Ağıllı düşünənədək dəli vurub çayı keçir... - Səxavət Məmməd yazır

11-08-2022, 14:47           
Ağıllı düşünənədək dəli vurub çayı keçir... -
Qarabağ ətrafında baş verənlər də təxminən belədir. Uzun illərdir Azərbaycan tərəfi düşünərək, hesablayaraq bir şeylər etməyə çalışırdı. Ancaq erməni tərəfi bir addımla, dəliliklə Azərbaycanın gündəmini müəyyən edirdi.
Müharibədən sonra da vəziyyət belə idi. Azərbaycan tərəfi öhdəliklərini yerinə yetirir, lakin qarşı tərəf hər fürsətdə məsələni uzatmağa çalışırdı. Nə yalan deyim, bunu bacarırdılar da.
Son olaraq Azərbaycan tərəfinin xüsusi əməliyyatı, “dəliliyi” hər şeyi alt-üst etdi. Buradakı “dəlilik” düşüncəsiz, ağılsız davranmaq anlamına gəlmir. Təbii ki, hər şey hesablanmışdı, amma bunu etmək üçün dəli cəsarəti lazım idi.
Xüsusi əməliyyatdan sonra açıq şəkildə görünən odur ki, belə də lazım imiş. Erməni cəmiyyətinin gündəmini Azərbaycan müəyyən edir. İllərlə Azərbaycanda “erməniyə işləmək”, “torpaqları satmaq” gündəmdə idi. İndi bunun eynisini Ermənistanda görürük. Dünənə qədər qəhrəman dedikləri insanları satqınçılıq və Azərbaycana işləməklə suçlayırlar.
Azərbaycanı həmişə hücum diplomatiyasına üstünlük verməməkdə ittiham edirdik. Lakin rəsmi Bakı son zamanlar hücum diplomatiyasına keçib. Düzdür, bunu informasiya müharibəsində görə bilmirik. Əslində. xüsusi əməliyyat qarşı tərəfdə elə ab-hava yaradıb ki, informasiya müharibəsindəki zəiflik arxa plana keçib. Ancaq bu o demək deyil ki, Azərbaycan yerində saymalıdır. Əməliyyatın yaratdığı effekt bir müddət sonra səngiyəcək.
Laçının boşaldılması ilə bağlı heç bir problem yaşanmayacaq. Erməni tərəfi, xüsusilə jurnalistlər Zabux kəndində yaşayan ermənilərin oradan köçürülməsi ilə bağlı dil-boğaza qoymurlar. İddialar var ki, həmin ailələrin bir hissəsi Qarabağda yerləşdirilə bilər. Azərbaycan tərəfinin bunu qəbul etməsi yolverilməzdir. Düzdür, ermənilər özləri də bu torpaqlara yaddır, ancaq onların 200 ilə yaxındır məskunlaşdığını nəzərə alsaq, onlara belə bir haqqın tanınması gerçəkçi olar. Məsələ ondadır ki, Laçın rayonunda, xüsusilə Zabux kəndində məskunlaşanlar bu torpaqlara daha yad ünsürlərdir. Çünki onların məskunlaşmasının tarixi maksimum 10-15 il ola, ya olmaya. Niyə yad deyirəm, çünki onlar milliyətcə erməni olsalar da, Suriyadan və Livandan köçürülüblər. Yəni onların hansısa haqq istəməsi nə hüquqi, nə də mənəvi cəhətdən düzgündür.
Bundan sonra əsas baş sındırılacaq məsələ Zəngəzur dəhlizi ilə bağlıdır.
Bundan sonrakı dönəm üçün Azərbaycan tərəfi Qarabağda məskunlaşmaya üstünlük verməlidir. Hətta əməliyyatlar keçirilən zaman əgər işlər dayandırılmırsa, hətta işğaldan azad edilmiş ərazilərə səfərlər əməliyyatlarla paralel davam edirsə, qoyun-quzu yaylaqda otlayıb, arılar çiçək-çiçək bal toplamağa davam edirsə, bu o deməkdir ki, təhlükəsizliklə bağlı Azərbaycan ən azı özünə arxayındır. Ona görə də əhalinin məskunlaşması ilə bağlı işlərə başlamaq lazımdır və vacibatdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.