Döyülmə və elektrik cərəyanıyla işgəncə: ukraynalılara tətbiq edilən “filtrasiya” dəhşətləri

28-06-2022, 08:48           
Döyülmə və elektrik cərəyanıyla işgəncə: ukraynalılara tətbiq edilən “filtrasiya” dəhşətləri
Bu məqalədə bəzi oxucuları sarsıda biləcək təsvirlər var. 18+

Rusiyalı hərbçilərin işğal etdiyi şəhərlərdən çıxmaq istəyən ukraynalılar “filtrasiya” adlandırılan dəhşətli prosesdən keçməli olurlar. Onların telefonlarını əllərindən alıb sosial şəbəkələrdəki profillərini araşdırırlar. Mülki əhalinin sözlərinə görə, şübhəli hesab olunan paylaşımlar fiziki şiddət və hətta elektrik cərəyanıyla işgəncəyə səbəb olub. İnsanların çoxunu zorla Rusiyaya göndərirlər.

Rusiyalı əsgərlərin onun telefonunu kompüterə qoşmasını 28 yaşlı marketoloq Andrey narahatlıqla izləyib – deyəsən, onlar silinmiş faylları bərpa etmək istəyirdilər.

Andrey Mariupoldan hələ mayın əvvəlində çıxmaq istəmiş və rusiyalı hərbçilərə şübhəli görünə biləcək hər şeyi – Rusiyanın Ukraynaya hücumuyla bağlı mesajları, şəhərin Rusiya artilleriyası tərəfindən dağıdılmasını əks etdirən şəkilləri silmişdi. Amma mühasirə zamanı Ukraynanın cənubundakı bu liman şəhərində internet kəsilmiş və Andrey sosial şəbəkələrdəki bir neçə statusunu silməyə imkan tapmamışdı.

Müharibənin ilk günlərində Volodimir Zelenskinin anti-Rusiya çıxışlarını paylaşdığını xatırlayan Andrey həmin dəqiqələrdə “Mən batdım” deyə düşünüb.

Dediyinə görə, hərbçilər buna qədər də artıq ona göz qoyublarmış – filtrasiyadan keçmək üçün Mariupolun şərqindəki Bezımennoe kəndində növbə götürəndə rusiyalı əsgərlərdən biri saqqalına görə Andreyi əvvəllər sağ dairələrə bağlı könüllülər batalyonu olmuş “Azov” alayının üzvü hesab edib. Ondan soruşublar ki, “Bizim əsgərləri öldürən sizin briqadadır?”

Andrey orduda xidmət etmədiyini, təhsilini bitirən kimi işləməyə başladığını deyib. “Amma onlar məni heç dinləmirdilər də”.

Əsgərlər Andreyin telefonunu araşdırıb onun siyasi baxışlarını öyrənməyə çalışıblar, Zelenski haqqında nə düşündüyünü soruşublar. O, “normaldır” deyə cavab verib. Əsgərlər daha ətraflı cavab tələb edəndə bildirib ki, Zelenski digərlərindən xüsusi olaraq fərqlənməyən adi bir prezidentdir. Sonra özünün siyasətlə çox da maraqlanmadığını əlavə edib.

“Belə də de – “siyasətlə maraqlanmıram”” – hərbçi Andreyə belə deyib.

Ona otaqdan çıxıb qapıda gözləməyi tapşırıblar, telefonu əsgərlərdə qalıb. Andrey bura birlikdə gəldiyi anası, xalası və nənəsinin yanına qayıdıb. İşğal olunmuş ərazidən çıxmaq üçün artıq onlara sənəd verilmişdi.

Bir neçə dəqiqə sonra Andreyə Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşlarının olduğu çadıra keçməyi əmr ediblər.

Masanın arxasında 5 nəfər oturubmuş. Bu şəxslər Andreyə onun 1 mart tarixli “İnstaqram” statusunu göstəriblər – Zelenskinin həmin tarixdəki çıxışını Andrey “Fəxr edə biləcəyimiz prezident. Öz hərbi gəminizlə birlikdə evinizə gedin!” yazaraq paylaşıbmış.

“Sən bizə siyasətlə maraqlanmadığını demişdin, halbuki nasist hakimiyyəti dəstəkləyirsən” – FTX əməkdaşlarından biri ona belə deyib.

“Sonra başımdan vurdu. Yəni ilk olaraq məni o döyməyə başladı”.

Andreyin telefonunu kompüter vasitəsilə yoxlayaraq sosial şəbəkələrdəki profillərində prezident Zelenskinin çıxışlarını paylaşığını aşkar ediblər
Dmitrinin də telefonunu buraxılış məntəqəsində – o, martın sonunda Mariupoldan çıxmaq istəyəndə əlindən alıblar. 34 yaşlı tarix müəllimi deyir ki, dostuna yazdığı mesajdakı “raşist” (“Rusiya” və “faşist” sözlərinin birləşməsi) sözünə görə rusiyalı hərbçilər onu döyməyə, təpikləməyə başlayıblar.

“Məhz o sözü yazdığıma görə” – Dmitri belə deyir.

Sonra Dmitrini Nikolskoye kəndindəki polis şöbəsiinə aparıblar, bu şöbədən də filtrasiya məntəqəsi kimi istifadə edirlərmiş.

“Baş zabit üzümə dörd yumruq vurdu. Bu, prosedurun bir hissəsi kimi görünürdü”.

Onu dindirənlər deyiblər ki, sənin kimi müəllimlər Ukraynayönlü təbliğat aparırlar. Dmitridən Rusiyanın Krımı ilhaq etdiyi, Donetsk və Luqanskdakı rusiyayönlü separatçıları dəstəkləməyə başladığı “2014-cü il hadisələriylə” bağlı fikrini soruşublar. Deyib ki, bu münaqişə Rusiya-Ukrayna müharibəsi kimi bilinir. “Onlar cavab verdilər ki, bunun Rusiyaya heç bir aidiyyatı yoxdur. Məndən soruşdular ki, Ukraynada baş verənlərin vətəndaş müharibəsi olmasıyla razıyammı”.

Hərbçilər onun telefonunu təkrar yoxlayıblar. Bu dəfə üstündə “Q” hərfi görünən kitab şəkli taparaq “Yaxalandın!” deyiblər.

Rusiya prezidenti Vladimir Putin iddia edir ki, onun Ukraynada başlatdığı müharibə ölkənin “denasifikasiyası” üçün həyata keçirilən hərbi əməliyyatdır. Dmitrinin sözlərinə görə, hərbçilər kitabın Hitler haqqında olması qənaətinə gəliblər.

Ertəsi gün Dmitrini iki qadınla birlikdə separatçıların nəzarət etdiyi Starobeşevo kəndindəki (Donetsk vilayəti) həbsxanaya köçürüblər. İkimərtəbəli dörd çarpayı qoyulmuş kamerada 24 nəfər varmış.

Dörd gün keçəndən və daha bir təfərrüatlı sorğu-sualdan sonra o, nəhayət, sərbəst buraxılıb və Ukraynanın nəzarətində olan əraziyə keçə bilib. Bu, bir neçə həftə əvvəl baş verib. Dmitri kamera yoldaşlarının başına nə gəldiyini bilmir.

“Anama dedilər ki, məni “tərbiyələndirirlər””
Andrey Bezımennoyedəki dindirmə çadırında əlləri arxadan bağlanmış iki nəfər görüb. “Məni daha bərk vurmağa başladılar. Hər yerimə”.

O, qarnına dəyən güclü zərbədən sonra huşunu itirəcəyini hiss edərək yanındakı stula əyləşib.

“O an düşündüm ki, hansı daha yaxşı olar – huşumu itirib yıxılmaq, yoxsa ağrıya dözməkdə davam etmək”.

Çox da uzağa göndərilməməsi, ailəsindən ayrı düşməməsi Andreyi sevindirib.

Ukrayna rəsmiləri deyirlər ki, Rusiyanın işğal etdiyi ərazilərdə yaradılmış filtrasiya düşərgələrinə minlərlə ukraynalı göndərilib. Onalrın harda saxlandığı, demək olar ki, heç birinin ailəsinə bildirilmir.

“Mən çox qəzəbliydim, amma başa düşürdüm ki, daha pis ola bilərdi” – Andrey belə deyir.

Çadıra onun anası da daxil olmaq istəyib, amma hərbçilər buna imkan verməyiblər. “Anam çox narahatıydı, sakitləşdirmək üçün ona məni “tərbiyələndirməyə” başladıqlarını demişdilər”.

Bu proses təxminən 2 saat yarım davam edib. Onu hətta ”Yaşasın Ukrayna!” şüarına parodiya olan “Rusiya ordusuna eşq olsun!” şüarıyla başlayan video çəkməyə məcbur ediblər.

Sonda Andreydən səhvini başa düşüb-düşmədiyini soruşublar. “Təbii ki, “hə” dedim”.

Onu buraxanda çadıra başqa birini – bədənindəki döymələrdən Ukrayna ordusunda xidmət etdiyi güman olunan bir nəfəri gətiriblər.

Andrey deyir ki, “Onu dərhal yerə yıxıb döyməyə başladılar. Heç danışdırmadan”.

“Mən hətta buna necəsə haqq qazandırmağa çalışıram. Özümü inandırmağa çalışıram ki, bunda nəsə bir məntiq var” – Andrey filtrasiya haqqında belə deyir
Ukrayna hakimiyyəti bildirir ki, Rusiya hərbçiləri və onların dəstəklədiyi separatçılar mülki əhalinin ordu, polis və ya yerli administrasiyalarla mümkün əlaqələrini öyrənmək üçün işğal olunmuş ərazilərdə filtrasiya tətbiq edirlər, infrastrukturu və dövlət xidmətlərini işə salmağa çalışırlar.

Döyüş qabiliyyətli kişilərə xüsusi diqqət yetirilir. Onların çiyinlərində və barmaqlarında odlu silahdan istifadə izlərinin – qançırların olub-olmadığı yoxlanır. Çox vaxt yoxlanış üçün hətta qadınları da paltarlarını soyunmağa məcbur edirlər.

Kiyevdə yerləşən Vətəndaş Azadlıqları Mərkəzinin rəhbəri Oleksandra Matveychuk deyir ki, hətta zorakılıq tətbiq edilməyən hallarda da filtrasiya prosesi “qeyri-insanidir”: “Buna hərbi ehtiyac yoxdur. Onlar ölkəni mənim “mülki əhalinin inanılmaz iztirabları” adlandırdığım alətlə işğal etməyə çalışırlar. Sual yaranır: bu qədər qəddarlıq nə üçündür? Məqsəd nədir?”

49 yaşlı polad ustası Maksimi Bezımennoyedə soyunmağa məcbur ediblər, hətta onun paltarının tikişlərini də yoxlayıblar. Maksimdən “Azov” alayında xidmət edib-etmədiyini, nasistlərə rəğbəti olub-olmadığını, Mariupolu niyə tərk etmək istədiyini soruşublar. O, ilk iki suala mənfi cavab verib:

“Sonra dedim ki, əslində, siz Ukrayna torpağındasız”.

Bu sözlərdən sonra rusiyalı hərbçilərdən biri silahın dəstəyilə Maksimi sinəsindən vurub və o yıxılıb.

“Başımı yerə qoyub qabırğalarımın üstündən sinəmi sıxdım. Ayağa qalxa bilmədim. Nəfəs almaq belə çox ağrı verirdi”.

Maksimi “qəfəs” adlandırdığı otağa aparıblar. Digər saxlananlar da orda olub. Onlardan birinin bədənində qədim yunan tanrısı Poseydonun döyməsi varmış. Maksimin sözlərinə görə, əsgərlər Paseydonun əlindəki üçdişli çubuğu Ukrayna gerbinə oxşadıblar. “O kişi bunu izah edirdi, amma onlar başa düşmürdülər”.

“Qəfəsdə” saxlananlar nə su, nə də yemək veriblər. Tualetə hamının gözü qarşısında otağın küncünə getməyə məcbur ediblər. Özünü çox yorğun hiss edən Maksim yatmaq üçün yerə uzananda nəzarətçi içəri girib və ayağa qalxması üçün onun kürəyinə təpik vurub.

Maksim deyir ki, dindirilmədən qayıdan adamların “döyüldükləri aydın bilinirdi”. O, 40 yaşlarında bir qadını küncdə uzanmış halda gördüyünü, yəqin ki, qarnından zərbələr aldığını bildirir. 50 yaşlarında bir kişininsə dodağı partlayıbmış, boynunda qırmızı qançırlar varmış. Maksim hərbçilərin onu boğduğunu düşünüb.

“Qəfəsdə” heç kim heç nə soruşmur, heç nə danışmırmış – hamı FTX agentlərindən ehtiyat edirmiş.

4-5 saat sonra Maksimi sərbəst buraxaraq Mariupolu tərk etməsinə icazə veriblər.

Bir neçə gün sonra o, Ukraynanın nəzarətində olan əraziyə, sonra da xəstəxanaya çatıb. Sinəsi ağrımaqda davam edirmiş. Həkimlər dörd qabırğasında sınıq olduğunu aşkar ediblər.

“Görünür ki, əvvəlcədən düşünülmüş siyasətdir”
Ukrayna Baş prokurorunun ofisində yerləşən Müharibə Departamentinin rəhbəri Yuri Belousov filtrasiya prosesindəki işgəncələr və hətta qətllər barədə məlumatlar daxil olduğunu bildirir: “Belə görünür ki, əvvəlcədən düşünülmüş siyasətdir və kifayət qədər yaxşı hazırlanıb. Bu, əlbəttə ki, yeganə hal deyil və ordunun yerli səviyyədəki hərəkətləri də deyil”.

O etiraf edir ki, işgəncə iddialarını yoxlamaq və zorakılığın miqyasını qiymətləndirmək çətindir. Ukrayna hakimiyyəti işğal olunmuş ərazilərdə araşdırma apara bilmir, əksər qurbanlarsa Mariupolda qalmış ailələrinin təhlükəsizliyindən ehtiyat edərək başlarına gələnləri danışmaqdan çəkinirlər.

Mariupolda dövlət şirkətində çalışmış 43 yaşlı Vadim mart ayında Bezımennoyedə ona işgəncə verildiyini deyir. Separatçı hərbçilər onun arvadını da dindirməyə aparıblar – Ukrayna Silahlı Qüvvələrinin “Facebook” səhifəsini bəyəndiyinə və orduya ianə etdiyinə görə (İanə çekini onlar araşdırma zamanı bərpa ediblərmiş).

“Onu qorumağa çalışdım, amma məni vurub yıxdılar” – Vadim deyir.

Vadim ayağa qalxıb, amma onu təkrarən vurublar. Bu, bir neçə dəfə baş verib.

Rusiyalı hərbçilər Vadimin harda işlədiyini biləndə onu başqa binaya aparırlar. Dediyinə görə, orda separatçılar ona “axmaq suallar” veriblər, döyüblər.

“Elektrik cərəyanından istifadə etdilər. Az qala öləcəkdim. Dişlərimdən düşən plomblar boğazıma dolub nəfəsimi kəsmişdi”.

O qusub və huşunu itirib.

“Onlar çox qəzəblənmişdilər. Ayılan kimi qusuntunu təmizlətdirdilər və cərəyan verməyə davam etdilər”.

Vadimin sözlərinə görə, işgəncələr rusiyalı zabitlərin müdaxiləsindən sonra başa çatıb. Onlar Vadimi bir dəfə də dindirəndən sonra, nəhayət, buraxıblar. Həmin vaxt o, filtrasiya prosesində məhkəmə işçisi olduğu müəyyən edilmiş gənc qadının aparıldığını görüb.

“Başında polietilen paket var idi, əlləri bağlıydı. Anası diz çöküb yalvarırdı ki, qızını buraxsınlar”.

Vadimi Rusiyaya getmək şərtilə azad ediblər.

Ukrayna hakimiyyəti bildirir ki, minlərlə Mariupol sakini də daxil olmaqla, müharibə başlayandan bəri təxminən 1,2 milyon ukraynalı zorla Rusiyaya göndərilib.

Rusiya yerli sakinləri kütləvi şəkildə deportasiya etdiyini inkar edir. Beynəlxalq hüquqa görə, bu, müharibə cinayəti sayıla bilər. Rusiya rəsmiləri ancaq könüllü gedənlərə kömək etdiklərini deyirlər. Ukrayna vəziyyətin heç də belə olmadığını bildirir.

ukrayna, rusiya, müharibə, Andrey
Andreyin sözlərinə görə, anasına onun “tərbiyələndirildiyini” deyiblər
Rusiyaya göndərilənlərin bəziləri ordan başqa ölkələrə gedə biliblər, hətta Ukraynaya qayıdanları da olub. Belələrinin sayı barədə məlumat yoxdur.

Vadim dostlarının köməyilə adını açıqlamadığı başqa bir Avropa ölkəsinə köçüb. O, görmə qabiliyyətini qismən itirdiyini bildirir – həkimlər bunun başına dəyən zərbələrdən qaynaqlandığını ehtimal edirlər.

Andrey deyir ki, “İndi özümü daha yaxşı hiss edirəm, amma tam sağalmağım çox vaxt alacaq”.

Ondan filtrasiya haqqında soruşdum. Dedi ki: “Ailələri ayırırlar. İnsanlar “yoxa çıxır”. Sadəcə dəhşətdir”.

Rusiya Müdafiə Nazirliyi iddialarla bağlı bir neçə sorğuya cavab verməyib. Daha əvvəl Rusiya hakimiyyəti Ukraynada hərbi cinayətlər törətdiyini təkzib edib.

Andreyin sözlərinə görə, anasına onun “tərbiyələndirildiyini” deyiblər.

O və ailəsi hazırda Almaniyada yaşayır. Bir müddət Rusiyada da qalmalı olan Andrey baş verənləri xatırlayaraq deyir ki, işğalçılar filtrasiya mexanizmindən “mütləq güclərini” göstərmək üçün istifadə edirlər. Əsgərlər özlərini elə aparırlar ki, sanki bu onlar üçün “əyləncə növü” və “öz eqolarını məmnun etmək” vasitəsidir.

Ona söhbət etdiyim bir ukraynalı qadın – təqaüdə çıxana qədər mühəndis işləmiş 60 yaşlı Viktoriya haqqında danışdım. Rusiya hərbçiləri onun “Facebook” profilində üzərində “Hər şeydən əvvəl Ukrayna” sözləri yazılmış Ukrayna bayrağı görüblər.

Qadının sözlərinə görə, əsgər avtomatı onun üzünə tuşlayaraq hədələməyə başlayıb: “Sən zirzəmidə çürüyəcəksən!” Sonra təpik vurub. Viktoriya onun niyə belə davrandığını başa düşmür: “Mən nə etmişəm? Onların buna nə haqqı var?”

Andrey hərbçilərin davranışını izah edə bilmədiyini deyir:

“Mən hətta buna necəsə haqq qazandırmağa çalışıram. Özümü inandırmağa çalışıram ki, bunda nəsə bir məntiq var”.

Amma “ heç bir məntiq yoxdur”.

Mətndəki bəzi adlar müsahiblərin təhlükəsizliyi baxımından dəyişdirilib. (BBC)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.