Penitensiar Xidmətdə müəmmalı işdən çıxarılma və... - müdhiş rüşvət qalmaqalı
5-05-2016, 17:23
Son günlər mediada günün əsas müzakirə mövzusuna çevrilmiş məsələlərdən biri də, ölkəmizin Penitensiar Xidmətində hökm sürən xaosla bağlı yaşananlardır. Çünki, adı çəkilən qurumun tabeçiliyində olan cəzaçəkmə müəssisələrində alver mühitinin yenidən tüğyan etməsi, bu sahənin ciddi şəkildə nəzarətsiz qaldığına sanki bir işarədir. Yəni, cəzaçəkmə müəssisələrində dustaqların döyülməsi haqda yeni-yeni xəbərlərin tirajlanması, bu sahədə açıq bazar mühitinin yaradılması, indiyə qədər görülən işlərin, həyata keçirilən islahatların üstündən xətt çəkmək deməkdir.
“Gündəm Xəbər”in əldə etdiyi məlumatlara görə, ötən həftə Pentensiar Xidmətin Gəncə İstintaq Təcridxanasının rəisi Şakir Bayramov tutduğu vəzifəsindən müəmmalı şəkildə azad olunub. Bu zaman maraqlı məqamlardan biri də, əvvəlki rəhbərliyə yaxınlığı ilə tanınan Şakir Bayramovun, hal-hazırda medianın diqqətində olan və Pentensiar Xidmətin rəisi vəzifəsini daşıyan ədliyyə general-mayoru Hüseynağa Əlixanov tərəfindən, əvvəlcə yoxlama göndərilməklə, sonra isə İşgəncələrə Qarşı Avropa Komitəsinin guya bu zonda aşkarladıqları qanunsuzluqları əsas gətirməklə o, daşıdığı vəzifəsindən uzaqlaşdırılır. Məlumatlı mənbənin bildirdiyinə görə, Şakir Bayramov əvvəlki rəhbərliyə yaxınlığı ilə tanınan kadrlardan biri hesab olunurdu.
Şakir Bayramovun yaxın günlərdə Penitensiar Xidmətə daha yüksək vəzifəyə gətiriləcəyi də, onun vurulmasının əsas səbəbləri barədə yayılan söz-söhbətlərdir. Onun daşıdığı vəzifəsindən uzaqlaşdırılması barədə məlumat, hələ ötən ilin 24 oktyabrından yayılmışdı. Şakir Bayramov çox yaxın vaxtlarda Bakıya gedəcəyi barədə, hətta yaxınlarına nələrisə də danışıbmış. Məlumatlı mənbə onu da qeyd edir ki, 2 saylı Gəncə İstintaq Təcridxanasının sabiq rəisi Şakir Bayramov, Mədət Quliyevin kadrı olduğundan, onlar arasında uzun illər səmimi münasibət də olub. Bütün bunları nəzərə almasaq, doğrudan da Şakir Bayramov İşgəncələrə Qarşı Avropa Komitəsinin Gəncə İstintaq Təcridxanası ilə bağlı sadaladığı faktlar əsasında müəsisə rəisi vəzifəsindən azad olunubsa, bəs səbəb nədir ki, digər müəssisə rəhbərləri hələ də vəzifə başında qala biliblər?. Ölüm faktlarının tez-tez təkrarlandığı cəzaçəkmə müəssisələrindən 14-cü, 6-cı, eləcə də Bakı İstintaq Təcridxanasının rəisləri, bəs səbəb nədir ki, hələ də daşıdıqları vəzifələrindən azad olunmayıblar? Görünür Hüseynağa Əlixanovun atdığı addım, sistemi əvvəlki rəhbərliyin kadrlarından təmizləməyə hesablanmış addımıdır.
Verilən digər məlumatlarda o da bildirilir ki, Hüseynağa Əlixanov belə bir addımlarını atmaqla, deyəsən o, özünü nazir Fikrət Məmmədovun adı ilə sığortalamağa çalışır. Amma, əvf olunmuş və hələlik adlarının açıqlanmasını istəməyən məbusların verdikləri məlumatlara görə, Mədət Quliyevin gedişindən sonra “kalon”ların “bazar”a çevrilməsi, CÇM-də total şəkildə özbaşınalıq, dərəbəylik və qanunsuzluq hökm sürməyə başladı. Eyni zamanda, PX-in rəhbərliyi uğrunda gedən amansız didişmələr və pərdəarxası konfliktlər də, həbsxanalardakı əsas problemləri diqqətdən yayındıra bildi. M.Quliyevin dönəmində həyata keçirilən reformalar, müsbətə doğru atılan addımlar, bu gün çeynənməyə başlanıb. General Hüseynağa Əlixanovun müvəqqəti rəis əvəzi təyin olunması nəticəsində, PX-də baş alıb gedən qanunsuzluqlar, bu gün düz xirtdəyə qədər çatıb. Verilən məlumatlara görə, müəssisə rəhbərləri hər ayın axırında nə edəcəkləri barədə düşünürlər. Mənbə bildirir ki, ədliyyə naziri cənab Fikrət Məmmədovun, ya baş verənlərdən xəbəri yoxdur, ya da ki, o da baş verənlərə göz yummaqdadır.
Etibarlı mənbənin verdiyi başqa bir məlumata görə, təqribən on gün bundan əvvəl cəzaçəkmə müəssisələrinin birində iki nəfər narkotikdən şöka düşərək dünyasını dəyişir. Diqqəti cəlb edən məqamlardan biri də odur ki, görəsən narkotik maddələr cəzaçəkmə müəssisələrinə necə və hansı yollarla keçirilir? Şək-şübhəsiz ki, H.Əlixanovla başlanan bu cür xoşagəlməz problemlər, artıq onun PX-in rəisi vəzifəsinə təsdiq olunmasının təhlükəliliyindən xəbər verir. Bir halda ki, general rütbəsini daşıyan bir şəxs belə bir vəzifəyə təyinat alsın və onun təyinatından sonra da, cavabdehlik daşıdığı sahədə daha acınacaqlı vəziyyət yaransın, bu cür xəbərlər kütləviləşsin, deməli onun təsdiqində müəyyən problemlər də yaşana bilər. Hər halda cənab nazir, belə bir məsələlərdən hansısa formada xəbərdardır.
Cəzaçəkmə müəssisələrinin “bazarkom”u, yaxud da əməliyyat işləri üzrə rəisi əvəzi, eyni zamanda adı qalmaqallı rəis “status”unda daha çox hallanan Mirsaleh Seyidov barəsində, məhbus həyatı yaşayanlar maraqlı iddia da səsləndiriblər. Belə ki, onuncu “kalon”da rəis vəzifəsində çalışarkən bir çox “ilklərə” imza atan Mirsaleh Seyidova, indi də cəzaçəkmə müəssisələrinin “bazarkom”u adını veriblər. Məsələn, Mirsaleh Seyidov Pentensiar Xidmətdə kimin hara təyin olunmasını tənzimləyən əsas fiqur rolunu çox ustalıqla icra etsə də, deyəsən o, bu gün daşıdığı vəzifəsinin nədən ibarət olduğunu unutmaqdadır.
Ən dəhşətli hal odur ki, 15 saylı cəzaçəkmə müəssisəsində on il müddətinə cəzaçəkən və cəzasının doqquz ilini çəkmiş İbrahimov Yusif Mustafa oğlunun yaxınları, bir neçə gün bundan öncə redaksiyamızın əməkdaşına bildirirlər ki, “qohumumuzun azadlığa çıxmasına bir il qalanda, onu adı çəkilən cəzaçəkmə müəssisəsində “zampolit” vəzifəsini daşıyan polkovnik-leytenant Camal müəllim buraxdırmaq fikrinə düşür və Yusif İbrahimova bildirir ki, “4 min manat “haqq-hesab” ver, səni azadlığa buraxdırım”. Onun verdiyi vədə inanan Yusif İbrahimov çox keçmir ki, yaxınlarının vasitəsilə Camal müəllimə 4 min manat pulu çatdırır. Ümumi razılaşmanın beş ay bundan öncə baş tutmasına baxmayaraq, bu gün də Yusif İbrahimov cəzaçəkmə müəssisəsində cəzasını çəkməkdədir. Verilən 4 min manat pulun taleyinə gəlincə isə, onu deyə bilərik ki, Camal müəllim bu günədək həmin pulun 600 manatını geri qaytarsa da, hələ də 3400 manatını qaytarmayıb.
Məhbus Yusif İbrahimovun yaxınlarının etdikləri müraciəti nəzərə alaraq, əməkdaşlarımız 15 saylı cəzaçəkmə müəssisəsinə üz tuturlar və Camal müəllimlə də görüşə bilirlər. Ümumi söhbət zamanı o, ünvanlanan sualları belə cavablandırır “mən Yusif İbrahimova lazım olan köməkliyi göstərdim, ancaq prokurorun verdiyi protes nəticəsində o, yenidən geri qaytarıldı. İndi onun 5-6 ay cəzaçəkmə vaxtı qalıb, ona lazımi köməkliyimi etməyə çalışacağam ki, bu ilin iyun ayında azadlığa çıxa bilsin”. 4 min manat pulla bağlı söz-söhbət müzakirə olunarkən o, birmənalı şəkildə vurğulayır ki, “mən pul almamışam”. Verilən belə bir cavaba baxmayaraq, Yusif İbrahimovun yaxınları israrla bildirirlər ki, “əlbəəl verdiyimiz 4 min manatın 600 manatı qaytarılsa da, 3400 manatı hələ də qaytarılmayıb” deyirlər.
Tərəflər arasında əmələ gələn mübahisəli danışıqlardan sonra, əməkdaşlarımız bir daha 15 saylı cəzaçəkmə müəssisəsinə getməyə məcbur olurlar. Məqsədləri o olur ki, cəzaçəkmə müəssisəsinin rəisi cənab İlyas Səlimovla görüşsünlər və problemin mahiyyətini onunla birlikdə müzakirə etsinlər. Amma, həmin gün cəzaçəkmə müəssisəsində növbətçilik edən müəssisə əməkdaşı “Gündəm Xəbər”in əməkdaşlarına bildirir ki, “mən dediklərinizi cənab rəisə məruzə etdim. O da, Camal müəllimi çağırıb lazımi tapşırığını verdi ki, “get problemini özün yoluna qoy”. Amma, az sonra əməkdaşlarımızla görüşə gələn Camal müəllim bildirir ki, “rəis mənə nəsə deməyib” dedikdə, əməkdaşlarımız olduqca şöka düşürlər. Son anda Camal müəllimin sözü o olur ki, “mən indi Yusif İbrahimovla görüşəcəyəm, yəqin ki, biz bu məsələdə ümumi razılığa gələcəyik və o, əldə etdiyimiz razılıqla bağlı sizi də məlumatlandıracaq”. Həmin vaxtdan üç gün ötsə də, tərəflər arasında hansısa razılaşmanın olub-olmaması barədə məlumat, nə redaksiyamıza, nə də ki, Yusif İbrahimovun yaxınlarına çatdırılmayıb.
Bu gün məhbus İbrahimovun yaxınları onu da bildirirlər ki, “Camal müəllim 3400 manat pulumuzu geri qaytarmasa, o halda aidiyyəti üzrə daha yuxarı instansiyalara müraciətlər edəcəyik”.
Yaşanan problemlə bağlı araşdırmalarımız davam edəcək. Açıqlamada adı çəkilən şəxslərin də, mövqeyini dinləyə bilərik.
Akif Quliyev
GundemXeber.az