"Məhkəmə sistemində müsbət anlamda köklü dəyişikliklər olmalıdır" - ÇAĞIRIŞ

15-07-2022, 18:36           
"Məhkəmə sistemində müsbət anlamda köklü dəyişikliklər olmalıdır" - ÇAĞIRIŞ
Həbsxanaya düşən şəxslərin həbs müddəti bitdikdən sonra yenidən eyni və ya başqa cinayət əməli işləyərək həbsxanaya qayıtması tez-tez rast gəlinən haldır. Hətta elə hal olub ki, oğruluğa görə bir neçə il həbs yatmış şəxs həbsdən çıxan günü avtomobil oğurluğu ittihamı ilə yenidən həbs olunub.

Cəmiyyətdə belə bir fikir var ki, eks-məhbuslar sadəcə “doğma yerləri” üçün “darıxır”, buna görə də davamlı cinayətlər törədirlər. Yəni doğrudanmı həmin şəxslərin islah olunma şansı yoxdur? Yoxsa yalnız ölüm hökmünün bərpası yolunuazmışların gözünü qorxuda bilər? TEREF.AZ xəbər verir ki, yenisabah.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib ki, ölüm hökmü baş vermiş cinayət hadisələrinin məğzinə görə tətbiq oluna bilər:

“Xüsusi amansızlıqla qətl törədənlər və azyaşlılara qarşı zorakılıq edənlərə qarşı ölüm hökmünü bərpasının tərəfdarıyam. Hər bir halda, ölüm hökmünün bərpası cinayətlər hadisələrinin sayını azaldacaq.

SSRİ təcrübəsi göstərir ki, ölüm hökmünün mövcudluğu cinayət sayının azalmasına səbəbdir. Bununla belə, bu, cinayət hadisələrinin baş verməsini tam aradan qaldırmayıb.

Ümumən ölüm hökmünün Azərbaycanda bərpasının əleyhinəyəm. Çünki ölkədə qanunun aliliyi yoxdur. Məhkəmə-hüquq sistemi biabırçı vəziyyətdir. Hakimlər istədiyi qanunsuzluğu edir. Ölüm hökmü də olsa, bu biabırçı vəziyyət kəllə çarxda olar. Onlar təqsiri olmayanlar barədə ölüm hökmü çıxara bilər. Bunun üçün Azərbaycanın məhkəmə sistemində müsbət anlamda köklü dəyişikliklər olmalıdır.

Digər tərəfdən, Azərbaycan Avropa Şurasının üzvüdür, Avropa Şurasının üzvü olan ölkələrdə ölüm hökmü ola bilməz”.

Hüquqşünas bildirib ki, dünyanın heç bir ölkəsində həbsxanaya düşən insanların əksəriyyəti islah olunmur:

“Dünyanın heç bir ölkəsində həbsxanaya düşən insanların əksəriyyəti islah olmur. Bunun əsas səbəbi odur ki, insanlar, adətən, öz əhatəsinə uyğun formalaşır. Bununla bağlı digər ölkələrdə olmayıb, Azərbaycanda olan bir nüansa da diqqət çəkək. Hər xırda cinayət törədəni həbs edirlər. İnkişaf etmiş ölkələrdə isə belə şey yoxdur.

Fərqli maddələrlə cinayət törədənlərin olduğu eyni bir yerdə insan necə islah oluna bilər axı? Elə insan var ki, azadlıqda olarkən törətdiyi əməl çox kiçik olsa da, həbsxanaya düşməsinə səbəb olur. Orada daha ağır cinayət törədən şəxslərlə birgə qalır. Onlarla ünsiyyət qurur, onlara oxşamağa başlayır, qəddarlaşır. Sonradan özü də qatı cinayətkara çevrilir. Bundan başqa, xırda cinayət törədənlər ağır cinayət törədənlərlə birlikdə məhkumluq yaşadıqda cinayət hadisələrinin yenidən baş vermə halları çoxalır. Bununla o insanların həyatını korlamaqla yanaşı, cəmiyyətimizdə faciələrin olmasına da səbəb oluruq. Çox az hallarda insan həbsxanadan çıxır və islah olur. Bu, yalnız Azərbaycana deyil, bütün dünyaya xasdır”.

Ə. Həsənov cinayətkarların həbsdən sonra yenidən cinayət törətməsinin bir səbəbini də işsizliklə əlaqələndirib:

“Məsələnin başqa tərəfi də həbsxanadan çıxan insanların yaşamaq üçün həyati əhəmiyyətli faktor olan iş tapmamasıdır. Əgər İkinci Qarabağ müharibəsində vuruşan qazilərimiz işsizlikdən əziyyət çəkdiklərini deyirsə, görün həbsxanalardan çıxanların sosial durumu necədir...

Ümumiyyətlə, Azərbaycanda dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanları korrupsiyaya batıb. Generallar, məmurlar və digər maddi imkanlı məhbəsə düşdükdə həbsxana işçiləri sevinirlər. Həmin şəxslər həbsxana rəhbəri və işçilərinə pul ayırdığından onlara işgəncə yox, “böyük hörmət” olunur. Həmin şəxslərin xüsusi otaqları, mobil telefonları da olur. Digər məhbuslardan da pul alma yolunu həbsxana işçiləri işgəncə verməkdə görür.

Həbsxanalara kameralar quraşdırmaqla bu problemi həll etmək mümkündür”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.