Dini aksiyaların pərdəarxası: düyməni sıxan kimdir? – İLGİNC DETALLAR

29-06-2022, 17:42           
Dini aksiyaların pərdəarxası: düyməni sıxan kimdir? –
Dini aksiyaların pərdəarxası: düyməni sıxan kimdir?

“Son günlər, sosial şəbəkələrdə ən çox müzakirə predmetinə çevrilmiş əsas mövzu, ağır cinayət törətmiş bəzi məhkumların həbsxanada aclıq aksiyası keçirməsi və onlara dəstək məqsədilə, Bakıda, Tehranda, Təbrizdə, Tbilisidə keçirilən etiraz tədbirləridir. Hadisələrin xronologiyası özlüyündə göstərir ki, proseslər bir mərkəzdən idarə olunur. Azərbaycanın möhtəşəm qələbəsini, gündən-günə güclənməsini həzm edə bilməyən molla rejimi, bütün vasitələrdən istifadə etməklə, regionda sabitliyin yaranmasının qarşısını almaqda israrlıdır. Sirr deyil ki, cənub qonşumuz Zəngəzur dəhlizinin açılmasını, Türk dünyasının inteqrasiyasını, Ermənistanla sülh müqaviləsinin imzalanmasını özü üçün ciddi təhlükə olaraq görür”. DİA.AZ publika.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Deputatın fikrincə, 1979-cu ildən bəri bu ölkənin xarici siyasətinin kökündə İslam dünyasını parçalamaq, ölkələrin daxili işlərinə qarışmaq kimi missiya durur:

“Heç bir dünyəvi təhsili olmayan, müasir “şeyx Nəsrullahların”, “kimyagərlərin” süni şəkildə uydurduqları rəvayətlər, nağıllar vasitəsilə gənclərin beyinləri yuyulur. İslam dininə, ümumiyyətlə, insan psixologiyasına aidiyyəti olmayan nağılların, keçirilən tədbirlərin sayı isə ildən ilə artır. Əvvəllər gizli şəkildə fəaliyyət göstərən bu şəbəkənin fəaliyyəti son dövrlər açıq müstəviyə keçib. Yəqin düşünürlər ki, məşhur Qum və “ettealat” məktəblərinin eks-məzunları Azərbaycanda yeni “Hizbullah” yaradılması üçün kifayətdir. Deməli, Allahın təhqir olunması ilə bağlı ideya ortalığa atılır və dərhal müxtəlif ünvanlarda etiraz aksiyaları başlayır. İctimai-siyasi sabitliyi təmin edən polis işçilərinin səbrli, olduqca mədəni davranışlarına rəğmən bir qrup başı bağlı qadın xeylağının aqressiv, qeyri-adekvat davranışları cəmiyyətdə ikrah hissi ilə qarşılanır. Bundan istifadə edən, bir zamanlar əllərini öpdükləri cənublu əmmaməli ,,lotular,, özlərini demokrat adlandıran “milli şuraçılar”, bir birinin ardınca Azərbaycan dövlətçiliyi əleyhinə bəyanatlar səsləndirirlər.

Xoşbəxtlikdən Azərbaycan cəmiyyəti siyasi cəhətdən yetkin, dostunu, düşmənini tanıyan, cəhalətin yox, oturuşmuş dünyəvi dövlət quruluşunun bərqərar olduğu cəmiyyətdir. Xalqı aldatmaq mümkün deyil. Tarixi keçmişini və taleyüklü anlarda kimin hansı oyunlardan çıxdığını gözəl bilir”.

Nəsib Məhəməliyevin fikrincə, aclıq edənlər, yalanları ifşa olduqda, ictimai dəstəyi görmədikdə, bir komanda ilə aksiyanı dayandırdılar və sakitləşirlər:

“Ancaq sürprizlər davam edir. Bu gün Yevlax şəhərinin məktəblərindən birində hansısa dini liderin şəninə mahnılar oxunur. O lider Azərbaycan torpaqlarını işğal edən, Xocalı qətliamını törədən Koçaryanları, Sarqsyanları və Ermənistan rəhbəri olmuş digər yanların hər birisini böyük məhəbbətlə bağrına basıb, dəstək verib. Onların hər bir görüşünü televiziyalar nümayiş etdirib. Müəllimə, (əgər ona müəllim demək olarsa) başa düşmür ki, məktəb mədrəsə deyil, Təhsil Nazirliyinin təsdiqlədiyi tədris proqramlarında azyaşlı uşaqlara "mollaların", şəninə mahnı oxutmaq elmi öyrədilmir. Məktəblərin vəzifəsi şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmaq, dünyəvi elmləri tədris etməkdir. İranda təkcə bu il 20 mindən artıq azyaşlı qız ərə verilib. Belə bir cəmiyyətin insanlığa yad “dəyərlərini” bizim şagirdlərimiz mənimsəməməlidir. Yeri gəlmişkən, bu, İranın verdiyi rəsmi statistikadır. Reallıqda daha çoxdur”.

Deputat hesab edir ki, Təhsil Nazirliyi bu məsələni ciddi şəkildə araşdırmalı, günahkarlar müəyyənləşdirilməli və nətcəsi ilə bağlı ictimaiyyəti məlumatlandırmalıdır:

“Belə müəllimlərə uşaqların tərbiyəsini etibar etmək olmaz. Onları məktəbə buraxmaq doğru deyil. Ümumiyyətlə, təkcə Yevlaxda yox, ölkənin digər məktəblərində də belə hallar varsa, qarşısı qətiyyətlə alınmalıdır. Bizə teokratik, din dəllallarının at oynatdığı dövlət lazım deyil. Allaha, onun Rəsuluna hörmət, məhəbbət, hər bir insanın qəlbində olmalıdır. Onu nümayişkaranə şəkildə reklam etməyə ehtiyac yoxdur. Allah hər şeyi görür və qiymətləndirir.

Ölkə başdan-başa hacılarla, məşədilərlə, kərbəlayılarla, yalançı pirlərlə, "dua" yazanlarla doludur. Artıq, bu titulların özü ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Çox az kənd tapılar ki, pirlər, ziyarətgahlar olmasın. Hər birisinin də qapısında bir neçə nəzir qutuları. İlahi, doğrudanmı bizdə bu qədər müqəddəslər olmuşdur. Belə çıxır ki, yerdə qalan millətlər cəhənnəmə gedəcək, bizim min bir oyundan çıxanlar cənnətə. Azərbaycanda dünyəvi dövlət quruluşunu dəyişdirmək, tarixdə məlum olmayan “kərimə” adında teokratik dövlət qurmaq arzusunda olanların sxemi sadədir. İran kəşfiyyat orqanlarının təşkilatçılığı ilə, müsəlman ölkələrindən gənclər seçilir və Qum şəhərində təhsilə cəlb olunurlar. Onların arasından, bəzi qabiliyyətləri ilə fərqlənənlərə maliyyə dəstəyi göstərilir, bizneslə məşğul olmaq üçün şərait yaradılır və öz ölkələrinə göndərilir. Onlar da konkret proqram üzrə fəaliyyətə başlayırlar. Qonşu Gürcüstanın azərbaycanlılar yaşayan kəndlərində baş verənlərə diqqət yetirməklə, təhlükənin miqyasını görmək olar. Əvvəllər, o bölgələrin azərbaycanlı əhalisi dinə meyli ilə seçilmirdilər. Ancaq, indi məhz Qum məzunlarının "fəaliyyətləri" nəticəsində bir kənddə yaşayan yaxın qohumlar, aillələr arasında münasibətlər gərginləşib, bəzi hallarda düşmənçilik səviyyəsinə qalxıb. Gələcəkdə bu proseslərin idarəolunmaz hal alacağı şübhəsizdir”.



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.