geri qaytarılmışdır. Redaksiyaya 1 min 955 manat 04 qəpik ödənilmişdir.

Vergi yoxlamasından sonra nazirlik əməkdaşlarının 23-26 aprel 2012-ci il tarixdə apardığı xronometraj da, qəzetin tirajının yoxlama aktında göstərildiyindən xeyli aşağı olduğunu təsdiqləmişdir. Belə ki, xronometraj aparılan dövrdə qəzetin tirajının 1045 nüsxə olduğu aşkarlanmışdır.

Yəni, vergi yoxlama aktında göstərilən tirajdan 8-dəfə az olmuşdur. Beləliklə, bütün sənədlərə və əldə olan faktlara əsasən onu deyə bilərəm ki, Vergilər Nazirliyinin Audit Departamentinin Səyyar Vergi yoxlamasının qərarı, heç bir həqiqəti ifadə etmir.

Yoxlama aparılan dövrdə qəzetin hesabına ümumilikdə 15 min 885 manat 94 qəpik pul vəsaiti daxil olmuşdur. Bu vəsait qarşısında tutulan vergi cəriməsi isə gülməli görünür. Vergi yoxlaması dövründə əlavə olaraq “Narmobile” şirkəti qəzetə reklam təklif etmiş və bunun qarşılığında 130 manat hesaba pul da köçürmüşdür.

“İmran Nurməmmədovun aktındakı ziddiyət”

Bunu da hesablasaq, ümumi məbləğ 16 min 15 manat 94 qəpik edir. Bu məbləğə əsasən sadələşdirilmiş vergi ödəyicisi kimi ödənilməli olan pul, yəni gəlirin 4 faizi 640 manat 64 qəpik edir. Ötən illər ərzində vergi uçotunu özüm aparmışam və ümumi gəlirimin 4 faizini vergiyə də ödəmişəm. Vergi yoxlaması aparılan dövrdə 12 saylı Ərazi Vergilər İdarəsinə 640 mant 64 qəpik pul ödəmişəm.

Məhkəmənin gedişi zamanı mənə dövlət ittihamçısı Mahir Hacıyev və vəkilim Zaur Niftəliyev tərəfindən, prosesin gedişinə vacib sayılan çoxsaylı suallar ünvanlanmış, həmin sualları da dolğun şəkildə cavablandırmışam.

Məhkəmə prosesində istər mənim, İstərsə də şahidlərin verdikləri ifadələr zamanı, vergilər nazirliyinin audit yoxlamasının ortaya çıxardığı rəqəmlərlər ziddiyət təşkil etdiyindən, məhkəmə prosesində bir sıra müəmmalı məsələlərin də araşdırılmasına zərurət yaranmışdır.

Keçirilən məhkəmə prosesində vəkilim Zaur Niftəliyev, şahidlərin və mənim verdiyim ifadələri əsas tutaraq, Vergilər Nazirliyinin xətti ilə audit yoxlama aparmış İmran Nurməmmədovun tərtib etdiyi aktdakı rəqəmlərin ziddiyət təşkil etməsini əsas tutaraq, işin yenidən ekspertizaya qaytarılmasını dövlət ittihamçısı Mahir Hacıyevdən və hakim Yaşar Həşimovdan xahiş etdi.

Vəkilim etdiyi xahişində bildirdi ki, “mənim dövlət ittihamçısı Mahir Hacıyevin və hakim Yaşar Həşimovun apardığı prosesdən narazılığım var. Çünki, obyektivlik məhkəmə prosesinin əsas sütunudur.

Burada ən azından bir insanın taleyi, eyni zamanda azad mətbuat nümayəndəsinin taleyi həll olunur. Elə bu səbəbdən də, mən Vergilər Vazirliyinin audit yoxlamasının çıxardığı fantastik rəqəmlərlə heç cürə barışa bilmərəm. Məhz, buna görə də işin yenidən ekspertizaya qaytarılmasını daha vacib hesab edirəm”.

“Məqsədim odur ki…”

Ancaq bütün bunlara baxmayaraq, nə hakim Yaşar Həşimov, nə də ki, dövlət ittihamçısı Mahir Hacıyev təqdim etdiyimiz vəsatətlərdən heç birini qəbul etmədilər və barəmdə ədalətsiz hökmü elan etdilər. Hörmətli hakim!

Bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, mənimlə bağlı Kəpəz rayon Məhkəməsinin çıxartdığı qərarı Gəncə Apelliyasiya Məhkəməsi qüvvədə saxladıqdan sonra, çıxarılmış qərardan Ali Məhkəməyə kassasiya şikayəti etməli olduq.

Düşünürdük ki, üzləşdiyim problemlə bağlı lazımi araşdırmalar aparılacaq və belə bir səbəb üzündən də, Ali Məhkəmənin qərarını gözləməyə məcbur oldum. Təəssüflər olsun ki, Ali Məhkəmə də 02 sentyabr 2015-ci il tarixdə birinci instansiya məhkəməsinin çıxarmış olduğu qərarı qüvvədə saxladı.

Elə ki, Ədliyyə Nazirliyinin İstintaq İdarəsində CPM-nin 306.1 maddəsi ilə təqsirləndirilməyimə dair cinayət işi başlayıb, tədbir görülməsi üçün iş materialları icraatınıza göndərildi, həmin vaxtlardan çıxarılmış vergi cəriməsi ilə bağlı müəyyən ödəmələri də ödəməyə başladım.

Məsələn, “Kapital Bank” ASC-nin 5№-li şöbəsinə 25 yanvar 2016-cı il tarixdə 100 (yüz) manat, 26 yanvar 2016-cı il tarixdə 50 (əlli) manat, 27 yanvar 2016-cı il tarixdə isə, 50 (əlli) manat pul ödəmişəm. Onu da vurğulamaq istəyirəm ki, bu günədək istər Yasamal rayon İcra Şöbəsinin dəvətlərinə, istərsə də Yasamal rayon Məhkəməsinin çağrışlarına vaxtlı-vaxtında getmişəm.

Ödəniləcək vergi cəriməsi ilə bağlı mövqeyimə gəlincə isə, onu bildirmək istəyirəm ki, bundan sonra da həmin cərimənin yavaş-yavaş ödənilməsində qərarlıyam. Əgər yuxarıda sadaladığım hesabatlar üzrə yenidən araşdırmaların aparılmasına zərurət yaranarsa, söylədiklərimi bir daha sənəd-sübutla isbat edə bilərəm. Göründüyü kimi, əgər təqsirli bilinsəm mən bir əmələ, yəni borclu olduğum vergi borcunun ödənilməməsinə görə cəzalanacam.

Bu isə Azərbaycan Respublikasının qanunlarına ziddir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə heç kəs eyni əməlin törədilməsinə görə təkrar məhkum edilə bilməz. Bu sözləri son çıxışımda deməkdə məqsədim odur ki, barəmdə elan olunmuş ədalətsiz vergi cəriməsinin və məhkəmə qərarının ləğvi ilə bağlı, mənə lazımi köməkdarlıq göstərməyinizi Sizdən xahiş edirəm. Göstərəcəyiniz diqqətə görə əvvəlcədən minnətdarlığımı bildirirəm.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.